Lətifbəyov Rza bəy (? – ?) – pedaqoq, yazıçı.
Şəki ş.-də üsuli-cədid məktəbində, Batumda Anxazi məktəbində, Gəncə Ruhani Seminariyasında (1906-09), Göyçayda müsəlman cəmiyyətinin “İqbal” məktəbində (1910), Hacı Zeynalabdin Tağıyevin fabrik məktəbində (1910-14) və rus-Azərbaycan (rus-müsəlman) məktəbində (1915-20) Azərbaycan dilindən və şəriətdən dərs demişdir.
Rza Zaki XX əsrin əvvəllərində bədii yaradıcılıqla məşğul olmuş, “Zavallı Cavad” (1912), “Fədayi-eşq” (1912), “Koroğlu” (1913) romanlarını, “Sultan Ədbülhəmidin xəli” (1913) pyesini yazıb nəşr etdirmişdir. Azərbaycanın istiqlal yazıçısı Seyid Hüseyn Rza Zakinin nəsr əsərlərinin ideya-bədii cəhətdən zəifliyini, xüsusilə Avropa məişətinin Azərb. adət-ənənəsi kimi təsvir olunmasını, xalq ədəbiyyatı nümunələrinin bəsit əksini kəskin surətdə tənqid etmişdir.
Rza Zaki AXC-i dövründə dövlət teatr truppasının inzibatçısı vəzifəsində işləmiş, 1919 il oktyabrın 24-də teatr mövsümü onun nitqi ilə açılmış, sonra İsa bəy Aşurbəyovun tarixi mövzuda “Azərbaycan” pyesinin tamaşası göstərilmişdi. Həmin ildə Rza Zakinin “Sultan Əbdülhəmidin xəli” pyesi də tamaşaya qoyulmuşdu.
Mənbə: Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, Bakı, “Lider nəşriyyat”, 2005, s. 318.