
Məscidi Hüseynov Abduləli tikdirib. Bu məscidin tikilmə tarixi tam dəqiq olmasa da kənd sakini 78 yaşlı İsmayıl kişinin dediklərinə görə, A.Hüseynov XIX əsrin sonlarında yaşamışdır. Məsciddən təxminən 1928 ildən 1966 ilə qədər məktəb binası kimi istifadə edilib. 1966 ildə məktəb yeni binaya köçürüldükdən sonra həmin bina baxımsız hala düşmüşdür. İsmayıl kişi, sovet hakimiyyəti illərində məsciddə olan şəriət kitabları ilə bir çox əlyazmaların götürüldüyünü və geri qaytarılmadığını da qeyd etdi. Bina 1989 ilə qədər bərbad vəziyyətdə qalmışdır. Məscid binası olduğu üçün heç kəs onun bir əşyasına belə toxunmamışdır. 1989-90 illərdə kənd camaatının təşəbbüsü ilə barı və məscidin özülünə toxunmamaq şərtilə bina yenidən əsaslı şəkildə təmir olunmuşdur. Binanın bərpasında kənd sakini A.Əhmədov, İ.Əhmədov, A.Məhərrəmov, A.Salmanov, A.Mustafayev, A.Mirzəliyev və başqaları yaxından iştirak etmiş, maddi və mənəvi dəstəklərini əsirgəməmişlər.
Məscid binasının ümumi sahəsi (18 m x 12 m) 216 kv.m-dir. İbadət zalı 18 m uzunu, 8 m enində 144 kv.m-dir. Bu zalın işıqlı olması üçün binanın q. tərəfdən 2, ön tərəfdən 4 olmaqla 6 pəncərəsi vardır. Bu zala daxil olmaq üçün 2 giriş qapısı vardır. Qapılar qiblə tərəfdəndir. İlk əvvəllər qapıların biri binanın ş.tərəfində, digəri isə q. tərəfində idi. Məktəb binası olduqdan sonra qapılar qiblə tərəfə keçirilmiş, bu gündə həmin formadadır. Məscidin önündə 4 m enində məscid boyu uzanan 6 dəmir dirək üzərində dayaq tutmuş eyvan vardır. Məscidin barısı çiy kərpicdən hörülmüş, divarının qalınlığı 60 sm-dir. Tavanı 5 taxta dirək üzərində dayaq tutmuş, dam örtüyü şiferdəndir.
Məscid bu gün kənd camaatı tərəfindən müqəddəs bir abidə kimi qorunub saxlanılır.
Mənbə: İ.Musayev. “Göyçay rayonundaki dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 45-46