Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı Əli Qafur oğlu Səmədli 1930-cu il sentyabrın 1-də Göyçay rayonunun Mallı Şıxlı kəndində müəllim ailəsində anadan olub.
O, 1948-ci ildə Göyçay şəhərində orta təhsilini başa vurub, Bakı şəhərində İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) teatrşünaslıq fakültəsinə daxil olub. 1953-cü ildə institutu bitirdikdən sonra Pirallahı adasında fəhlə yataqxanasında tərbiyəçi müəllim kimi əmək fəaliyyətinə başlayıb. Sonra İncəsənət Universitetində çalışıb, Azərbaycan SSR Mədəniyyət Nazirliyində inspektor, Respublika kinoprokat idarəsində rəis müavini, Azərbaycan Kinematoqrafçılar İttifaqında sovet incəsənətinin təbliği bürosunun direktoru, «Azərbaycan pioneri» qəzeti redaksiyasında «Ədəbiyyat və incəsənət» şöbəsinin müdiri olmuş, Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsində ədəbi-dram redaksiyasında redaktor işləmişdir. Göyçayda “Arvan” alı kitabxana-muzey açaraq öz şəxsi kitabxanasını (iyirmi mindən artıq kitab), yüzlərlə tarixi-etnoqrafik əşyasını, uzun illər ərzində topladığı xeyli rəssamlıq və heykəltəraşlıq əsərlərini uşaqlara hədiyyə edib.
Əli Səmədlinin ilk müəllimi atası olub. Atası Səmədov Qafur Hacı İmaməli oğlu 50 ildən artıq adlı-sanlı kənd müəlimi olub. Çalışdığı orta məktəb hal-hazırda onun adını daşıyır. Əli Səmədli yaradıcılığa şeirlə başlasa da, ədəbiyyatın bütün janrlarında qələmini sınayıb. Ədəbi yaradıcılığa 1959-cu ilin mayında “Ədəbiyyat və incəsənət” qəzetində çap olunan “Unuda bilmirəm” hekayəsi ilə başlayıb. Dövri mətbuatda müxtəlif janrlarında əsərləri müntəzəm çap olunub.Yazıçının mətbuatda çıxan “Ən böyük yalançı” adlı ilk nağılı “Azərbaycan pioneri” qəzetində dərc edilib. “Aqil babanın nağılları” adlı ilk kitabı isə 1962-ci ildə işıq üzü görüb. Əli Səmədli əsərlərini ən çox uşaqlara maraqlı olan nağıl janrında yazıb və onların sevimli yazıçısı olub.
Uşaq və gənclər ədəbiyyatı sahəsində 55 ildən artıq fəaliyyət göstərmiş Əli Səmədli 40-a yaxın kitabın və 33 səhnə əsərinin müəllifidir. Ayrı-ayrı əsərləri 20-dən artıq xarici dilə tərcümə edilib. Yazıçının nağıl və hekayələri türk, özbək, türkmən, qırğız, belarus, fars, bolqar, macar, polyak, alman, ingilis, hind, əfqan, fransız və başqa xalqların dilinə tərcümə edilərək yayılıb. «Artıq tamah baş yarar», «Hərənin bir ulduzu», «Kibrit çöplərinin macərası» və s. əsərləri respublika dövlət teatrında tamaşaya qoyulmuş və tamaşaçıların böyük maraöına səbəb olmuşdur. “Artıq tamah baş yarar” nağıl-pyesi 1964-1983-cü illərdə A.Şaiq adına Dövlət Kukla Teatrında 1500 dəfə tamaşaya qoyulub. Görkəmli yazıçı Əli Səmədli 2006-cı il may ayının 30-da vəfat etmişdir.
Mənbə: Nağıl dünyasının yolçusu Əli Səmədli: metodik vəsait / F.Köçərli ad. Respublika Uşaq Kitabxanası; tərt.ed. Ruhiyyə Məmmədli; ixt.red. və burax. məsul Şəhla Qəmbərova; red. K. Ağazadə. – Bakı: F. Köçərli ad. Respublika Uşaq Kitabxanası, 2020. – 23 s.