Azərbaycan Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun Komandir müavini – Qərargah rəisi, Vətən müharibəsinin şəhidi.
07.01.1974-cü il Göyçay rayonu Birinci Ərəbcəbirli k. anadan olub. 1980-1991-ci illərdə Göyçay şəhəri 6 nömrəli orta məktəbdə təhsil alıb. O, orta təhsilini başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub.
1993-cü ildə Türkiyənin Respublikasının Ankara şəhərində yerləşən Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olmuş və 1997-ci il 30 avqust tarixində həmin məktəbin motoatıcı ixtisası üzrə məzunu olub. 1997-ci ilin sentyabr ayından 1998 ci il may ayına qədər İstanbulda yerləşən Tuzla Piyadə məktəbində zabit ixtisaslaşma kursunda təhsil alıb. 1998-ci ilin avqust ayına qədər Türkiyə Quru Qoşunlarının Birinci ordusunun N saylı briqadasında motoatıcı tağım komandiri vəzifəsində təcrübə keçib. 1998-ci ilin sentyabr ayından Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin H.Z.Tağıyev qəsəbəsində yerləşən N saylı hərbi hissəsində motoatıcı tağım komandiri, 2000-ci ildə Heydər Əliyev adına Ali Hərbi məktəbə tağım komandiri vəzifəsinə təyin olunub.
2000-2003-cü illərdə Ali Hərbi Məktəbdə tağım və bölük komandiri kimi çalışıb. Tovuzda tağım komandirin müavini və hərbi polisin tərkibindəki xüsusi təyinatlıların komandiri vəzifələrində işləyib. Daha sonra xidmətini müxtəlif hərbi hissələrdə davam etdirib. 2015-ci ildə 1-ci ordu korpusunda əməliyyat bölmə rəisi, 2 il sonra isə eyni yerdə korpus komandirinin müavini vəzifələrinə təyin olunub. 2016-cı ildə Talış kəndi uğrunda gedən ağır döyüşlərdə iştirak edib. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Babək Səmidli 1-ci Ordu Korpusunun Əməliyyat bölməsinin rəisi olub. Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunub.
Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə və Azərbaycanın qorunub saxlanılmasında xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildi.
Səmidli Babək 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsi, Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəkliyin və Murov yüksəkliyinin işğaldan azadedilməsi uğrunda gedən döyüşləri idarə edənlərdən biri olub. O, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya tərəfinin sülhməramlıları və Ermənistan tərəfinin rəsmilərində ibarət qrupun üzvü idi. Qrupun məqsədi döyüş meydanında qalan meyidlərin çıxarılması idi.
Daima ön xətdə olaraq şəxsi heyəti ruhlandırmış və onlarla bərabər döyüşə qatılıb. Döyüş zamanı dəfələrlə həyatını təhlükəyə ataraq 30 nəfərədən artıq yaralını döyüş meydanından çıxararaq həyatını xilas edib. 10 noyabr tarixində qələbə sevincini yaşasa da şəhidlərimizin nəşinin düşmən nəzarətində olan ərazilərdə qalması onu çox narahat edirdi və 2020-ci il 23 noyabr tarixində şəhidlərimizin nəşini almaq üçün danışıqlar apararkən, Suqovuşanda minaya düşərək şəhid olmuşdur. Mina partlaması nəticəsində həmçinin 4 erməni rəsmisi və 1 rus sülhməramlısı da yaralanıb. Şəhid Babək Səmidli 2020-ci il noyabrın 24-də Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Zəfər” ordeni (09.12.2020), “Vətən uğrunda” (15.12.2020), “Suqovuşanın azad olunmasına görə” medalı (29.12.2020) və “Hərbi xidmətlərə görə” medalları və ile təltif edilmişdir.
Ailəlidir. 2 övladı var.
Əd.: http://goychay-ih.gov.az/index.html
http://azhistorymuseum.gov.az/az/news/3351