
Görkəmli alim, tarix elmləri doktoru, professor Məmmədəli Xəlil oğlu Şərifli 1909-cu il mart ayının 20-də Göyçay rayonunun Bığır kəndində anadan olub.
Orta məktəbdə təhsilini başa vurduqdan sonra, 1924-cü ildən 1935-ci ilədək uzun müddət ərzində maarif sahəsində işləmiş, Azərbaycanın bir çox rayonlarında (Göyçay, Qonaqkənd, Şuşa) müəllimlik etmişdir. 1931-ci ildə Ali Pedoqoji İnstitutun tarix fakültəsinə daxil olmuş, 1935-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik illərində fars, ərəb, türk dillərini öyrənmişdir.
1938-ci ildə o, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Tarix İnstitutunda aspiranturaya daxil olmuş, Azərbaycan tarixi üzrə ixtisaslaşmışdır. Aspiranturanı 1941-ci ildə Leninqradda bitirmiş, elə həmin ilin mayında Tarix İnstitutunun elmi əməkdaşı olmuş və burada ömrünün axırınadək fasiləsiz işləmişdir.1944-cü ildə tarix elmləri namizədi alimlik dərəcəsi almış, Ali Attestasiya Komissiyasının (Moskva şəhəri) qərarı ilə “Azərbaycan tarixi” kafedrasının dosenti vəzifəsinə təsdiq edilmişdir. Onun çoxsaylı elmi tədqiqatlarında IX-XIII əsrlərdə Azərbaycan tarixinin əvvəllər az tədqiq olunmuş və ya qətiyyən tədqiq olunmamış məsələləri işıqlandırılmışdır.
1943-1952-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun əvvəlcə direktor müavini, sonra isə direktoru vəzifələrində çalışmışdır. 1952-1969-cu illərdə professor M.X.Şərifli Tarix İnstitutunun “Orta əsrlər tarixi” şöbəsinə rəhbərlik etmişdir. 1941-1958-ci illərdə o, əvəzçilik qaydasında Azərbaycan Dövlət Universitetində, həmçinin Azərbaycan Pedaqoji İnstitutunda Azərbaycan tarixindən dərs demiş və xüsusi kurslar aparmışdır. Professor M.X.Şərifli ölkəmizi xarici dövlətlərdə də layiqincə təmsil etmişdir.1945-1949-cu illərdə “SSRİ-nin Xarici Ölkələrlə Mədəni Əlaqələr Ümumittifaq Cəmiyyəti”nin xətti ilə İranda xüsusi ezamiyyətdə olmuş, Təbriz şəhərində Mədəniyyət Evinin direktoru işləmişdir. Bolqarıstan hökumətinin dəvəti ilə professor M.X.Şərifli 1953-1954-cü illərdə Sofiya Universitetinə ezam edilmiş, orada türk dilində Azərbaycan tarixindən mühazirələr oxumuş, xüsusi kurs aparmış və səmərəli pedaqoji işinə görə Sofiya Universitetinin rektorluğu tərəfindən təşəkkür almışdır.
Qırx illik elmi-tədqiqat fəaliyyəti ərzində professor M.X.Şərifli bir neçə monoqrafiya, 100-dən çox elmi əsər – məqalə, dərs vəsaiti, resenziya çap etdirmişdir.M.X.Şərifli üç cilddə buraxılmış “Azərbaycan tarixi”nin (Bakı, Azərbaycan SSR EA-nın nəşriyyatı) V, VI fəsillərinin müəllifi, II, III, VII fəsillərinin həmmüəllifidir. “Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər)”, “Eldəgizlər” (Azərbaycan SSR EA-nın xəbərləri, “İctimai elmlər” seriyası) kimi fundamental elmi əsərlər onun qələminin məhsuludur. 1965-ci ildə M.X.Şərifli özünün 20 illik elmi-tədqiqat fəaliyyətinin nəticəsi olaraq “IX əsrin ikinci yarısında-XI əsrdə Azərbaycan feodal dövlətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Professor M.X.Şərifli Ərəb xilafətinə qarşı Azərbaycan xalqının mübarizəsi şəraitində Azərbaycan feodal dövlətlərinin – Şirvanşahların, Məzyədilərin, Sacilərin, Salarilərin, Şəddadilərin, Rəvvadilərin, həmçinin Mərənd, Naxçıvan əmirliklərinin yaranmasının və inkişafının ilkin tarixi şərtlərini tədqiq edib. Professor M.X.Şərifli ölkəmizin tarixinin öyrənilməsi, işlənməsi və tədqiqi üçün çoxlu səy göstərib və əmək sərf edib ki, bu da akademiklər Z.M.Bunyadov, Ə.Ə.Əlizadə, Ə.N.Quliyev, Z.İ.İbrahimov, D.Ə.İbrahimov, H.B.Abdullayev, M.A.İsmayılov və başqaları tərəfindən verilmiş çoxsaylı rəy və resenziyalarda öz əksini tapıb. Fars, ərəb, rus və türk dillərini sərbəst bilən M.X.Şərifli bir çox alimlərlə əməkdaşlıq edir, o cümlədən Kembric Universitetinin professoru V.F.Minorski ilə elmi yazışma aparırdı. 1965-ci ildə M.X.Şərifli özünün 20 illik elmi-tədqiqat fəaliyyətinin nəticəsi olaraq “IX əsrin ikinci yarısında-XI əsrdə Azərbaycan feodal dövlətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Onun fundamental tədqiqat əsəri – “IX əsrin ikinci yarısında – XI əsrdə Azərbaycan feodal dövlətləri” monoqrafiyası (Bakı, “Elm” nəşriyyatı, 36 çap vərəqi, 344 səhifə) ilk dəfə 1978-ci ildə Azərbaycan dilində işıq üzü görmüşdür.
Görkəmli alim, pedaqoq və elm təşkilatçısı, professor M.X.Şərifli 1969-cu il sentyabrın 5-də vəfat edib və vəsiyyətinə uyğun olaraq doğma vətəni Göyçayda dəfn edilib. Bakı şəhərinin küçələrindən birinə onun adı verilib, Bakıda yaşadığı evin divarına xatirə lövhəsi vurulub.
Mənbə: AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun rəsmi internet səhifəsi //http://tarixinstitutu.az/directors/view/57