(1.9.1930, Göyçay r-nunun Mallı-Şıxlı k. – 30.5.2006) – yazıçı, AYB-nin üzvü (1974), Azərb. Jurnalistlər Birliyinin üzvü (1962), Teatr Xadimləri Birliyinin üzvü (1957).
O, 1948 ildə Göyçay ş. orta təhsilini başa vurub, M.Əliyev adına İncəsənət İnstitutunun (indiki ADMİU) Teatrşünaslıq fakültəsinə daxil olub. 1953 ildə institutu bitirdikdən sonra Pirallahı adasında fəhlə yataqxanasında tərbiyəçi müəllim kimi əmək fəaliyyətinə başlayıb. Sonra İncəsənət Universitetində çalışıb, Azərb. SSR Mədəniyyət Nazirliyində inspektor, Respublika Kinoprokat İdarəsində rəis müavini, Azərb. Kinematoqrafçılar İttifaqında sovet incəsənətinin təbliği bürosunun direktoru, “Azərbaycan pioneri” qəzeti redaksiyasında “Ədəbiyyat və incəsənət” şöbəsinin müdiri olmuş (1954-73), Azərb. Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram redaksiyasında redaktor (1973-87) işləmişdir. Göyçayda “Arvan” alı kitabxana-muzey açaraq öz şəxsi kitabxanasını (iyirmi mindən artıq kitab), yüzlərlə tarixi-etnoqrafik əşyasını, uzun illər ərzində topladığı xeyli rəssamlıq və heykəltəraşlıq əsərlərini uşaqlara hədiyyə edib.
Səmədlinin ilk müəllimi atası olub. Atası Səmədov Qafur Hacı İmaməli oğlu 50 ildən artıq adlı-sanlı kənd müəllimi olub. Çalışdığı orta məktəb hazırda onun adını daşıyır. Səmədli yaradıcılığa şeirlə başlasa da, ədəbiyyatın bütün janrlarında qələmini sınayıb. Ədəbi yaradıcılığa 1959 ilin mayında “Ədəbiyyat və incəsənət” qəzetində çap olunan “Unuda bilmirəm” hekayəsi ilə başlayıb. Dövri mətbuatda müxtəlif janrlarda əsərləri müntəzəm çap olunub. Yazıçının mətbuatda çıxan “Ən böyük yalançı” adlı ilk nağılı “Azərbaycan pioneri” qəzetində dərc edilib. “Aqil babanın nağılları” adlı ilk kitabı isə 1962 ildə işıq üzü görüb. Səmədli əsərlərini ən çox uşaqlara maraqlı olan nağıl janrında yazıb və onların sevimli yazıçısı olub.
Uşaq və gənclər ədəbiyyatı sahəsində 55 ildən artıq fəaliyyət göstərmiş Səmədli 40-a yaxın kitabın və 33 səhnə əsərinin müəllifidir. Ayrı-ayrı əsərləri 20-dən artıq xarici dilə tərcümə edilib. Yazıçının nağıl və hekayələri türk, özbək, türkmən, qırğız, belarus, fars, bolqar, macar, polyak, alman, ingilis, hind, əfqan, fransız və başqa xalqların dilinə tərcümə edilərək yayılıb. “Artıq tamah baş yarar”, “Hərənin bir ulduzu”, “Kibrit çöplərinin macərası” və s. əsərləri respublika dövlət teatrında tamaşaya qoyulmuş və tamaşaçıların böyük marağına səbəb olmuşdur. “Artıq tamah baş yarar” nağıl-pyesi 1964-83 illərdə A.Şaiq adına Dövlət Kukla Teatrında 1500 dəfə tamaşaya qoyulub.
Mənbə: “Nağıl dünyasının yolçusu Əli Səmədli: metodik vəsait”/F.Köçərli ad. Respublika Uşaq Kitabxanası; tərt. ed. Ruhiyyə Məmmədli; ixt. red. və burax. məsul Şəhla Qəmbərova; red. K.Ağazadə. Bakı, F.Köçərli ad. Respublika Uşaq Kitabxanası, 2020, s.23
T.Əhmədov. “Azərbaycan yazıçıları (XX–XXI yüzillikdə). Ensiklopedik məlumat kitabı”. Bakı, “Nurlar”, 2011, s.274.