(7.1.1974, Göyçay ş. – 23.11.2020, Tərtər r-nunun Suqovuşan qəs.) – polkovnik, AR Silahlı Qüvvələrinin Birinci Ordu Korpusunun komandir müavini – Vətən müharibəsi şəhidi.
B.Səmidli 2020 ilin sentyabr ayında başlayan Vətən müharibəsində Tərtər r-nunun Suqovuşan qəs., Talış k. ətrafındakı bir neçə əlverişli yüksəkliyin və Murov yüksəkliyinin işğaldan azad edilməsi uğrunda gedən döyüşləri idarə edənlərdən biri olmuşdur.
Səmidli 1980 ildə Göyçay ş. 6 saylı orta məktəbə daxil olmuş və 1991 ildə həmin orta məktəbi bitirmişdir. 1993 ildə Türkiyə Resp. Ankara ş.-də yerləşən Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olub və 1997 il 30 avqust tarixində oradan motoatıcı ixtisası üzrə məzun olmuşdur. 1997 ilin sentyabr – 1998 ilin may ayına qədər İstanbulda yerləşən Tuzla Piyada Məktəbində zabit ixtisaslaşma kursunda təhsil almışdır. 1998 ilin avqust ayına qədər Türkiyə Quru Qoşunlarının Birinci Ordusunun “N” saylı briqadasında motoatıcı taqım komandiri vəzifəsində təcrübə keçmişdir. 1998 ilin sentyabr ayından AR Silahlı Qüvvələrinin H.Z.Tağıyev qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində motoatıcı taqım komandiri vəzifəsinə təyin olunmuşdur. Hərbi hissədə xidmət etdiyi müddətdə fərqləndiyi üçün 2000 ildə H.Əliyev adına Ali Hərbi Məktəbə taqım komandiri vəzifəsinə təyin olunmuşdur. 2003 ilə qədər Ali Hərbi Məktəbdə taqım və bölük komandiri olaraq xidmət etmiş və Azərb.-da gələcək zabitlərin hazırlanmasna öz töhfəsini vermişdir. Bu dövrdən bir sıra hərbi hissələrdə nümunəvi xidmət etmişdir. 2015 ildə Birinci Ordu Korpusunda korpusun əməliyyat bölmə rəisi vəzifəsinə təyin olunmuşdur. Daha sonra Birinci Ordu Korpusunda maddi texniki təminat bölməsinin baş zabiti olaraq xidmət etmişdir. 2016 ildə aprel döyüşlərində Talış k. istiqamətində döyüşlərdə əməliyyat rəhbəri olaraq iştirak etmişdir. Bu döyüşlər zamanı sağ dizindən qəlpə yarası alaraq qazi olmuş və cərrahi əməliyyata məruz qalmışdır.
2017 ildə Birinci Ordu Korpusu komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifəsinə təyin edilmişdir. 27 sentyabr 2020 il tarixində işğal edilmiş torpaqlarımızın azad olunması üçün Vətən müharibəsi başladıqda ön xətdə döyüş tapşırıqlarının yerinə yetirilməsində birbaşa iştirak etmişdir. Talış k.-nin və Suqovuşanın azad edilməsində fədakarlıqla iştirak etmişdir. Daim ön xətdə olaraq şəxsi heyəti ruhlandırmış və onlarla bərabər döyüşə qatılmışdır. Döyüş zamanı dəfələrlə həyatını təhlükəyə ataraq 30 nəfərdən artıq yaralını döyüş meydanından çıxararaq həyatını xilas etmişdir. Ümumi qələbəyə böyük töhfə vermişdir. 10 noyabr tarixində Qələbə sevincini yaşasa da, düşmən nəzarətində olan ərazilərdə şəhidlərimizin nəşinin qalması onu çox narahat edirdi və 23 noyabr tarixində şəhidlərimizin nəşini almaq üçün danışıqlar apararkən Suqovuşanda minaya düşərək şəhid olmuşdur. Beynəlxalq Qırmızı Xaç Komitəsi, Rusiya sülhməramlıları və Ermənistan tərəfinin rəsmilərindən ibarət qrupun üzvü olub. Polkovnik Səmidli şəhid olaraq noyabrın 24-də Göyçay Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Polkovnik Səmidli 25 ildən artıq xidməti müddətində hər bir vəzifədə hərbi biliyi, intizamı, bacarığı, nümunəvi xidməti və Vətənə olan sevgisi ilə fərqlənmişdir. Xidməti dövründə bir çox medal və ordenlərlə təltif olunmuş, ölümündən sonra Azərb. Resp. Prezidentinin sərəncamı ilə “Zəfər” ordeni (9.12.2020), “Vətən uğrunda” (15.12.2020), “Suqovuşanın azad olunmasına görə” (29.12.2020) medalları ilə təltif edilmişdir.
Məlumat B.Səmidlinin atasından alınmışdır.