Səfərov Saleh Səfər oğlu (1898, Dağıstan, Axtı r-nunun Maza k. – ?) – din xadimi.
Atası Səfər böyük islam alimi olmuşdur. İlk təhsilini 3-4 yaşında ikən atasından alan Saleh Əfəndi ərəb əlifbasını öyrənmişdir. Beş yaşında ikən Quran oxumağı bacaran Saleh Əfəndi atası və qardaşları ilə birlikdə uşaqlıqdan namaz qılırdı. Oğlu Cavid Əfəndinin dediklərinə görə, atasıgil köçəri olduğuna görə yayda yaylağa, yəni Maza k.-nə, qışda arana köçərdilər. 6 yaşında atasını itirən Saleh Əfəndini bir müddət keçdikdən sonra qardaşları Ağdaş r-nunda bir mollanın yanına aparıb xahiş edirlər ki, təhsilini davam etdirmək üçün ona kömək etsin. Saleh Əfəndi 10 yaşında ikən Ağdaş r-nunun Ağceyiz k.-də yaşayırdı. Bu vaxt k.-in mollası rəhmətə getmişdir.
Kənd camaatının istəyi ilə Saleh Əfəndi 10 yaşında həmin k.-də mollalıq edir və 120 nəfərə oxuma-yazma öyrədirdi. İnsanlara gündüzlər elm öyrədən Saleh Əfəndi gecələr yatmaz, qalın kitabları qarşısına qoyaraq islam tarixini, ərəb dilini, fiqh elmini öyrənərək islamın dərinliklərinə enib, onun incəliklərini kəşf edir. Bəzi vaxtlarda isə Füzuli sayağı şeirlər də yazardı. Sovet hakimiyyəti qurulan bir çox yerlərdə məscidlər bağlandı, oxumuş adamlar sürgün edildi, güllələndi. İslam dini dövlət tərəfindən təqib olunmağa başlandı. Casuslar onun izinə düşdülər. Dost-tanışlarının məsləhəti ilə bir müddət Dağıstana qayıdan Saleh Əfəndini orada da rahat yaşamağa qoymadılar. 1932 ildə qardaşı Sədrəddini sürgün etdilər. 1936 ildə kolxoz qurulduqdan sonra Saleh Əfəndinin mal-qarası, əkin yerləri əlindən alındı. Onu camaat arasında hörmətdən salmağa çalışırdılar. Ağ dananın əkinə girməsi bəhanəsi ilə Saleh Əfəndi cərimə olundu. Bu hadisədən sonra Saleh Əfəndi “Ağ dana” adlı bir şeir yazdı. Həmin şeirdən sonra Saleh Əfəndinin ərəb, Azərbaycan və ləzgi dillərində yazdığı şeirlər dəftəri yoxa çıxdı.
1941 ilin iyul ayında kolxoz sisteminə qarşı gələn, islam dinini müdafiə edən bir Əfəndi kimi r-n prokurorluğunda istintaqa məruz qaldı. Güllələnmədən öncə son istək olaraq yaşlı anasına Azərbaycandan neft, duz gətirmək üçün 3 gün icazə almış, dağı aşmış və bir daha geri qayıtmamışdır.
1959 ildə Göyçay ruhanilərinin tələbinə görə Göyçay r-n Yuxarı məscidinə (Əbülfəz-lil Abbas məscidi) imam təyin olundu və 7 r-nun (Göyçay, Ucar, Qəbələ, Zərdab, Kürdəmir, İsmayıllı və Ağdaş) qazisi idi.
Qardaşı Hümmət müəllimdən eşitdiyi ata vəsiyyətini Hacı Cavid Əfəndi belə dilə gətirdi: “Qəbrimin üstünü qaldırmayın. İnsan abidəsini sağlığında ürəklərdə qoyub gedə bilməmişsə, demək, yaşamadı. Qəbirlərdən abidələr olmaz. Cəsədlər torpağa tapşırıldıqda insanlığın ruhlar qarşısındakı borcu icra edilmiş olur”.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, “İpəkyolu”, 2014, s. 80-82.