Mir Sədi Seyid Müslüm oğlu (1908 – 1954, Göyçay ş.) – ötən əsrin ortalarında Göyçayın tanınmış din xadimi, Göyçay Əbülfəzlil Abbas məscidinin axundu.
Nəsil şəcərəsi VII İmam Musa Kazım əleyhissalam vasitəsilə Həzrəti Peyğəmbərimizə qədər gedib çıxır. Mir Sədi ağa 1937-53 illərdə Göyçay r-n Dövlət Taxıl Tədarükü İdarəsinin müdiri vəzifəsində çalışıb. Səxavəti, əliaçıqlığı və comərdliyi ilə insanlığa nümunə olan Seyid Mir Sədi müharibəyə gedən qohum-əqrəba uşaqlarının, həmçinin Göyçayın bütün kasıb və yetim uşaqlarının ümid yerinə çevrilmişdi. O, aclığın tüğyan etdiyi müharibə illərində və müharibədən sonrakı dövrdə bir çox başsız ailələrin sağ qalması üçün əlindən gələni əsirgəməyib.
Sovetlər dönəmində hər yerdə olduğu kimi, Göyçayda da məscidi möminlərin üzünə bağlamışdılar. Bu azmış kimi, 1942 ildə xəbər yayılmışdı ki, məscidi kazarma edirlər, sabahdan sovet əsgərləri oraya yerləşdiriləcəklər. Bu xəbər Mir Sədi ağaya çatanda o, məscidin binasını tədarük idarəsi üçün taxıl anbarı adı ilə alır və bununla da binanı rus əsgərləri üçün kazarma olmaqdan müvəqqəti də olsa xilas edir. O zamanlar Göyçay qəz.-da yeganə olan bu məscid 1902 ildə bişmiş kərpicdən tikilib. Bura istifadə olunan 124 min kərpici Mir Sədi ağanın atası və əmiləri – üç qardaş – Seyid Müslüm, Seyid Mirsahib və Seyid Əşrəf alıb veriblər. 1953 ildə Seyid məscidi yenidən möminlərin ixtiyarına verə bildi. Tabeliyində olan müddətdə o, məscidin torpaq döşəməsini taxta ilə əvəzləmiş, minarəni təmir etdirmiş və ora çıxmaq üçün pilləkən tikdirmiş, pəncərələrə içəridən əlavə taxta pəncərələr düzəltdirmiş, həyətdə dəstəmazxana tikdirmiş, həyət qapısına taxta darvaza bağlatdırmış, daimi su ehtiyatı olmaq üçün yerdən hovuz qazdırıb, içərisini betonlatdırmışdı.
Məlumat V.Abdullayevdən alınıb.