or., mür. Azərb.-da düzənlik. Kür-Araz ovalığının Kür çayından sol tərəfdə, Mingəçevir su anbarı ilə Xəzər dənizi arasında yerləşən hissəsidir. Şirvan düzündə Əli Bayramlı, Hacıqabul, Kürdəmir, Göyçay, Ucar, Ağdaş, r-nları yerləşir. Keçmişdə Şirvan adı altında Azərb.-ın bütün şərq hissəsi, yəni Şirvan düzü, Qobustan, Abşeron yarımadası və Şimal-Şərqi Azərb. nəzərdə tutulurdu. Hazırda isə “Şirvan“ anlayışı Şirvan düzü, Ağsu, Şamaxı r-nlarını əhatə edir. Düz Şirvan əyalətinin adı ilə adlanmışdır. Şirvan – tarixi ərazi vahidi kimi Kür çayı ilə Şabran, Xəzər dənizi ilə Qəbələ arasındakı ərazidən ibarətdir. Orta əsr mənbələrində ölkə də adlanmışdır. İlk dəfə VII əsr erməni mənbələrində Albaniyada Sasani mərzbanlarının idarə etdiyi 11 əyalətdən birinin də Şirvan olması göstərilmişdir. Şirvanşahlar dövləti Şirvan ərazisində yaranmışdı. Şirvanşahlar dövlətinə son qoyan (1538) Səfəvilərin yaratdıqları inzibati ərazi vahidlərindən biri də Şirvan bəylərbəyliyi idi. XVIII əsrin ortalarında yaranmış xanlıqlardan biri Şirvan ərazisini əhatə edən Şamaxı xanlığı olmuşdur.
Şirvan toponiminin arealı genişdir. Azərb.-da Axtaçı Şirvan (Sabirabad r-nu), Şirvanlı (Ağdam, Bərdə, Oğuz r-nları), Şirvanmeşə (İsmayıllı r-nu), Şirvanovka (Qusar r-nu), Cənubi Azərb.-da Şirvanadeh, Şirvanşahlı, Şirvanşahlı Əliya, Siran, Şiran adlı kəndlər, Türkmənistanda Şirvan, Şirvanqala, Türkiyədə Şirvan, Şirvan Mazik yaşayış məntəqələri var. XIX əsrdə Quba qəzasında Şirvanşalı, Zəngəzur qəzasında Şirvanşahlı, Dağıstanda Şirvanlar, İrəvan quberniyasında isə Şirvancuq adlı kəndlər mövcud idi. Orta əsr müəllifləri Xorasanda da Şirvan adlı tarixi ərazinin olduğunu göstərirdilər. Bəzi müəlliflərin fikrincə, Şirvan əvvəllər bir şəhərin adı olmuş, sonralar bu ad tarixi vilayətə və düzə aid edilmişdir. IX–XIII əsr ərəb müəlliflərinin əsərlərində Şabran və Şamaxı ş.-lərinin arasında Şirvan ş.-nin adı da qeyd olunmuşdur. Şirvan adı yalnız Sasanilər dövründən başlayaraq çəkilir. Ərəb mənbələrində Şirvan, fars mənbələrində Şervan, Suriya mənbələrində Sirvan, Parfiya dövrünə aid Zərdüşt məbədinin kitabəsində Siran və ya Sauran variantında təsadüf edilməsi adın Sasanilərdən çox əvvəl mövcud olduğunu göstərir.
VII əsrə aid tarixi-coğrafi mənbədə Qafqaz Albaniyasında yaşayan xəzər, alan, naxçimatyan, hun, hel, ijamax, bakan, maskut və b. tayfalarla yanaşı, şirvanların da adı çəkilir. Ehtimal edilir ki, mənbədə qeyd olunan şirvanlar əhalinin qan qohumluğuna əsaslanan etnik birliyinə deyil, ərazi birliyinə verilən ümumi addır. Tədqiqatçıların fikrincə, Şirvan toponimi şir, yaxud şar (Şarvan, Şaran variantlarına əsasən) tayfasının adı ilə bağlıdır, van komponenti isə məkan bildirən sonluqdur. Xalq etimologiyasına görə, toponim “şirlər diyarı” kimi yozulur. Sasani hökmdarı Ənuşirəvanın adı ilə əlaqələndirilir. Tarixən Şirvan adlanan böyük bir ərazidə 50-dən artıq şor gölün qeydə alınması faktı Şirvan toponiminin “şor göllər” kimi izah olunmasına əsas verir. Şirvan əhalisi indi də şoranlaşmış sahələrə şirə deyir.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 220.