Əhmədli Südabə Əsgər qızı (10.4.1962, Göyçay ş.) – yazıçı-jurnalist-publisist, Prezident mükafatçısı (2009), AYB-nin (2004) və AJB-nin (1999) üzvü.
1982 ildə ADPU-nun Filologiya fakültəsini bitirib. Bir müddət Göyçay ş. 7 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. Eyni zamanda r-da çıxan “Yeni həyat” qəzetinin əməkdaşı və r-n Gənc Müəllimlər Şurasının sədri olub. 1996 ildən Bakıda “Hürriyyət”, “525-ci qəzet”, “Respublika”, “Ekspress” qəzetlərində köşə yazarı kimi fəaliyyət göstərib. Yüzlərlə publisistik məqalələri, dəyərli şəxsiyyətlərdən götürdüyü müsahibələri, mənəviyyatla bağlı yazıları oxucular tərəfindən yüksək bəyənilib. 2003-05 ilə qədər Azərb. Dövlət Radiosunda “Qərib axşamlar” proqramında ssenarist-redaktor kimi həm Azərb.-da, həm də dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın həyatı haqqında verilişlər hazırlayıb. 2005-10 illərdə İctimai Televiziyanın Ədəbi Verilişlər redaksiyasında ssenarist-redaktor kimi ədəbi verilişlər hazırlayıb.
O, 2010 ildə ANS TV Şirkətlər Qrupuna ölkədə çox populyar olan “EL” jurnalına şef-redaktor kimi dəvət olunub. Onlarla elmi-publisitik məqaləsi, yüzlərlə araşdırıcı yazısı, monoqrafiyaları var. AYB-nin yaranmasının 75 illiyi münasibətilə 30 dəqiqəlik filmin ssenari müəllifi və redaktorudur. Film İctimai Televiziyanın fondunda saxlanılır.
Südabə Sərvinin “Döz görüm” adlı ilk şeirlər kitabı 2003 ildə çap edilib. Daha sonra bəstəkar E.Sabitoğlu haqqında “Bu dənizin gözü yaşlı sənsiz”, Azərb. Mədəniyyət Nazirliyinin və AYB-nin təşəbbüsü ilə türk dünyasının böyük yazarı Ç.Aytmatov haqqında “Mən Manasın oğluyam” (2008), “Bəstəkar Qara Qarayev” haqqında (2011), Xalq yazıçısı Anarın həyat və yaradıcılığı haqqında “Anar fenomeni” (2013) publisistik, Qarabağ-Xocalı faciəsinə həsr olunan “Alyoşa əfsanəsi” (2014), şəhid Milli Qəhrəman Çingiz Babayev haqqında “Əfsanəvi qəhrəman” (2015) sənədli kitablarının müəllifidir. “Mən Manasın oğluyam” kitabı qırğız, rus, ingilis dillərinə tərcümə olunub və 17 ölkədə təqdimatı keçirilib.
O, 2011 ildə Qırğızıstan Prezident Aparatı və Bişkekdəki “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək fondu”nun prezidenti Nüsrət Məmmədov tərəfindən Qırğızıstana dəvət olunub. Südabə Sərvinin vətənpərvərlik mövzusunda onlarla şeirləri, məqalələri, hekayələri var.
Hazırda müəllifin “Bir damla ümid” adlı ikinci şeirlər kitabı, eləcə də 44 günlük Zəfər savaşı haqqında “Maştağa şəhidləri” poeması, Birinci Qarabağ müharibəsi mövzusunda “Barıt qoxusu”, erməni quldurlarının keçən əsrin əvvəllərində Şamaxıda və digər bölgələrdə etdiyi soyqırımla bağlı “Ağrıların kölgəsi” adlı tarixi-sənədli və detektiv janrda “Müəmmalı qətl” romanları çap üçün hazırlanır.
2010 və 2014 illərdə Azərb. Dövlət Sərhəd Xidmətinin təşkil etdiyi vətənpərvərliklə bağlı hekayə müsabiqəsində Südabə Sərvinin “Mənim əsgərim” və “Qorxmaz” hekayələri xüsusi mükafata və Fəxri diplomlara layiq görülüb. “Qızıl qələm” (2005), “Cəsarətli jurnalist” (2011), Rəsul Rza diplomu (2014) və “Heydər zirvəsi” (2013) mükafatçısıdır.
Südabə Sərvi 2022 il sentyabrın 8-10-da Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Xan qızı Natəvanın 190 illiyi münasibətilə azad olunmuş Şuşada keçirilən “Məclisi-üns” tədbirinin iştirakçısı olub.
Məlumat S.Sərvidən alınıb.