(27.1.1980, Göyçay ş.) – Azərb. Resp. Silahlı Qüvvələrinin NATO-nun Strateji Komandanlığında Milli Hərbi Nümayəndəsi, polkovnik-leytenant.
Orta məktəbi başa vurduqdan sonra Türkiyə Quru Qoşunları hərbi litseyini və Ali Hərbi Məktəbini (1995-2003) bitirib. Bundan sonra hərbi sahədə təhsilini davam etdirmiş, Motoatıcı məktəbi (Türkiyə, 2003-04), bir sıra kursları, o cümlədən Gənc zabitlər üçün qərargah kursunu (Litva, 2006), Komanda qərargah kursunu (Estoniya, 2008), Taborun Qərargah rəisi kursunu (Azərb., 2010), Tabor komandiri kursunu (Azərb., 2011) bitirmiş, ABŞ Hərbi Akademiyasında (2014) kurs keçmişdir. Nəhayət 2014 ildə ABŞ-ın Mərkəzi Miçiqan Universitetində İnzibati idarəetmə ixtisası üzrə Magistr dərəcəsi alıb. Şükürov Azərb. Ordusunda Motoatıcı taqım komandiri (2004-06), Motoatıcı bölük komandiri (2006-08), Motoatıcıbriqadanın əməliyyat bölmə rəisinin baş köməkçisi (2008-10), Taborun qərargah rəisi (2010-12), Tabor komandirinin müavini (2012-14), Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Standartlaşdırma, Təlim və Treninq bölməsinin baş zabiti (2015-16), həmin bölmənin rəisi (2016) vəzifəsində çalışıb.
Hazırda Azərb. SQ-nin NATO-nun hər iki Strateji Komandanlığında (Müttəfiq Əməliyyatlar Komandanlığı və Müttəfiq Transformasiya Komandanlığı) Milli Hərbi Nümayəndəsidir. Şükürov ”Hərbi xidmətə görə”medalı (2007), “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi yubileyi” medalı (2008), ”Qüsursuz xidmətə görə 3-cü dərəcəli”medalı (2010), ”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illik yubileyi” medalı (2015), ”Qüsursuz xidmətə görə 2-ci dərəcəli” (2015) medalı ilə təltif olunub.
Mənbə: Aqil Kəngərli. “Bir məktəbin tarixi”kitabı. Bakı, 2018