(21.06.1940, Göyçay, Hacalı kəndi) – ictimai-siyasi xadim, millət vəkili (2010-20), Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, iş adamı.
E.Süleymanov 1953 ildə Hacalı k.-də 7 illik təhsilini başa vurduqdan sonra Göyçay Pedaqoji Texnikumunun ibtidai məktəb müəllimliyi fakültəsinə daxil olmuş, 1958 ildə həmin texnikumda təhsilini başa çatdırmışdır. 1958-61 illərdə Göyçay r-nunun Çaxırlı k. məktəbinin müəllimi işləyib. 1961-66 illərdə Azərb. Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsində təhsilini davam etdirmiş, ali təhsil aldığı dövrdə eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olmuş, Bakının 7 və 25 saylı orta məktəblərində kitabxana müdiri, pioner dəstə rəhbəri, müəllim işləmişdir.
E.Süleymanov 1966 ildə Resp. Həmkarlar İttifaqı Yeyinti Sənayesi İşçilərinin Həmkarlar Komitəsinin Fioletov adına klubuna direktor təyin edilmiş və 1979 ilə qədər həmin vəzifədə çalışmışdır. Eyni zamandaYeyinti Sənayesi İşçilərinin Həmkarlar Komitəsinin partiya təşkilatının katibi olmuşdur. 1981-82 illərdə Yazıçılar İttifaqının Şüvəlandakı Yazıçılar Evinin direktoru, 1982-85 illərdə Mədəniyyət Nazirliyi nəzdində “Azərattraksion”un baş direktoru işləmiş, 1985-89 illərdə isə “Nizami” kinoteatrının direktoru vəzifəsində fəaliyyətini davam etdirmişdir. Onun təşəbbüsü və səyi ilə Nizami kinoteatrı SSRİ büdcəsindən maliyyələşdirilməklə ilk dəfə əsaslı təmir edilərək müasir avadanlıqla təmin olunmuş və milli mədəniyyətə uyğun görkəm almışdır.
E.Süleymanov 1990-98 illər ərzində Rusiya-Amerika Universitetinin Azərbaycan bölməsinin baş direktoru vəzifəsində işləyərkən Universitetin uğurlu fəaliyyətindən yararlanıb ölkə miqyasında əhalinin ərzaq təminatına öz töhfəsini vermişdir. 1990-93 illərdə Azərb. yüz min tondan çox qənd, şəkər tozu, taxıl, taxıl məhsulları və digər bir çox çeşidli ərzaq mallarının gətirilməsini təmin etmişdir.
O, 1990-94 illərdə müharibə zamanı cəbhə xəttinə, döyüşlərdə iştirak edən, ordu hissələrindəki döyüşçülərə, müharibədən zərər çəkmiş əhaliyə müntəzəm olaraq külli miqdarda müxtəlif ərzaq və geyim ləvazimatları göndərmiş, geniş miqyaslı xeyriyyəçilik işləri görmüşdür. Bu sırada şəhid olmuş təqribən 50 DİN əməkdaşı ailəsinə 2 il ərzində mütəmadi yardım edilməsini, Ermənistan əsirliyinə düşmüş I Qarabağ müharibəsi qazisi Nəbiyev Əlirza Əjdər oğluna Göyçay ş. Nizami küçəsində evin alınıb bağışlanmasını qeyd etmək olar.
E.Süleymanov, babası Hacı Rəhim Əfəndi tərəfindən 1891 ildə Qaraman k.-də inşa edilmiş, Göyçay qəz.-da yeganə məscid olan, sovet dövründə bərbad hala salınan, hal-hazırda Azərb.-nın mədəni abidələrindən biri kimi tanınan, Qaraman k. Hacı Rəhim Əfəndi məscidini 1991 ildə yenidən əsaslı şəkildə bərpa etdirib.
1992-98 illərdə Göyçay r. məktəblərində təhsil alan 150-dən çox əlaçı şagirdi hər ay ödəmək şərtilə təqaüdlə təmin etmişdir.
E.Süleymanov 2004 ildə Ulu Öndər Heydər Əliyevin tövsiyəsi ilə yaradılmış Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasını (AVCİYA) təsis edərək onun prezidenti vəzifəsində fəaliyyətə başlamışdır. 20-yə yaxın QHT-ni özündə birləşdirən bu Assosiasiya fəaliyyət göstərdiyi 20 ilə yaxın müddət ərzində ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı, Azərb. torpaqlarının işğaldan azad edilməsi, Azərb.-nın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, qondarma siyasi məhbus probleminin həlli istiqamətində bir çox beynəlxalq və respub səviyyəli tədbirlər həyata keçirmiş, mühüm layihələr icra etmiş, yüzlərlə kitab nəşr edərək, dünyanın nüfuzlu təşkilatlarına, dövlət orqanlarına və elm mərkəzlərinə göndərmişdir.
AVCİYA Qarabağ mövzusunu daim diqqət mərkəzində saxlamış, bir neçə xarici dildə “Qarabağın səsi” qəzetini çap edərək, xarici ölkələrin dövlət orqanlarına, kitabxanalara, parlametntlərə və ictimai təşkilatlara göndərmiş, Xocalı soyqırımına həsr edilmiş “Xocalı soyqırımı”, “Xocalı soyqırımı: milyon imza-bir tələb”, “Şuşa – qədim Azərbaycan diyarı”, “Bir faciə haqqında iki fotosöhbət”, “Tarixi faktlar erməni miflərinə qarşı” toplularını nəşr edərək ABŞ və Avropa dövlətlərinin parlamentlərinə, dünyanın məşhur kitabxanalarına göndərmişdir. AVCİYA-nın “Xocalı soyqırımı: milyon imza-bir tələb” layihəsi çərçivəsində bir mln Azərb. vətəndaşının imzası toplanaraq kitab halında nəşr edilmiş, böyük dövlətlərin parlamentlərinə təqdim olunmuşdur. Xocalı faciəsi şahidlərinin ifadələri toplanmış və Azərb., ingilis, rus dillərində dərc etdirilmişdir.
E.Süleymanovun və iqtisad e.d. V.Süleymanovun müəllifi olduğu “Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalın ağır nəticələri” kitabında ilk dəfə olaraq elmi təhlillər nəticəsində işğal nəticəsində Azərb.a dəyən maddi zərərin 431,536 milyard ABŞ dolları təşkil etdiyini sübut edərək, Azərb.-nın bu zərərə görə Ermənistandan təzminat alma hüququnun Dağlıq Qarabağ probleminin nizamlanmasında vacib aspektlərdən biri olduğunu irəli sürüblər.
Elxan Süleymanovun təşəbbüsü və rəhbərliyi ilə “Şamaxı soyqırımı – 1918. SHAMAKHİ GENOCİDE 1918.” (Azərb. və ingilis dillərində); “Şamaxı qırmızı terrorun hədəfində. 1930-1940-cı illər represiyaları. (Azərb. və ingilis dillərində); “Şamaxı ensiklopediyası”; “Sərsəng SOS: təhlükə altında qalan tarix və mədəniyyət abidələri. (Azərb., ingilis, fransız dillərində); “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi. Göyçay döyüşləri (iyun-iyul 1918); “ Göyçay döyüşləri -Türkiyə tarixşünaslığında”; “Göyçay tarixi” və s. kitablar nəşr olunmuşdur.
E.Süleymanovun təşəbbüsü ilə, rəhbəri olduğu AVCİYA faşizm üzərində qələbənin 60 illiyi ərəfəsində, keçirilən “Bakı-qəhrəman şəhər” layihəsi çərçivəsində 150-ə yaxın Sovet ittifaqı qəhrəmanının, eyni zamanda N.K.Baybakovun iştirakı ilə 2005 il 11 apreldə Bakıda “Bakı-Qəhrəman şəhərdir” beynəlxalq forumunu keçirdi. Bu layihənin icrası ilə II Dünya müharibəsi dövründə Azərb. paytaxtının xidmətləri növbəti dəfə dünya ictimaiyyətinə çatdırılmışdır. AVCİYA-nın insan hüquqları, söz azadlığı, iqtisadiyyat, ekologiya, Xəzərin problemləri ilə bağlı həyata keçidiyi bir çox irimiqyaslı layihələr, beynəlxalq konfranslar, çoxşaxəli fəaliyyəti ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında və Azərb. vətəndaş cəmiyyətinin inkişafı istiqamətində əhəmiyyətli rol oynamışdır.
Eyni zamanda, AVCİYA bu günə kimi Resp.-mızda keçirilmiş bütün seçki və referendumlarda fəal iştirak edib, ölkəmizin əksər bölgələrində regional seçki ofisləri yaradıb. Assosiasiyamızın nəzdindəki Seçki Monitorinqi Mərkəzi 36 ölkəni birləşdirən Seçki Müşahidəçilərinin Dünya Şəbəkəsinin üzvüdür və bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
E.Süleymanovun təşəbbüsü ilə Resp.-da keçirilmiş seçki və referendumlarla bağlı bir sıra beynəlxalq konfranslar keçirilmişdi. Bunlardan biri 2010 ildə Avropa Şurası PA çox sayda üzvlərinin və Milli Məclis deputatlarının iştirakı ilə keçirilmiş “Azərbaycanda 2010-cu il parlament seçkiləri: “daha demokratik, daha şəffaf” Beynəlxalq konfransı göstərmək olar. (Bax: “Azərbaycanda 2010-cu il parlament seçkiləri: “daha demokratik, daha şəffaf” Beynəlxalq konfransın materialları. Bakı, 2010, 83 s.)
Bundan əlavə onun rəhbərliyi ilə “Seçici hüquqlarının qorunması”; “Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT PA, ATƏT-in (DTİHB) seçkiləri müşahidə missiyalarının, Avropa Şurası Venesiya Komissiyasının Azərb. Resp.-sında keçirilmiş seçkilərlə bağlı RƏY VƏ TÖVSİYƏLƏRİ. Müqayisəli təhlil.” kitabları və 2004 ildən bu günə kimi keçirilmiş seçkilər və referendumlara dair kitabçalar və hesabatlar nəşr olunmuşdur.
Assosiasiyanın tərəfdaşı olan, 2004 ildə yaradılmış “ELS” Müstəqil Araşdırmalar Mərkəzi ölkə daxilində sosioloji tədqiqatlar, müxtəlif sorğular aparır və bu dövrdəki bütün seçkilərdə exit-pollar və tədqiqatlar həyata keçirərək Azərb. reallıqlarını yerli və beynəlxalq səviyyədə ictimailəşdirir.
E.Süleymanov 2010 və 2015 illərdə Şamaxıdan IV və V çağırış AR Milli Məclisinə deputat seçilmişdir. AVCİYA prezidenti və millət vəkili Elxan Süleymanovun diplomatik-siyasi səyləri nəticəsində Sərsəng su anbarı ilə bağlı hazırladığı “Mülki insanları qəsdən sudan məhrumetmə” adlı sənəd əsasında AŞPA 2085 saylı qətnamə qəbul edib. Bu qətnamə ilə, bir tərəfdən beynəlxalq təşkilatın və ictimaiyyətin diqqəti baş verə biləcək böyük bir ekoloji fəlakətə yönəldilib, digər tərəfdən işğaldan sonrakı 25 il ərzində ilk dəfə “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər əraziləri” müddəası nüfuzlu beynəlxalq təşkilatın rəsmi sənədində təsbitlənib.
E.Süleymanov Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin tam üzvü (24.1.2011 – 24.1.2016), Avropa Şurasına Üzv Dövlətlərin Vəzifə və Öhdəliklərinin İcrası Komitəsinin (Monitorinq Komitəsi) üzvü (24.1.2011 – 21.1.2018), 27.1.2011 – 23.1.2012 illərdə Azlıqların Hüquqları üzrə Alt Komitəsinin tam üzvü kimi fəaliyyət göstərib.
E.Süleymanov AvroNest PA-da Azərb. nümayəndə heyətinin rəhbəri olarkən Şərq Tərəfdaşlığı proqramının üzvü olan ölkələrin ilk sessiyasının 2012 il 2-4 apreldə Azərb.-da, Bakıda onun rəhbərliyi ilə keçirilməsinə nail olmuşdur.
O, həmçinin AŞPA Azərb. nümayəndə heyətinin üzvü, “Şərq Tərəfdaşlığı” ölkələri parlament nümayəndələrinin təmsil olunduğu Avrones PA-nın Azərb. nümayəndə heyətinin sədri olub. 2016 ildə Avropa Şurası Parlament Assambleyası Elxan Süleymanovun müəllifi olduğu, Azərb. üçün çox mühüm olan 2085 saylı qətnaməni qəbul edib. Həmin il AVCİYA bu qətnaməyə əsaslanaraq, ABŞ Administrasiyasına petisiya ünvanlayıb. Azərb., Qarabağ həqiqətlərinin çatdırıldığı və cavab tələb olunan bu sənəd Ağ Evin “Biz Xalqıq” müraciət platformasında Obama hakimiyyəti dövründə ən çox səs toplamış ikinci petisiya olub.
AVCİYA-nın fəaliyyətinin mühüm istiqaməti olan Heydər Əliyev İrsini Araşdırma Mərkəzi Ulu Öndərin siyasi irsinin araşdırılması, tədqiqi və təbliği ilə məşğuldur. Mərkəzin aliyevheritage.org portalı 50 dildə fəaliyyət göstərir. Əksər beynəlxalq təşkilatlar, xarici ölkələrin dövlət orqanları və parlamentləri, elm-təhsil mərkəzləri və kitabxanaları, kütləvi informasiya vasitələri portalın daimi oxucuları sırasındadır. Mərkəz müxtəlif dillərdə Heydər Əliyevin siyasi irsinə, ölkəmizin bugünkü reallıqlarına həsr olunmuş nəşrlər dərc edir.
E.Süleymanovun rəhbərliyi və dəstəyi ilə AVCİYA və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən yüzə qədər nəşr hazırlanıb və təqdim edilib.
AVCİYA bu gün də fəaliyyətini uğurla davam etdirir və ölkəmizin ictimai-siyasi həyatına töhfələrini verir, ölkəmizin ictimai-siyasi, milli-mədəni həyatından, tarixi nailiyyətlərimizdən və Qarabağ zəfərindən bəhs edən layihələr üzərində işləyir. Bu mövzuda nəşr edilmiş son kitablar, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərb.nın incisi Şuşa şəhərinin azad edilməsinə həsr olunmuş “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq” kitabı və 2022 Şuşa ili münasibəti ilə həyata keçirilmiş layihələr çərçivəsində hazırlayıb çap edilmiş “İkinci Qarabağ müharibəsi və yeni geosiyasi reallıqlar”; “ŞUŞA: müxtəsər tarix (1752-2022)”; “Şuşa: ədəbi-mədəni mühit”; “Bizim Şuşa (söhbətlər)” kitablarından ibarət dördcildlik monoqrafik nəşrdən ibarətdir. Həmçinin, AVCİYA cənab Prezidentin 60 illik yubileyi münasibətilə “ZİRVƏDƏ. Qoşa ömrün 60 epizodu” kitab-albomunu da çap edib.
Oxuculara təqdim olunmuş “Böyük Liderin 90 anı” kitabı Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə, “Göyçay ensiklopediyası” isə 100 illik yubileyinə həsr olunmuşdur.
E.Süleymanov öz babası, tanınmış maarifçi, pedaqoq, din xadimi Hacı Rəhim Əfəndinin xeyriyyəçilik ənənəsini davam etdirərək, hələ Rusiya-Amerika Universitetinin Azərb. bölməsinin baş direktoru olduğu dövrdən geniş miqyasda xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmuşdur. Göyçay-Qaraman yolunun çəkilişi, əsası babası Hacı Rəhim Əfəndi tərəfindən qoyulmuş Qaraman k. məktəbinin yenidən əsaslı bərpası, Hacı Rəhim Əfəndi məscidinin inşası, Göyçay ş.-də İsmət Qayıbovun, Əli Kərimin heykəllərinin ucaldılması, Şəhidlər xiyabanının salınması, orduya, şagird və tələbə gənclərə maddi yardım həmin dövrdə E.Süleymanovun xeyriyyəçilik fəaliyyətinin yalnız bir qismidir.
E.Süleymanov Şamaxının Millət vəkili olduğu dövrdə Məlcək və Ərçiman k.-də öz hesabına məktəb tikdirmiş, Azərb.-nın görkəmli şairi S.Ə.Şirvaninin qəbrüstü abidəsini əsaslı yenidənqurulması, suya ehtiyacı olan 10 kəndə su çəkdirmişdir. E.Süleymanovun təşəbbüsü ilə 9 il Sabir qiraət müsabiqəsi keçirilmiş və 100-dən artıq qalib şagirdə təqaüd verilmişdir. Bundan başqa 600-dən artıq bal toplamış 60 dan artıq tələbəni ali məktəbi bitirənə qədər hər ay təqaüdlə təmin etmişdir.
Onun rəhbərliyi və maddi dəstəyi ilə “Şamaxı soyqırımı”, “Şamaxı qırmızı terrorun hədəfində” kitabları Azərbaycan və ingilis dillərində nəşr olunmuş, ilk dəfə olaraq “Şamaxı Ensiklopediyası”, “Göyçay tarixi” və “Göyçay Ensiklopediyası” işıq üzü görmüşdür.
Millət vəkili kimi dövlətçilik üçün gördüyü çoxcəhətli fəaliyyətinə Azərb. Resp.-sı Prezidenti tərəfindən yüksək qiymət verilmiş, dövlət başçısının fərmanı ilə E.Süleymanov “Şöhrət” Ordeni və Prezidentin Fəxri Diplomu ilə təltif edilmişdir.