(3.11.1946, Göyçay r-nunun Hacalıkənd k.) – həkim, bəstəkar.
ATU-nun Müalicə profilaktika fakültəsin bitirib (1969). 1972 ildən ATU-nun Fizioterapiya kafedrasında müəllim kimi fəaliyyət göstərir. 1969-72 illərdə Azərb. Elmi Tədqiqat Kurortologiya və Fizioterapiya institutunun əməkdaşları ilə birlikdə elmi ekspedisiyada iştirak edib. Ekspedisiya zamanı böyrək daşı xəstəliklərində Qalaaltı mineral suyunun müalicəvi təsirini araşdırmış və öyrənmişlər. Onun və elmi ekspedisiyadakı həmkarların elmi tapıntıları nəticəsində bu illər ərzində minlərlə insan bu şəfalı sulardan istifadə etmiş və müsbət müalicəvi effektini müşahidə etmişlər. V.Süleymanov çalışdığı kafedranın əməkdaşları ilə birgə bir sıra tibbi məqalənin müəllifi olub.
Musiqi yaradıcılığına 18 yaşında başlayıb. Musiqi təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində alıb. İlk əsəri 1968 ildə Resp. xalq artisti İslam Rzayevin ifasında İslam Səfərlinin sözlərinə bəstələdiyi “Göyçay” mahnısı olub. Bu illər ərzində onlarla mahnıların müəllifi olub. Bəstəkarın mahnılarını İlhamə Quliyeva, İslam Rzayev, Əli Mirəliyev, Yaşar Səfərov, Zöhrə Abdullayeva, Elmira Rəhimova, Ramil Qasımov, Almaz Orucova, tarzən Zamiq Əliyev, Zabitə Alıyeva, Mehman Hacıbəyov, Nərgiz Mehdiyeva kimi sənətkarlar ifa edib.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.65