(1895, Göyçay ş. – 1961, Bakı ş.) – AXC ordusunun əsgəri, poruçik.
Əla zadəgan təhsili alan Lütvəli bəy 1911 ildə təhsilini davam etdirmək üçün Odessa hərbi məktəbinə yollanır. 1914 ildə buranı bitirir və podporuçik rütbəsində qərargahı Tiflisdə yerləşən Qafqaz cəbhəsinə göndərilir. Döyüş meydanlarında 3 il xidmət göstərdikdən sonra rütbəsi artırılır, mərdliyinə və qəhrəmanlığına görə “Müqəddəs Stanislav” və “Müqəddəs Anna” ordenləri ilə təltif olunur. Rusiyada Fevral inqilabından sonra Qafqaz cəbhəsi və çar ordusunun mövcudluğuna son qoyulur.
Bu zaman Azərb.-da 1918 ilin may hadisələri baş verir, Lütvəli bəy bu hadisələrdən kənarda qala bilməyib vətənə qayıdır, döyüş təcrübəsinə malik və hərb işini bilən azərbaycanlı komandirlərə ehtiyacı olan Qafqaz İslam Ordusu sıralarına daxil olur. Birinci Dünya müharibəsi cəbhələrində peşəkar hərbiçi kimi türklərlə vuruşan Lütvəli bəy bu dəfə həmin insanlarla çiyin-çiyinə Azərb.-ın müstəqilliyi uğrunda bolşeviklərə qarşı döyüşməli olur. Eləcə də Qafqaz İslam Ordusu sıralarında bolşeviklərə qarşı vuruşan Lütvəli bəy müəyyən vaxt keçəndən sonra qırmızı komandir olur.
1918 il iyunun sonunda birləşmiş türk-azərbaycanlı qoşunları S.Şaumyanın əmri ilə Bakı Sovetinə tabe olan bolşevik qoşunları tərəfindən iyunun 12-də Gəncə üzərinə başlanan hücumun qarşısını almağa nail olur. Həmin il iyulun 1-də Göyçay yaxınlığında dörd günlük döyüş nəticəsində Qafqaz İslam Ordusu Bakı Sovetini sarsıdıcı məğlubiyyətə uğradır. Bu ordunun tərkibində yüzbaşı L.Sultanovun rəhbərlik etdiyi piyada bölüyünə cəbhənin mərkəz hissəsində düşmənin müqavimət ocağını yatırmaq tapşırılır. Döyüşlərdə göstərdiyi mərdliyə və rəşadətə görə osmanlı hərbi medalı – “Çanaqqala ulduzu” medalı ilə təltif olunan 13 azərbaycanlı döyüşçüdən biri də Lütvəli bəy oldu. Təəssüf ki, 23 aydan sonra AXC öz fəaliyyətini dayandırdı və bundan bir neçə vaxt sonra L.Sultanov öz döyüş dostu və silahdaşı Cəmşid Naxçıvanskinin tövsiyəsi ilə könüllü olaraq Qızıl Ordu sıralarına daxil oldu. Onun son xidmət yeri Bakı ş.-nin hərbi komendantı vəzifəsi oldu. 1930 ildə L.Sultanovu və Bakı Hərbi qarnizonunun rəisi C.Naxçıvanskini eyni gündə həbs etdilər. Onlar məqsədi guya 30 illərin əvvəllərində Sovet hakimiyyətini devirib AXC-ni bərpa etmək olan “Azərbaycan milli mərkəzi” adlı gizli təşkilatı yaratmaqda ittiham olunurdular. Lakin “xalq düməni” kimi həbs olunan L.Sultanov möcüzəli şəkildə güllələnmədən yaxa qurtara bilir və 1961 ildə vəfat edir.
Məlumatı V.Abdullayev təqdim edib.