Göyçayın tarixi ilə bağlı bu günə kimi təqdim olunan yazılarda Göyçayda mövcud olan Surxay qalası ilə bağlı məlumatlar hələ də qeyri-dəqiqdir. Goyçay r-nunun Şəhadət və Mirzəhüseynli k. arasında, Böyük Qafqaz dağlarının c. ətəklərində yerləşən Surxay qalasını tarixi mənbələrə əsasən XVIII əsrə aid etmək olar. Lakin sosial şəbəkələr və KİV-də qala haqqında hələ də yanlış olaraq aşağıdakı fikirlər öz əksini tapmaqdadır:
-“Ərəbcəbirli k.-dəki XII–XIV əsrlərdə inşa edilmiş, Ərəb xilafəti dövrünə aid “Surxay” qalası”.
-Şəhərdən 6-7 km şm.q.-ə doğru qalıqları indiyədək qalan Surxay qalası (Alban dövrü).
Bakı ş. Mədəniyyət Baş İdarəsi Yasamal r-n Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Vazeh adına Mərkəzi Kitabxanası “Ölkəmizi tanıyaq” layihəsinin virtual formada davamlılığını təmin edir. “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində hazırlanan videoçarxda Göyçay r-nunun ərazisində xalqımızın tarixi keçmişini əks etdirən tarixi abidələr sırasında Surxay qalasının XII–XVI əsrə aid olduğu bildirilir.
Bu məlumatlarla yanaşı, qala haqqında sosial şəbəkələrdə məlumat əldə etmək üçün axtarış edəndə ən çox rast gəlinən məlumat 23 iyul 2018 ildə baş verən hadisə barədə yazıların sərlövhələridir: “Göyçayda “Surxay qalası” adlanan dağlıq ərazidə və meşə sahəsində yanğın başlayıb” .
Surxay qalası haqqında verilən bu məlumatlar obyektivlikdən uzaqdır və gerçəkliyi əks etdirmir. Qala ilə bağlı indiyə qədər heç bir elmi araşdırma aparılmadığından, bu gün də tarixi abidə haqqında əhalinin əksəriyyəti məlumatsız olaraq qalır.
Azərb. Resp. Mədəniyyət Nazirliyinin saytında toplanan 175 müdafiə qurğusu içərisində Göyçaydakı Surxay qalasının adı olmasa da, Oğuz r-nunda olan Surxay xan qalası haqqında aşağıdakı məlumat var: “Surxay xan qalası – Azərb.-ın qəhrəmanlıq tarixi və memarlıq mədəniyyətinin gözəl nümunələrindən biri də Oğuz r-nunun Yuxarı Filfilli k.-dəki Surxay xan qalasıdır. Qala düzbucaqlı formada olub, hündür qaya üzərində ucaldılıb. Eni 1 metrə yaxın, hündürlüyü təxminən 10 m olan qala divarları qayanın düz uçurumunda bənd edilib. Qala, əsasən, çay daşından və kərpic məhlulundan hörülüb. Əfsus ki, qalanın divarları bir neçə yerdən dağılıb. Bütün müdafiə qalaları kimi, Surxay xan qalasının da gizli yolu olub. Bu yol, adətən, mühasirədən çıxmaq, yaxud həmin yol vasitəsilə ətrafla əlaqə yaradarkən düşməni duyuq salmamaq üçün nəzərdə tutulub. Qalaya yeraltı su kəməri də çəkilib. Bu isə yadellilərin hücumları zamanı əhalinin müdafiə üçün qalaya çəkilməsi və uzun müddət burada yaşamasına dəlalət edir. Qalanın ətrafındakı yaşayış evlərinin xarabalıqları bu gün də qalmaqdadır. Qala XVIII əsrdə Dağıstan feodalı Surxay xan tərəfindən tikilib, Nadir şahın Dağıstana və Azərb.-a hücumları zamanı dağıdılıb.
Göyçaydakı Surxay qalası qonşu r-n olan Oğuzdakı Surxay xan qalası ilə eyni şəxsin adını daşıyır və eyni dövrə, XVIII əsrə aiddir. Qalanın adını daşıdığı Surxay xan kim olub?
Surxay xan Gəray bəy oğlunun hökmdar olduğu Qazıqumux xanlığı Azərb.-ın şm. xanlıqlarının Dağıstanla sərhədində yerləşib. Xanlıq XI–XII əsrlərdən bu ərazilərdə mövcud olan şamxallıq dağıldıqdan sonra, 1642 ildə yaranıb. Xanlığın mərkəzi Qumux şəhəri idi. Qazıqumux xanlığının ilk hökmdarı olan Surxay xan hakimiyyətə gəlmək üçün ona tabe olmaq istəməyən yeddi əmisi oğlunun qüvvələrinə qarşı mübarizə aparmalı olub. Bu mübarizədə sol əlini itirdiyinə görə ona Çolaq təxəllüsünü veriblər. Tarixi sənədlərdə o, I Surxay xan Çolak adlanır. Hakimiyyət uğrunda mübarizə uzun müddət getdiyinə görə, onun hakimiyyətə gəlməsinin dəqiq vaxtı bilinmir. Lakin 1710 ildə Qazıqumux ordusunu yaratması haqqında tarixi sənədlərdə məlumat var. Hakimiyyət uğrunda mübarizədə qalib çıxan Surxay xan 1748 ilə qədər xanlığı idarə edib.
Surxay xandan sonra oğlu Məhəmməd (1748-89), daha sonra isə nəvəsi II Surxay (1789–1820) xanlığı idarə edib. Xanlıq Dağıstanda çar Rusiyası əleyhinə baş verən milli azadlıq hərəkatı yatırıldıqdan sonra, 1860 ildə ləğv edilib.
Surxay xanın hakimiyyəti altında olan ərazinin milli tərkibi haqqında A.Bakıxanov yazırdı: “Qazıqumux şəhərində və bu böyük şəhərdən ayrılmış olan bəzi nahiyələrdə üç tayfa sakindir: Qaççi, Məçcə və Qumuq. Ehtimal ki, Qaççi tayfası Hun, Slavyan, Avar və Xəzər nəslindən olsun; Məçcə – Məkkə sözündən dəyişmə olub, ərəblərin Qüreyş qəbiləsindən Qumuq da qədim Kamak tayfasından olsun”.
Dağıstanda olan bir çox xalqların və əmirliklərin müxtəlif dilləri və hesabsız ləhcələri vardır. Bunlardan beş dil, ümumiyyətlə, daha çox işlənir: 1. Qumuq ləhcəsi ilə olan türkcə. Bu dil Qaytağın aşağı hissəsində, Şamxal mülkündə və Qumuqda olan bütün düzlərdə işlənməkdədir. Bununla bərabər, başqa yerlərin əhalisinin bir çoxu da bu dili bilir. 2. Avar dili. Bu dil bütün Avarıstana yayılmış və bir çox xalqlar arasında işlənməkdədir. Sair qəbilələrdən bir çoxu da bu dili bilir. 3. Beş Aqquşa mahalının dili. Bu dildə Sürhidə və Qaytağın yuxarı mahallarında müxtəlif ləhcələrdə danışılır. 4. Qazıqumux dili. Bu dil həmin ölkəyə məxsusdur. 5. Mıçıqıç dili. Bu dil həmin ölkəyə və bu ölkənin yuxarı nahiyələri olan Şübut, Carili və sairə məxsusdur.
Əlamətdar haldır ki, əvvəlki dövrlərdə olduğu kimi, XVIII–XIX əsrlərdə Qafqazda, o cümlədən Dağıstanda millətlərarası ünsiyyət dili kimi Azərb. dili işlənirdi. Bunu görkəmli rus şairi M.Lermontov da Qafqazda sürgündə olarkən dostlarına yazdığı məktubda təsdiq edib. Rus şairi M.Lermontov Azərb. dilinin Qafqazda “linqva franka” olması barədə öz məktublarında məlumat verir. Lermontov Azərb. dilini bu baxımdan Avropada istifadə edilən fransız dili ilə müqayisə edirdi.
M.Lermontov dostu Rayevskiyə yazırdı: “Tatar dilini (yəni Azərb. dilini) öyrənməyə başlamışam, fransız dili Avropada zəruri olduğu kimi, bu dil də burada və ümumiyyətlə, Asiyada zəruridir”.
Deməli, Surxay xanın Şirvana, o cümlədən Göyçaya gəldiyi və Şirvanı idarə etdiyi vaxt Dağıstanda vahid ünsiyyət dili kimi Azərb. dilindən istifadə olunub. Azərb. dilinin regionda oynadığı böyük rolu digər bir fakt, 1923 ildə Dağıstanın yeganə rəsmi dilinin Azərb. dili elan edilməsi sübut edir. Bu status 1928 ilə qədər dəyişməz qalıb. Azərb. dilinin rəsmi dil elan edilməsində Dağıstan MSSR Ali Rəyasət Heyətinin sədri olan Nəcmudin Samurskinin böyük əməyi olub. Samurski avar, dargin, kumık, lak və ləzgi kimi dillərin yalnız əyalətlərdə işlənməsi üçün faydalı olduğuna inanırdı. Partiyanın siyasi xəttini kütlələrə çatdırmaq üçün vətəndaşlar “əsl mədəniyyətin dilini” bilməli idilər. Əslən ləzgi olan Samurski bu dil kimi Azərb. dilini görürdü.
Hazırda Dağıstanda azərbaycanlılar yaşayan kəndlərdən ən çox diqqəti cəlb edən Rutul r-nunda yerləşən Aşağı Katrux kəndidir. Bu kənddə təxminən 400 nəfər azərbaycanlı yaşayır. Qəribədir ki, bu k.-in 150 km radiusunda azərbaycanlılar olan heç bir yaşayış məntəqəsi yoxdur. K.-də danışılan Azərb. dili güclü şəkildə lak dilindən təsirlənib. Əhalinin danışdığı dilin təxminən 10-15%-ni lak sözləri təşkil edir. Bu həmin k.-in lak dilində danışan Arakul və Yuxarı Katrux kəndlərinə bitişik olması ilə izah edilir. K.-in c.-da rutullar, qərbində saxurlar, şimal-şərqində isə laklar məskunlaşıb. 2 035 m hündürlükdə yerləşən bu əraziyə azərbaycanlıların hansı yolla gəlməsi haqqında qonşu laklar cürbəcür rəvayət və əfsanələr danışır. Kənd sakinlərinin danışdığına görə, bu ərazi Qazıqumux xanın yay bağı ikən burada onun icazəsi ilə 7 nəfər məskunlaşır. Bunun 4 nəfəri də xanın Şirvan yürüşü zamanı əsir alınan iki ləzgi və iki azərbaycanlı idi. Lak qızları ilə evləndirilən bu əsirlərin sayəsində bu yaşayış məntəqəsi Azərb. dilində danışmağa başlayıb. Başqa bir hekayəyə görə, Qazıqumux xanı I Surxay xan Nadir şahla müharibədə əsir aldığı azərbaycanlıları lak qızlarla evləndirmiş və indiki Aşağı Katrux k.-də onlara torpaq vermişdi. Sonuncu versiya tarixçilər tərəfindən daha etibarlı qəbul edilir.
Şm. Qafqaz və C. Qafqazda yaşayan xalqların, xüsusilə də Azərb. xalqı ilə Dağıstan xalqlarının uzun illər şərəfli müştərək tarixi mövcud olub. Təsadüfi deyil ki, Azərb. tarixşünaslığının banisi hesab olunan Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsəri Şirvanın və Dağıstanın tarixinə həsr olunub. Belə müştərək tarixin şanlı səhifələrindən biri də XVIII əsrin əvvəllərində Qafqaz xalqlarının çar Rusiyasının işğalçı siyasətinə qarşı mübarizə tarixidir. Bu dövrdə çar Rusiyasına qarşı mübarizə ilə yanaşı, zəifləmiş Səfəvilər dövlətinin ayrı-ayrı əyalətlərində, ucqarlarında üsyanlar baş veriridi. Bu üsyanlarda da Şm. Azərb. əhalisi ilə Dağıstan əhalisi birlikdə iştirak edirdilər. Surxay xan da XVIII əsrin əvvəllərində Səfəvilər dövlətinin zəiflədiyi bir vaxtda onun müxtəlif ərazilərində baş verən üsyanlardan birinə rəhbərlik edib. Şəkidə baş verən etirazlara Hacı Çələbi başçılıq etdiyi kimi, Surxay xan da Qazıqumuxda bu prosesin önündə olub. XVIII əsrin əvvəllərində Səfəvilər dövlətinin bu cür ağır vəziyyətə düşməsində, ayrı-ayrı regionlarda baş verən üsyanlarda üsyançıları və bu üsyanlara rəhbərlik edən şəxsləri qınamaq, fikrimizcə, düzgün deyil. Vəziyyətin bu həddə çatmasının əsas səbəbini I Şah İsmayıl kimi görkəmli şəxsiyyətin əsasını qoyduğu dövlətin II Təhmasibin dövründə düzgün idarə olunmamasında axtarmaq lazımdır. Səriştəsiz idarəçilik, vergilərin gündən-günə artması mərkəzdənqaçma qüvvələrinin fəallaşmasına səbəb olub. XVIII əsrin əvvəllərində Səfəvilər dövlətinin daxilində qanunsuzluq, dərəbəylik, rüşvətxorluq hökm sürürdü. 1702 ildə Şah Hüseyn vergiləri artırdı. Bununla bağlı 15 yaşından yuxarı hamı vergi sayımına alındı. Qaçqınlıq kütləvi hal almışdı. Volınski öz gündəliyində yazırdı: “Səfəvilər dövlətinin çörək ağası sayılan Azərb.-da tarlalar yeddi ildir əkilmir, ölkədə aclıq var idi. 1711 ildə Car vilayəti üsyan etdi. Carlılar şah xəzinəsinə vergilərdən azad idilər. Əksinə, Səfəvi təbəəliyinə qoşulub sərhəd xidmətində sayıldıqları üçün onlara şah adından illər boyu pul ilə ödənc də verilirdi. Şirvan bəylərbəyliyinin özbaşınalığı ilə bu ödəncin kəsilməsi onları bərk narazı salmışdı. Carlıların Şəki və Şirvana girməsi bir çox yerlərdə k.-lərin onlara qoşulması ilə nəticələndi.
C.Qafqazda yaranan bu vəziyyətdən Səfəvilərin regionda rəqibi olan Rusiya və Osmanlı imperiyaları istifadə etməyə çalışıb. Belə gərgin bir vəziyyətdə Hacı Davud və Surxay xan Osmanlı dövləti ilə əlaqə yaradaraq onun müttəfiqinə çevrildilər. Səfəvilərin zəifləməsi ilə Qafqazda Hacı Davud və Surxay xan vasitəsilə Osmanlı imperiyasının mövqelərinin güclənməsi çar Rusiyasını narahat etməyə başladı. Surxay xanın mübarizəsi Səfəvi şahı II Təhmasibin və onun sərkərdəsi olan, sonradan Suqovuşanda şah seçilən Nadir xan Əfşarın hakimiyyət illərinə təsadüf edir. A.Bakıxanov bu barədə yazır: “hicri 1124 (miladi 1712) ildə müskürlü Hacı Davud, Üsminin və Surxayın köməyi ilə Quba hakimini tələf edib Şamaxını aldı və qüdrətli bir hökmdar oldu. Sonra, hicri 1138 (miladi 1725) ildən Nadir şahın gəlməsinə qədər, Şamaxı 9 il Surxay xanın ixtiyarında qaldı.
1721 ilin avqust ayında Hacı Davud, əsasən, Qazıqumuxlu Surxay xanın qoşunları və üsyançı dəstələri ilə Səfəvilərin Şirvandakı əsas inzibati mərkəzi olan Şamaxını şamaxılıların köməyi ilə tutdu. Şamaxı şəhəri alınarkən buradakı zəngin bazarın, karvansaraların, xarici ölkədən gələn tacirlərin, o cümlədən rus tacirlərinin bir neçə milyonluq malı qarət olundu. Qeyd etmək lazımdır ki, bu məsələdə rus tacirlərinin özlərinində günahı olmuşdu… Üsyançılar şəhərə daxil olduqdan sonra tacirlərin əmlakını tələb etmiş, rus tacirləri isə bu tələbi yerinə yetirməmiş və üsyançılara toplardan atəş açmışdılar. Bundan sonra, adətən, xarici tacirlərə toxunmayan üsyançılar rus tacirlərini cəzalandırmışdılar.
Peterburqda qorxurdular ki, Osmanlı dövləti Səfəvilərin süqutundan istifadə edib Rusiyadan əvvəl Xəzərboyu vilayətləri ələ keçirər. I Pyotr qəti addım atmazdan əvvəl Xəzərboyu əyalətlərin sakinləri arasında yürüşün əsl səbəbini gizlətmək məqsədilə “Manifest” çap edib xüsusilə rus ordusu hərəkət edəcək istiqamətdə yerləşən şəhər və kəndlərə göndərdi. “Manifestdə yürüşün əsl səbəbi, mahiyyəti ört-basdır edilir və göstərilir ki, rus ordusunun bu yürüşdə məqsədi Şirvan üsyanı zamanı Şamaxıda qətl və qarətə məruz qalan rus tacirlərinin intiqamını almaq, habelə Rusiya dövlətinin dostu olan İran şahına qarşı qalxan üsyançılara, xüsusilə Hacı Davuda və Surxay xana cəza verməkdən ibarətdir. I Pyotr “Manifest”ində həmçinin yerli əhaliyə əmin-amanlıq da vəd edirdi. “Manifest” Azərb. dilində də çap olunub.
Abbasqulu ağa Bakıxanov bu barədə yazırdı: “Qolikov I Pyotrun fəaliyyətindən bəhs edən tarix əsərində yazır ki, İran dövlətində səltənət işlərinin qarışıqlığını, Şirvanda rus tacirlərinin qarət edilib öldürülməsini nəzərə alaraq rus padişahı Pyotr hicri 1134 (miladi 1722) ildə həziran (iyun) ayının 15-də Hacı Tərxana gəldi, İran vilayətinə bu məzmunda bir müraciətnamə yazdı: “Ləzgilərin əmiri Davud bəy və Qazıqumux əmiri Surxay öz padişahlarına yağı olub, Hicri 1125 (Miladi 1713) ildə Şamaxı ş. yürüşlə almış, rus tacirlərini qətl və qarət etmişlər… İran padişahı bu fitnəkarların öhdəsindən gələ bilmir. Buna görə biz özümüz onları tənbeh etmək və intiqam almaq fikri ilə o tərəfə gəlirik”.
Surxay xan öz dəstəsi ilə I Pyotra qarşı çıxdı. Ruslar 12 sentyabr 1723 ildə şah Təhmasibin Astrabaddan Sulaka qədər Xəzəryanı ərazini Rusiyaya güzəştə getdiyini iddia etsələr də, Surxay xan bunu qəbul etmədi. Bununla da Qazıqumux hakiminin nüfuzu ətraf ərazilərdə xeyli artdı.
I Pyotr Rusiyaya qayıtdıqdan sonra Osmanlı sultanı Hacı Davuda xətti-şərif göndərib bildirdi ki, o, Krım xanı səlahiyyətində Osmanlı təbəəliyinə qəbul olunur. Sultan Hacı Davuda xan titulu verdi, onu Şirvan və Dağıstan hakimi kimi tanıdı. Lakin 1728 ildə Gəncədə sultanın nümayəndələri ilə danışıqlardan sonra ondan xan titulu geri alındı. Onun yerinə sabiq müttəfiqi, sonralar isə rəqibinə çevrilən Qazıqumuxlu Surxay xan Şirvanda hakimiyyət başına gətirildi.
Osmanlı dövlətindən hərbi kömək alan Surxay xan Xəzərboyu əyalətlərə mütəmadi hücumlar edirdi. Surxay xanın həmçinin Quba, Dərbənd, Salyan mahallarına basqınlarına cavab olaraq, Bakıdakı general-leytenant A.Rumyantsev təcili surətdə ona etiraz məktubu göndərdi. Lakin Təbrizdəki Osmanlı qarnizonundan kömək alan Surxay xan, Rumyantsevin məktubuna məhəl qoymadı, öz əməllərinə davam edirdi. General-leytenant Rumyantsev onu cəzalandırmaq üçün podpolkovnik Puşeçnikovun başçılığı altında Bakı qarnizonundan dörd yüz nəfər əsgər göndərdi. Rus qoşunlarının Salyana yaxınlaşdığını eşidən Surxay xan cəld qərbə – türk qoşunlarının yerləşdiyi düşərgəyə çəkildi. Rus komandanlığının Surxay xanın əməlləri barədə Osmanlı nümayəndəliyinə şikayəti nəticəsiz qaldı.
Surxay xan Rusiyaya və Səfəvilərə qarşı mübarizədə Osmanlı imperiyası və Krım xanlığına arxalanırdı. Nadir şahın qoşunları ilə ən qanlı döyüşlər 1734-35 illərdə baş verdi. Bu döyüşlər Göyçaya yaxın olan Şamaxı-Gəncə-Qəbələ-Qazıqumux istiqamətində gedib. Bu döyüşlərdə bir sıra qalaların, Gəncə, Qüreyş və s. qalaların adı tarixi sənədlərdə çəkilir. A.Bakıxanov bu döyüşlər haqqında yazır: “Nadirin ordusu Ərdəbilə gəldi. Şirvan hakimi Surxay xana yazılan fərmanı Astara hakimi Musa xan öz adamı ilə Surxay xana göndərdi. O, fərman gətirən adamı öldürüb Musa xana nalayiq sözlər yazdı… Buna görə əlahəzrət Nadir bu məğrur adamı cəzalandırmağı lazım bildi. Şirvanı fəth etməyi başqa qalaların alınması üçün açar saydı. Lakin o, Kür çayının kənarına çatanda Surxay xan Şamaxını buraxıb Dağıstana getdi. Nadir hicri 1147 (miladi 1734) ildə, aqustos (avqust) ayının 17-də Şamaxıya girib Ərdəbil hakimi Məhəmmədqulu xan Səidlini Şirvana hakim təyin etdi”.
Nadir şah Şamaxıda olanda Surxay xanın Qəbələdə müharibəyə tədarük gördüyünü eşidib 1734 il sentyabr ayının 6-da yüngül topxana və 12 000 süvari ilə Surxay xanın sığınağı və qərargahı olan Qazıqumuxu almaq üçün hərəkət etdi. Burada eşitdi ki, Car və Tala ləzgiləri, Mustafa paşa, Nur paşa və Fəth Gəray sultan səkkiz min rumlu (osmanlı) və tatarla Gəncə valisi Əli paşanın əmri ilə Qəbələdə olan Surxay xanın köməyinə gəlmişlər. Ümumiyyətlə, Surxay xanın başına 20 000 qoşun toplanmışdır.
Surxay xanın Səfəvilərə və sonradan Nadir şah Əfşara qarşı baş verən üsyanın başçısı kimi Osmanlı dövləti ilə müttəfiq olması tariximizin izahata ehtiyacı olan, diqqət çəkən ziddiyətli məqamlarını özündə əks etdirir.
Azərb. tarixinin ən mürəkkəb və ziddiyyətli problemlərindən biri Səfəvilər dövlətinin Osmanlı imperiyası və Krım xanlığı ilə münasibətləri, bunlar arasında baş verən ziddiyyətlər və müharibələrdir. Ziddiyyətlərlə dolu olan bu problemə çox böyük həssaslıqla yanaşılmasına ehtiyac var. Osmanlı–Səfəvi müharibələri dövründə Osmanlı qoşunlarının və onların müttəfiqlərinin Azərb. ərazisinə gəlməsinə necə münasibət bəsləmək lazımdır? Müxtəlif tarixi dövrlərdə Səfəvi və Osmanlı qoşunlarının Azərb. ərazisində bir-birini əvəz etməsinə müasir dövrdə münasibət necə olmalıdır?
Bir tərəfdə müasir dövrdə “Bir millət, iki dövlət” şüarı ilə iki qardaş xalqın tarixi. XX əsrin əvvəllərində (1918 ilin iyun-oktyabr ayları) Azərb. xalqını soyqırımdan xilas edən, AXC-nin beşikdəcə boğulmasının qarşısını alan Qafqaz İslam Ordusu, bunun davamı olaraq qəhrəman Azərb. Milli Ordusunun 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəsinə dəstək verən qardaş Türkiyə Cümhuriyyəti, digər tərəfdə isə Səfəvilərə və Nadir şah Əfşara qarşı vuruşan, Azərbaycana gələn Osmanlı qoşunları və onun müttəfiqi olan Surxay xan kimi qəhrəmanlar. Bunlara necə münasibət bəsləməli?
Fikrimizcə, M.Ə.Rəsulzadənin 1918 ilin noyabrında “Qafqaz İslam Ordusu”nun şərəfinə verilən ziyafətdəki çıxışı bu suallara cavab verməkdə yardımçı ola bilər. M.Ə.Rəsulzadə deyir: “Türklər Bakıda ilk dəfə degildirlər. Böylə bir vəziyyəti-siyasiyyəyi Bakı bundan 350 sənə əvvəl dəxi keçirmişdir. O vəqt Özdəmiroğlu Osman paşa bir miqdar əskərlə bu tərəflərə gəlmiş, Şamaxı, Quba, Dərbənd və Bakıyı almışdı. Bir az sonra Hökuməti-Mərkəziyyə əqdi-sülh edərək Özdəmiroğlu yalnız qalmış, İstanbul tərəfindən tərk olunmuşdu. Fəqət o cəsur komandan məyus olmamış, əzminə xələl gətirməmişdi. Hər növ hücumları müdafiə elmək lazım idi. Osman paşa Bakı neftini inhisar altına almış, ipəgə külli maliyyat vəz eləmiş, bu surətlə büdcəsini yoluna qoymuş, Bakı qalasını təmir edərək müdafiəsini Əhməd bəy namında bir komandana tapşırmış, kəndisi Dəmir Qapıya – Dərbəndə çəkilmişdi. Bu surətlə Bakı altı ay tamam mühasirəyə dayanmış, nəhayət, düşməni dəf edə bilmişdi. Tarix yenə təkrar edə bilər, həm etməlidir!… Dağları, dərələri, susuz səhraları aşıb gələn qardaşlarımızla bərabər şu doğma topraqlarımız üzərində qayalaşdıq, yenidən qardaş olduq. Topraqlarımız əsrlərdən bəri yekdigərini qaib etmiş qardaşların əməl yolunda verdikləri qurban qanları ilə islandı; Turan toxumu əkildi”.
M.Ə.Rəsulzadənin qardaş türk ordusu barədə dedikləri osmanlıların müttəfiqi olan Surxay xanın üsyanından təxminən iki əsr əvvəl baş verib. O zaman Şirvan ərazisini, o cümlədən Göyçayı idarə etmiş türk sərkərdəsi kim olmuşdur?
Özdəmiroğlu Osman paşa 1573 ildə Diyarbəkirə bəylərbəyi təyin olundu. Bu vəzifədə ikən Səfəvi cəbhəsi sərdarı Lələ Mustafa paşanın ordusuna qatılaraq səfərə çıxdı. Çıldır müharibəsində göstərdiyi rəşadət səbəbi ilə 1578 ildə Şirvan bəylərbəyliyinə gətirildi. 5 il boyunca burada fəaliyyət göstərən Özdəmiroğlu Osman paşa bu illər ərzində Azərbaycan, Dağıstan və Gürcüstan torpaqlarında Osmanlı hakimiyyətini qoruyub saxladı. 9 sentyabr 1578 il tarixində Səfəvi orduları ilə Qanıx çayı sahilində qarşılaşdı və qalib gəldi. Krım xanı II Mehmed Gərayın köməyi ilə Qarabağ, Muğan və Qızılağaca qədər bütün Azərb. torpaqları ələ keçirildi. Bu illərdə müvəqqəti olaraq Şirvan Səfəvilərin əlinə keçsə də, Kəfə (indiki Feodosiya) bəylərbəyi Cəfər paşanın göndərdiyi qoşunla 8 may 1583 il tarixində baş tutan Məşəl savaşında qələbə qazanıldı və Şirvan yenidən Osmanlı hakimiyyətinə keçdi. 27 oktyabr 1585 il tarixində xəstəliyi səbəbi ilə Təbrizdən ayrıldı, Şənbi-Qazan istiqamətində irəliləməyə başladı. Osman paşa 59 yaşında vəfat etdi və vəsiyyətinə uyğun olaraq Diyarbəkirə gətirilərək burada inşa etdirdiyi türbəsində dəfn olundu.
Fikrimizcə, Surxay xan zəifləyən dövlətin yerli məmurlarının özbaşınalığına qarşı və çar Rusiyasının müstəmləkə siyasətinə qarşı Osmanlı dövlətinin müttəfiqi kimi qətiyyətli mübarizə aparan qəhrəman bir sərkədə kimi yad edilməlidir. Onun mübarizəsi şəkili Hacı Cələbinin və digər şəxsiyyətlərin həmin dövrdə apardığı mübarizə ilə eyni mahiyyət daşıyıb.
Mənbə: M.Zülfüqarlı. “Göyçay tarixi”, Bakı, 2022, s. 45-57.