Şirvan torpaqlarının müxtəlifliyi Göyçay r-nunda da özünü göstərir. Düzənliyin dağətəyi sahəsində açıq-şabalıdı və boz-qonur (Qaraməryəm, Qarayazı, Bığır və s.), çayın gətirmə konuslarında açıq-çəmən, boz-qonur torpaqlardır. Ərazinin bir hissəsində boz-çəməndən ibarət gilli torpaqlar vardır. İqlimi daha quru və isti olan, eləcə də yeraltı suların səthə yaxın olması nəticəsində bir sıra çəmən və torpaqlar şoranlaşmışdır. Səbəblərdən biri odur ki, rayonun cənub hissəsi qədimdə Xəzər dənizinin körfəzi olmuşdur. Torpağın alt qatlarında olan külli miqdarda duz yeraltı sular vasitəsilə üst qatlara çıxır, sonra su buxarlanır, duz isə ağ təbəqə kimi torpağın üzərində qalır. Torpağın şoranlaşmış üst qatı açıq rəngdə, fiziki tərkibi nisbətən boş, quruluşu isə layabənzər olur. R-nun torpaq örtüyünün bir hissəsi boz rəngə çalır. Bu cür ərazilərdə yağış yağan zaman güclü nəmişlik olur və burada tünd çəmən, lil-bataqlıq örtüyü əmələ gəlir. R-n ərazisindəki subasar yerlərdə çoxlu sayda çalalara təsadüf edilir. Ucar və Kürdəmir r-nlarının sərhədlərinə yaxın yerlərdə yerləşən bu çalalar şoran olur. Əsasən, belə torpaqlar r-nun cənubundadır.
Mənbə: Göyçay rayon İcra Hakimiyyəti // http://goychay-ih.gov.az/page/13.html