Vəlizadə Şərif Hacı Veysəl oğlu (1881, Göyçaq qəz.-nın Mırtı k.–1966, Bakı ş.) – Qafqaz müsəlmanlarının VIII müftisi.
Tarix insanlıq üçün hər zaman çox dahi şəxsiyyətlər bəxş etmişdir. Bu dahi şəxsiyyətlərdən biri də Şərif Əfəndi olmuşdur. Şərif Hacı Veysəl oğlu Vəlizadə 1881 ildə Göyçay r-nunun Mırtı k-də dünyaya göz açmışdır. İlk təhsilini atasından alan Şərif Əfəndi dini elmlərlə bərabər, dünyəvi elmlərin də kamil bilicisi olmuşdur. Əfəndi kimi tanınan Şərif Vəlizadənin maarif sahəsində çox böyük xidmətləri olmuşdur. 1922 ildə bir müddət Göyçay qəz-nın maarif şöbəsinin müdiri işləmişdir. Öz dininə könüldən bağlı olan Şərif Əfəndi hər zaman çox böyük hadisələrlə üz-üzə qalmışdır. Həyatı faciələrlə dolu olan Şərif Əfəndi bu çətinliklərə sinə gərərərək bütün sınaqlardan hər zaman üzüağ çıxmışdır.
Repressiya Şərif Əfəndidən də uzaq qalmamışdır. 1937 ildə Sibirə sürgün olunmuşdur. Yüksək elmə, biliyə sahib olan Şərif Əfəndi Sibirdən Çinə, oradan İrana, oradan da Türkiyəyə getmişdir. Türkiyəyə gələn Şərif Əfəndi İstanbul Universitetində təhsilini davam etdirmişdir. 18 il vətəndən uzaq düşmüş Şərif Əfəndi 1956 ildə öz doğma yurduna qayıtmışdır. Vətənə qayıtdıqdan sonra Göyçay r-n Mərkəz məscidində imamlıq etmişdir. 1958-59 illərdə Əlyazmalar İnstitutunda işləmişdir. 8 dilin bilicisi olan Şərif Əfəndinin Nizami Gəncəvinin “Xəmsə”-sinin Azərbaycan dilinə tərcümə edilməsində böyük xidmətləri olmuşdur. 1960 ildən ömrünün sonuna qədər Qafqaz Müsəlmanları İdarəsində sədr müavini, VIII müfti vəzifəsində çalışmışdır. Ömrünün çoxunu xalqın maariflənməsi yoluna həsr edən Şərif Əfəndi 1966 ildə haqqın dərgahına köçmüşdür.
Şərif Əfəndinin özünün yazdığı bir çox əsərləri, şeirləri, qəzəlləri, həcvləri və qəsidələri olmuşdur. Bu əsərlərdən yalnız ikisi “Divanul Xutab” və İslam əsaslarına dayanaraq yazdığı “Doğru yol” adlı əsərləri günümüzə qədər gəlib çatmışdır.
Divanul-Xutab adlı əlyazması Riqa və Sülüs xətti ilə yazılmışdır. 200 səhifə həcmində olan bu əlyazmanın ölçüsü 13×20 sm-dir. Bu əlyazmada Şərif Əfəndinin bəzi kitablardan aldığı qeydlər, bəzi ayələrin təfsiri, özünün xütbələri və yazdığı məqalələr yer almaqdadır. Əsər Hacı Ruslan Məmmədovun şəxsi kitabxanasında saxlanılır.
Mənbə: İ.Musayev. “Göyçay rayonundaki dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 82-83