Vəlizadə Şərif Hacı Veysəl oğlu (1881, Göyçay qəz.-nın Mırtı k. – 1966, Bakı ş.) – Qafqaz müsəlmanlarının VIII müftisi.
İlk təhsilini atasından alan Ş.Əfəndi dini elmlərlə bərabər, dünyəvi elmlərin də kamil bilicisi olmuşdur. Əfəndi kimi tanınan Şərif Vəlizadənin maarif sahəsində çox böyük xidmətləri olmuşdur. 1922 ildə bir müddət Göyçay qəz.-nın maarif şöbəsinin müdiri işləmişdir. Öz dininə könüldən bağlı olan Ş.Əfəndi hər zaman çox böyük hadisələrlə üz-üzə qalmışdır. Həyatı faciələrlə dolu olan Şərif Əfəndi bu çətinliklərə sinə gərərərək bütün sınaqlardan hər zaman üzüağ çıxmışdır.
Ş.Əfəndi 1937 ildə repressiya qurbanı olaraq Sibirə sürgün olunmuşdur. Yüksək elmə, biliyə sahib olan Ş.Əfəndi Sibirdən Çinə, oradan İrana, oradan da Türkiyəyə getmişdir. Türkiyəyə gəldikdən sonra İstanbul Universitetində təhsilini davam etdirmişdir. 18 il vətəndən uzaq düşmüş Ş.Əfəndi 1956 ildə öz doğma yurduna qayıtmışdır. Vətənə qayıtdıqdan sonra Göyçay r-n Mərkəz məscidində imamlıq etmişdir. 1958-59 illərdə Əlyazmalar İnstitutunda işləmişdir. 8 dilin bilicisi olan Ş.Əfəndinin Nizami Gəncəvinin “Xəmsə”sinin Azərbaycan dilinə tərcümə edilməsində böyük xidmətləri olmuşdur. 1960 ildən ömrünün sonuna qədər Qafqaz Müsəlmanları İdarəsində sədr müavini, VIII müfti vəzifəsində çalışmışdır.
Ş.Əfəndinin özünün yazdığı bir çox əsərləri, şeirləri, qəzəlləri, həcvləri və qəsidələri olmuşdur. Bu əsərlərdən yalnız ikisi “Divanul-xutab” və islam əsaslarına dayanaraq yazdığı “Doğru yol” adlı əsərləri günümüzə qədər gəlib çatmışdır.
“Divanul-xutab” adlı əlyazması riqa və sülüs xətti ilə yazılmışdır. 200 səhifə həcmində olan bu əlyazmanın ölçüsü 13×20 sm-dir. Bu əlyazmada Ş.Əfəndinin bəzi kitablardan aldığı qeydlər, bəzi ayələrin təfsiri, özünün xütbələri və yazdığı məqalələr yer almaqdadır. Əsər Hacı Ruslan Məmmədovun şəxsi kitabxanasında saxlanılır.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, “İpəkyolu”, 2014, s. 82-83.