(26.4.1959, Bakı ş.) – tanınmış geofizik, Beynəlxalq EA-nın (Avstriya) həqiqi üzvü və Beynəlxalq EA-nın Azərb. Bölməsinin prezidenti (2001), Nyu-York EA-nın və Rusiya Təbii EA-nın akademiki (2008), BEA Zəlzələlərin Proqnozu və Öyrənilməsi üzrə Elmi-Tədqiqat institutunun baş direktoru (2001), Geologiya-mineralogiya e.d. (1990), prof.
Geologiya-mineralogiya e.d., prof. Nüsrət Xəlilovun oğludur. Azərb. Resp. Prezidentinin təqaüdçüsüdür. Əsas tədqiqat sahəsi: Zəlzələlərin proqnozu və vulkan püskürmələrinin öyrənilməsidir. M. Əzizbəyov adına AzNKİ-ni bitirib (1981). 1981-89 illərdə Ümumittifaq Elmi-Tədqiqat Geofizika İnstitutunun Cənub Bölməsində mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1989 ildən “İNTERGEO-TETİS” Beynəlxalq elmi-texniki kompleksin prezidentidir. Bakı xalq deputatları sovetinin deputatı (1991-95), Bakı ş.-nin ekologiyası üzrə Daimi Deputat Komissiyasının sədri (1991–95) olub. 1995–96 illərdə beynəlxalq elmi nailiyətlərinə görə Beynəlxalq Tərcümeyi-hal Mərkəzinin (İngiltərə) diplomu ilə təltif olunub. E.Xəlilovun haqqında məlumat “Elm və sənaye üzrə MDB-nin 100 lideri”, “Azərbaycanda kim kimdir” ensiklopedik məlumat kitablarında, “Azərbaycanda geoloq və geofizik alimlər”, “Azərbaycan geofizikləri: kim kimdir” soraq kitablarında, “Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsi” kitabında, “Кто есть кто в Русской Секции Международной Академии Наук”kitabında dərc edilib. 1999 ildən AMEA Rəyasət Heyəti yanında Daimi Komissiyanın həmsədri və Azərb. Resp. Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzvüdür.
2002 ildə elmi tədqiqatlarına görə BEA-nın qızıl döş nişanı ilə təltif olunub. 2003 ildə akademik Şəfaət Mehdiyev, REA-nın Akademiki V.E.Xain, RTEA-nın Akademiki T.A. İsmayılzadə ilə birlikdə “Vulkan püskürmələrinin zaman-məkan paylanmasının qanuna uyğunluğu” adında elmi kəşfə imza atıb. Həmin il BEA və EURASIA PACIFIC UNINET Beynəlxalq Təşkilatının (Avstriya) “Seysmik risk və seysmodavamlı tikinti üzrə Beynəlxalq Komissiya”nın sədri seçilib.
2000 ildə Azərb. Resp. Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurası Sədrinin müavini, 2006 ildə isə bu komissiyanın Yer Elmləri üzrə Ekspert Şurasının sədri seçilib.
2006 ildə “Zəlzələyə davamlı tikinti üzrə yeni texnologiya” NATO Beynəlxalq Layihəsinin Direktoru təsdiq olunub (NATO PROJECT SFP 982167). Layihə Cenevrədə patent almış Xəlilovun iki ixtirasına əsaslanıb. Layihədə üç ölkə iştirak edir – Türkiyə, Azərb. və Qazaxıstan.
2007 ildən seysmodavamlı tikintidə və zəlzələlərin proqnozlaşdırılmasında yeni texnologiyalar üzrə İndoneziyada Gada Mada Universiteti ilə birlikdə Beynəlxalq Proqrama başçılıq edir. Həmin il Beynəlxalq EA-nın S&E Vitse-Prezidenti, 2008 ildə isə Ümümdünya Elmi Əməkdaşlıq Təşkilatının (London) vitse-prezidenti seçilib.
2009 ildən Zəlzələlərin Proqnozlaşdırılması üzrə Qlobal Şəbəkənin (GNFE) (London) baş direktorudur. Həmin ilin dekabrında, geoloji ətraf mühitin qlobal dəyişikliklər üzrə beynəlxalq komitənin əsaslı iclasında, 30 ölkənin alimlərini birləşdirən Geodəyişiklik Beynəlxalq Komitəsinin Prezidenti seçilib.
Xəlilov Almaniyada, İngiltərədə, Avstriyada, Belçikada, İspaniyada, İndoneziyada, Türkiyədə, Slovakiyada, Rusiyada , Çexiyada, İranda, Çində, Kiprdə, Bolqariyada, Qazaxıstanda, Ukraynada və başqa ölkələrdə keçirilən bir çox beynəlxalq konfranslarda iştirak edib. O, Amerikanın Elmi İnkişaf üzrə Assosiasiyasının (AAAS), Avrasiya Geofizika Cəmiyyətinin həqiqi üzvüdür. Xəlilov müasir dövrün geodinamik proseslər, zəlzələlərin proqnozu və vulkanların püskürməsi sahəsində mütəxəssisdir. Alim 250-dən çox dərc olunmuş elmi məqalənin, beş monoqrafiyanın, beş kitabçanın, 50-dən çox ixtiranın, o cümlədən, 7 PST (Cenevrə), 1 Avropatent və 5 Avrasiya patenti və 40-dan artıq ölkənin (Pakistan, İndoneziya, Azərb. və s.) milli patentlərinin və bir elmi kəşfin müəllifidir. O həmçinin Xəzər dənizində Benyof zonasının olmasının öyrənilməsinin əsasını qoyub. 2007 ilin 19-27 sentyabrda Xəlilovun təşəbbüsü ilə Azərb. Resp. FHN tərəfindən Bakıda “Natural Cataclysms and Global Problems of the Modern Civilization” adlı beynəlxalq simpozium keçirilib. Simpoziumda 20-dən artıq ölkədən 200-dən çox elm adamı iştirak edib.
Əsərləri:
- Э.Н.Халилов. Всемирная сеть прогнозирования землетрясений. Bourgas-London, SWB, 2009, 55 c. ISBN 978-9952-451-02-3
- Э.Н.Халилов, Р.А.Багиров. Природные цеолиты, их свойства, производство и применение. Баку-Берлин, 2002, 348 с.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.51