– alim, geoloq-neftçi, professor, geologiya-mineralogiya elmləri doktoru, Azərbaycanın əməkdar geoloqu, prezident təqaüdçüsü (19.09.2006). 1925-ci il mayın 9-da Göyçay şəhərində anadan olub. Hələ orta məktəbdə oxuyarkən ailəsilə birgə Bakı şəhərinə köçən N.Xəlilov orta məktəbi burada bitirdikdən sonra 1943-cü ilin iyun ayında könüllü şəkildə müharibəyə yollanır.
O, 77-ci diviziyanın tərkibində Melitopoldan Dnepr çayına kimi döyüşlərdə iştirak edib. Sonralar o, tank məktəbində oxumuş, 1-ci Belarus cəbhəsinin tərkibində döyüşlərə qatılmış, Minskdən Varşavaya qədər döyüşçü-tankçı yolunu keçmişdir. Müharibə qurtardıqdan sonra N.Xəlilov vətənə qayıdır.
O, M.Əzizbəyov adına Azərbaycan neft və kimya institutuna daxil olur. 1951-ci ildə oranı bitirərək, geoloq mühəndisi xtisası alır. 1951-ci ildən başlayaraq 30 il ərzində N.Xəlilov Gürgən və Primorsk qazma kəşfiyyat idarəsində işləmişdir. 1961-1962 illərdə onun elmi işləri müxtəlif jurnallarda çap olunur. Bu məqalələrdə olan elmi nəticələr N.Xəlilovun dissertasiyasının əsasını təşkil etmişdir. 1962-ci ildə onun dissertasiyası “Geoloji quruluş və Abşeron arxipelaqının şimal qərb hissəsinin neft və qaz hasilatının prespektivləri” mövzusunda geologiya-minerologiya elmləri üzrə namizədlik dərəcəsinə təqdim olunur. N.Xəlilov Kalin svitasında neft və qaz yataqlarının axtarışlarını antiklinal qatların daha dərinliyə salınmış hissələr həddində həyata keçirməyi tövsiyə etmişdir. Nəticədə bu qazılmış buruqlar sənaye miqyaslı qazla fontan vurdular. 1974-cü ildə N.Xəlilov “Bakı arxipelaqının geoloji quruluşu və anomal yüksək qatlar təzyiqi şəraitində neft və qaz axtarış-kəşfiyyat işlərinin effektiv artmasının yolları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Alim bu işdə buruqların qurulması prosesində yaranmış quruluş çətinliklərinin səbəblərini ətraflı xarakterizə etmişdir. Bu tədqiqatların sayəsində qazma texnologiyası, gilli məhlullarda kimyəvi reagentlərin tətbiq edilməsi və müxtəlif stratiqrafik səviyyələrdə xüsusi çəkinin nizama salınması üzrə konkret tövsiyələr hazırlamaq mümkün olmuşdur.
1977-ci ildə N.Xəlilov geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsini almışdır. 1979-ci ilin axırında o, “Qipro dəniz neft qaz” Dövlət Elmi Tədqiqat Neft qaz layihə institutunda “Dəniz neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı” labaratoriyasının müdiri vəzifəsinə təyin edilmiş və 2006-ci ilə qədər bu vəzifədə çalışmışdır. Nüsrət Xəlilov “Abşeron bankası”, “Qum-dəniz”, “Sanqaçal-dəniz” və s. neft və qaz yataqlarının kəşfində və istismarında fəal iştirak etmişdir.
1982-ci ildə Xəzər neft və qaz yataqlarının kəşfində və istismarında fəal iştirak etdiyinə və geologiya elmində xüsusi nailiyyətlərinə görə, alimə “Azərbaycan Respublikasının əməkdar geoloqu” adı verilmişdir. O, Amerika neftçi geoloqlar assosiasiyası Azərbaycan bölməsinin prezidenti seçilmişdir. Eyni zamanda elmi kadrların hazırlanmasında fəal iştirak edən N.Xəlilovun adı Böyük Vətən Müharibəsi veteranı kimi 2000-ci ilin may ayında Moskva şəhərində, Beynəlxalq tərcümey-hal mərkəzi tərəfindən nəşr edilmiş “XX əsrin əsgərləri” adlı tarixi kitaba salınmışdır. Nüsrət Xəlilov çoxlu dövlət və ictimai orden və mükafatlarla təltif edilmişdir. 2010-cu ildə N.Xəlilov elmin və təhsilin inkişafında görkəmli xidmətlərinə görə Elmi Əməkdaşlıq üzrə Beynəlxalq Təşkilatın (WOSCO)(London) Qızıl medalı ilə təltif olunub.
Görkəmli alim 2012-ci il fevralın 25-də vəfat edib.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.8-9