(26.10.1938, Bakı ş.) – coğrafiyaşünas alim, Azərb. Milli Elmlər Akademiyası Alimlər Şurasının üzvü, coğrafiya e.d.(2006), professor (2012).
Orta məktəbi 1955 ildə Göyçay r-da bitirəndən sonra bir müddət Bakı ş. Sabunçu r-nunun 12 neft mədənində operator vəzifəsində işləməyə başlamışdır. Eyni zamanda 1962 ildə Bakı Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsində coğrafiyaçı-bioloq ixtisasına yiyələnmiş və təyinatla AMEA-nın Coğrafiya İnstitutunda fəaliyyətə başlamışdır. Daha sonra fəaliyyətini aspiranturada davam etdirməklə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda çalışmağa başlayır. Alim aspiranturada oxuduğu illərdə və ondan sonrakı dövrdə çalışdığı institut-da bir çox qabaqcıl elm xadimləri – akademiklər H.Ə.Əliyevlə, V.R.Valabuyev, müxbir üzvlər M.E.Salayevlə, M.R.Abduyevlə və bir çox görkəmli alimlərlə yaxın münasibətdə olur, onların elmi yaradıcılığından və məsləhətlərindən bəhrələnir. Adları çəkilən alimlərin yaratdığı elmi ide-yalar T.Xəlilovun sonrakı həyat və fəaliyyətində də öz əksini tapır.
Alim Azərb. torpaqlarının genetik əlamətlərini öyrənməklə bir çox xüsusiyyətlərini tədqiq etməli olur. Mənşəyi, kimyəvi elementlərin miqrasiyası, bioloji dövranı və s. dəyərli araşdırmaları nəticəsində torpaqların irimiqyaslı təhlilinə və xəritələşdirilməsinə yönələn qiymətli məlumatlar verir. O, 1974-94 illərdə Elmi Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmaqla Kiçik Qafqazın şimal-şərq yamaclarında dağ-bozqır kserefil meşə torpaqlarında kimyəvi elementlərin miqrasiyası və bioloji dövranı mövzusunda fəaliyyətini davam etdirmişdir. Tədqiqatlarda landşaft-geokimyəvi üsula xüsusi önəm vermiş və digər həmkarları ilə birlikdə torpaqla bağlı qanunauyğunluqları izah etməyə çalışmışdır. T.Xəlilov işlədiyi institutda düzən ərazilərdə torpaqların meliorasiyasına dair geniş tədqiqatlar aparmağa başlayır. Eyni zamanda meliorasiya olunan torpaqlardan istifadə edilməsinin mütərəqqi üsullarının hazırlanmasında da aparıcı mütəxəssis kimi fəaliyyət göstərir. Apardığı tədqiqatları və məzmunlu məqalələri onu nəinki Azərbaycanda, həm də post-sovet məkanında həmkarları içərisində nüfuzlu torpaqşünas alim kimi tanıdır. Ona görə də 1978 ildən başlayaraq keçmiş SSRİ-nin müvafiq nazirliyi tərəfindən müqavilələrə əsasən ilk dəfə torpaqşünas-ekspert kimi Yaxın Şərqin iri dövlətlərindən biri olan Suriya Ərəb Respublikasına dəvət olunur. Suriyada Hələb və Qərbi Məskənə torpaqlarının baş suvarma planının yerinə yetirilməsi istiqamətində torpaqların fiziki xassələri, şorlaşması, torpaq qatının qalınlığı, şorlaşma xəritələrinin tətbiqi və s. ilə yanaşı, onların pozulmasına qarşı tədbirlər planının hazırlanmasında aparıcı mütəxəssis və qrup rəhbəri kimi fəaliyyət göstərir. Suriyaya ikinci səfərdə (1983-86) onun həm elmi potensialı, həm də ictimai işləri xeyli genişlənir. Müqavilədə ilk növbədə mütəxəssis metodiki şuranın sədri, sovet dövlətinin Hələb şəhərindəki Baş Konsulluğunda metodiki şuranın sədr müavini kimi fəaliyyət göstərir, Sovet səfirliyinin fəxri fərmanı ilə təltif olunur.
1994 ildə tanınmış alim Azərb. Resp. Kənd Təsərrüfatı Nazirliyinin Baş elm və təhsil idarəsinə işə dəvət olunur. Bir neçə elmi tədqiqat institutunun kuratoru olur və elmi şuranın üzvü seçilir. 1995 ildə Avropa Şurasının nəzdində olan “Təsis” firması tərəfindən təşkil olunmuş rəhbər işçilər üçün 5 aylıq ixtisaslaşma kursunu bitirir.
Telman Xəlilov 1970 ildə Polşada və 1973 ildə ADR-də Azərbaycandan gedən alimlərin nümayəndələrindən biri olur. 1989 ildə Novosibirsk şəhərində sosialist ölkələri torpaqşünaslarının VIII qurultayında maraqlı məruzə ilə çıxış edir. 1996 ildə İran İslam Respublikasında Azərbaycan alimlərindən biri kimi respublikamızı təmsil edir.
Alim 1996 ildən BDU-nun Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə (indiki coğrafi ekologiya) kafedrasında dosent vəzifəsində işləməyə başlayır. Həmin dövrdən ekologiya və ətraf mühiti mühafizə, qlobal ekologiya və başqa bir neçə seçmə fənlərdən mühazirələr oxumaqla yanaşı, kafedrada elmi tədqiqat işlərində fəallıq göstərir.
Telman Xəlilov 2006 ildə “Arid zonaların suvarılan torpaqlarının genetik xüsusiyyətləri, müasir torpaq-ekoloji səciyyəsi və meliorativ rayonlaşdırılması” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək coğrafi və geoloji ixtisas üzrə elmlər doktoru alimlik dərəcəsi, 2012 ildə professor elmi adını alır. Uzun illər Kür-Araz ovalığı və Suriya Ərəb Respublikasının şimal əyalətində tədqiqatlar apararaq, hər iki regionun və digər ölkələrlə analoq təşkil edən torpaqların genetik xüsusiyyətlərini, müasir meliora-tiv vəziyyətinin müqayisəli ekocoğrafi səciyyəsinin təhlilini verir. Tanınmış alim 130-dan çox elmi əsər və məqalənin, o cümlədən 6 kitabın müəllifidir. T.Xəlilov 2010 ildən BDU-da yeni yaradılan Ekologiya və torpaqşünaslıq fakültəsi Elmi Şurasının, həmçinin AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu nəzdində Müdafiə Şurasının, AMEA-nın Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Torpaq və su ehtiyatlarının idarə edilməsi və ətraf mühitin mühafizəsi problemləri üzrə Elmi Şuranın, Azərb. Torpaqşünaslar Cəmiyyətinin üzvüdür. Onun yazdığı əsərlər mütəxəssislərin və geniş oxucu kütləsinin böyük marağına səbəb olub.