Göyçay ş.-də Rəsul Rzanın Ev-muzeyi AR Mədəniyyət Nazirliyinin 13 may 2004 il tarixli 148 saylı əmrinə əsasən yaradılmışdır. R.Rza 19 may 1910 ildə hazırda ev-muzeyin yerləşdiyi bu evdə anadan olmuş, 1930 illərin əvvəlinə kimi bu evdə yaşamışdır. Ev XIX əsrin sonlarında R.Rzanın atası Məmmədxanlı tərəfindən tikdirilmişdir.
Ev-muzeyi Arvan çayının sahilində, indiki Füzuli k. 114 saylı ünvanda yerləşir. R.Rza bir neçə şeirində yaşadığı evin, həyətin və Arvan çayının bədii təsvirini vermişdir. Öz başlanğıcını Baba dağdan götürən Arvan çayı Arvan dərəsindən keçərək Göyçay ş.-ni şm.-dan c.-a iki hissəyə bölürdü. İlin üç fəslində suyu az olan çay 3-4 ildən bir yaz fəslində daşır, evlərə, təsərrüfatlara böyük ziyan vururdu. Sonuncu daşqın 1976 ildə baş vermişdi və şəhərə xeyli ziyan vurmuşdur. 1976-77 illərdə çayın axıb gəldiyi dərənin qarşısında bənd tikilmiş, çayın məcrası dəyişdirilərək Göyçay çayına yönəldilmişdir. Bundan sonra çayın yatağı doldurulmuş, yerində küçə salınmışdır.
1930 illərin əvvəlində R.Rza anası və bacıları ilə birlikdə Bakı ş.-nə köçərkən ev Vəzirov soyadlı bir həkimə satılmışdır. Vəzirov vəfat etdikdən sonra evdə həyat yoldaşı milliyətcə rus olan həkim Maya Vəzirova və övladları yaşamışdır. M.Vəzirovanın vəfatından sonra Bakıda yaşayan övladları evi Göyçay Regional Vergilər İdarəsinin işçisi Teyyub Əsgərova satmışlar. Ev-muzeyinin yaradılması ərəfəsində T.Əsgərova başqa ev alınmış, R.Rzanın doğulduğu və yaşadığı ev AR Mədəniyyət Nazirliyi tərəfindən əsaslı təmir edilərək muzey yaradılmışdır.
Digər muzeylər kimi, Xalq şairi R.Rzanın da ev-muzeyi əşyaların mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirilməsini təmin edir. 2015 ildə R.Rzanın ev-muzeyində Azərbaycançılıq məfkurəsinə uyğun yenilənmiş mövzu-ekspozisiya planına əsasən tərtibat işləri aparılmışdır. Muzey 4 zaldan ibarət olub, şairin yaradıcılığının müəyyən dövrünə görə ekspozisiya zalları üzrə bölünmüşdür.
Eksponatların çox hissəsi şairin oğlu, AYB-nin sədri, Xalq yazıçısı Anar tərəfindən muzeyə bağışlanıb. Muzeydə 449 eksponat nümayiş olunur. 1-ci zalda ev-muzeyinin yaradılması haqqında əmr, R.Rza haqqında ümumi məlumat, Azərb. Resp. Prezidenti İlham Əliyevin R.Rzanın anadan olmasının 100 illiyi ilə əlaqədar yubileyin keçirilməsi haqqında sərəncamı asılmışdır. Bundan əlavə, Rəsul Rza poeziyasında Azərbaycançılıq məfkurəsi haqqında Ümummilli Lider Heydər Əliyevin söylədiyi fikirlər və çıxışlarından sitatlar nümayiş etdirilir. Həmçinin Sosialist Əməyi Qəhrəmanı R.Rzanın aldığı mükafatlar, fəxri adlar, bu mövzu ilə bağlı fotostendlər, R.Rza adına Göyçay r-n Mədəniyyət evinin, şairin vaxtilə oxuduğu, indi adını daşıyan orta məktəbin, şairin heykəltaraş E.Hüseynova tərəfindən yaradılmış büstünün, R.Rza adına küçənin fotoşəkilləri, “R.Rza yaddaşlarda” fotoguşəsi bu zalda yer alır. R.Rzanın anadan olmasının 70 illiyi ilə əlaqədar Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilməsi barədə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı, Heydər Əliyevin bununla bağlı çıxışından “Xalq üçün yaşayıb-yaratmaq” adı altında verilən sitatlar, şairin 100 illiyi ilə əlaqədar Türkiyədə keçirilən yubiley tədbirinin afişası, rəssam Arif Hüseynovun “Vaxt var ikən” şeirinə həsr olunmuş qrafik əsəri, şairin müxtəlif illərdə aldığı diplomlar, fəxri fərmanlar 1-ci zalın ekspozisiyalarını bəzəyir.
2-ci ekspozisiya zalında R.Rzanın uşaqlıq və gənclik illərinə aid fotomateriallar, şairin valideynləri, ailəsi, qohumları ilə birlikdə çəkdirdiyi şəkillər, ailə üzvlərinin və qohumların şəkilləri, həyat yoldaşı Nigar Rəfibəyliyə aid fotostend, əmisi Qafar, əmisi və xalası oğlu Xalq yazıçısı Ənvər Məmmədxanlıya aid fotoşəkillər, R.Rzanın müasirləri ilə birlikdə foto şəkilləri, şəxsi əşyaları, şeirlərindən seçmə parçalar, şairə məxsus piano nümayiş etdirilir.
3-cü ekspozisiya zalı şairin yaradıcılıq otağıdır. Otaqda şairə məxsus divar saatı, yazı masası, üzərində şairin yazı makinası, qələmqabı, kitab rəfi, mütaliə etdiyi qəzet və jurnalların bəzi nüsxələri, özünün və müasirlərinin əsərləri, şəxsi tarı, pencəyi, köynəyi, üzəri gümüşlə işlənmiş albom, müxtəlif əlyazmaları, 2 kreslo, 2 mütəkkə, anası Məryəm xanıma aid məişət əşyaları – mis qablar, mis neft lampaları və s. nümayiş etdirilir.
Divardan S.Vurğunun Nigar Rəfibəyliyə “Qələbə” medalını təqdim edərkən çəkilən, N.Rəfibəyli və Nazim Hikmətin fotoları, Moskvada SSRİ Yazıçılar İttifaqının qurultayında olarkən R.Rzanın N.Rəfibəyli və Mirvari Dilbazi ilə birlikdə çəkdirdikləri fotonu əhatə edən stend vurulmuşdur.
4-cü zalda Rəsul Rza və Nigar Rəfibəyliyə məxsus məişət əşyaları, suvenirlər, çay dəsti, gül qabları, stolüstü saat, tüfəng, trümo, Rəsul Rzanın ailəsi ilə olan fotoşəkillər nümayiş etdirilməklə bərabər, Nigar Rəfibəylinin cehizlik xalçası, qiymətli eksponatlar qorunub saxlanılır.
Ev-muzeyində müntəzəm olaraq maraqlı tədbirlər – Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yubileyləri, tarixi günlər, bayramlar, yeni kitabların təqdimatı, yaradıcı şəxslərlə görüşlər keçirilir. Muzeydə Xalq şairi Rəsul Rzanın 95, 100, 105, 110 illik yubileyləri, xalq şairləri S.Vurğunun, S.Rüstəmin yubileyləri təntənə ilə qeyd edilmişdir. Həmçinin muzeydə Ə.Vahidin, M.P.Vaqifin, Xurşidbanu Natəvanın, H.Cavidin, Aşıq Ələsgərin, unudulmaz şair Əli Kərimin, Bülbülün, tanınmış xanəndə Hacıbaba Hüseynovun yubileyləri keçirilmişdir. Muzeydə fəaliyyətə başladığı dövrdən indiyə kimin hər il Ümummilli Lider Heydər Əliyevin anadan olduğu və anım günləri, 20 Yanvar, Xocalı faciələri qeyd edilir. 2020 ildən başlayaraq şanlı Zəfər günümüzə həsr edilmiş təntənəli tədbirlər keçirilir. Muzeydə təntənəli şəkildə qeyd olunan milli bayramımız Novruz adətən ev-muzeyinin həyətində keçirilir.
Görkəmli ədəbiyyat və mədəniyyət xadimlərindən Fikrət Qoca, Musa Yaqub, akademik Nizami Cəfərov, AVCİYA-nın prezidenti Elxan Süleymanov, professor Asif Hacılı, Əməkdar jurnalist Fuad Babayev, yazıçı Aqil Abbas, general Akif Rəfiyev, yazıçı Səyyad Aran, şair Səlim Babulla oğlu, yazıçı İlqar Əhmədoğlu, şairə Firuzə Məmmədli və başqaları muzeyin qonağı olmuşdur.
Muzeydə şair Ətraf Sərraf, yazıçı İlqar Əhmədoğlu, ədəbiyyatşünas, publisist Əkbər Əliyev ilə görüş keçirilmişdir. Rayon məktəblərinin bir çox Azərbaycan dili və ədəbiyyat müəllimləri Rəsul Rzanın həyat və yaradıcılığı ilə bağlı dərsləri muzeydə keçirlər. Hər gün 50-60 nəfər muzeyə ziyarətə gəlir. Muzeydə Rəsul Rza adına poeziya klubu və “Gənc yazarlar” dərnəyi fəaliyyət göstərir. Kluba və dərnəyə ictimai əsaslarla şair-publisist, Əməkdar müəllim Adil Məmməd rəhbərlik edir. Klubların həftənin müxtəlif günlərində, ayda bir dəfə muzeydə məşğələsi keçirilir. Muzeydə 8 nəfər – direktor, baş fond mühafizi, kiçik elmi işçi, bələdçi, nəzarətçi, bağban, xidmətçi və gözətçi işləyir. Muzeyin direktoru Solmaz Həsənova 2005-ci ildən bu vəzifədə çalışır.
Muzeydə keçirilən tədbirlər Azərb. Resp. Mədəniyyət Nazirliyinin təlimatı, göstərişləri, dövlət proqramına əsasən və illik iş planına uyğun olaraq hazırlanır.
Məlumat A.Məmməddən alınıb.