(22.2.1901, Göyçay ş. – 1986, Moskva ş.) – Rusiya ədliyyə orqanlarının tanınmış nümayəndəsi, Ədliyyə general-mayoru.
Çox erkən yaşlarında atasını itirən balaca Əjdər ehtiyac üzündən bir rus keşişinin evində xidmətçilik edir. Burada rus dilini mükəmməl öyrənərək ibtidai təhsil alır. Anasının vəfatından bir qədər sonra o, Bakıya gedir, işə düzəlir və gənclərin inqilabi hərəkatında fəal iştirak edir. 1919 ilin payızında Xaspoladov oxumaq üçün N.Nərimanovun təqdimatı ilə bir qrup qabaqcıl gənclə birgə Moskvaya göndərilir. Həmin ildən etibarən həyatını birdəfəlik Moskva ilə bağlayan Əjdəri və onun dostlarını o zamankı Sovet dövlətinin rəhbərlərindən biri olan M.İ.Kalinin qəbul edir və onları “Şərq zəhmətkeşləri” universitetinə qəbul etdirir.
1920 ildə Ə.Xaspoladov təhsilini davam etdirərək Qızıl Ordunun Şərq və Qafqaz xalqlarının nümayəndələrindən təşkil olunmuş polkunda xidmət edir. 1924 ildə Leninin ölümündən sonra onun tabutu önündə fəxri qarovulda dayananlardan biri də Xaspoladov idi. Həmin ildə o, Ukrayna Hərbi Dairəsindən Perekop atıcı diviziyasının altıncı korpusuna hərbi tribunalın üzvü kimi işə göndərilir. 1926 ildə isə SSRİ Ali Məhkəməsi hərbi heyətinin sərəncamı ilə üçüncü Türküstan atıcı diviziyası hərbi tribunalının heyət üzvlüyünə dəyişdirilir. O, bir neçə Şərq dilini mükəmməl bilirdi. Ötən əsrin otuzuncu illərinin əvvəllərində Xaspoladov Orta Asiya Hərbi Dairəsi üzrə hərbi tribunalın sədri təyin olunur. Həmin dövrdə SSRİ-də ilk dəfə olaraq ədliyyə general-mayoru rütbəsi təsis olunur və Xaspoladov bu rütbəyə layiq görülən ilk beş nəfərdən biri olur. 1956 ildə hərbi xidmətdən istefaya çıxan Xaspoladov Daşkənddən Moskvaya köçür və burada hərbi-vətənpərvərlik işində fəal surətdə çalışır. General Xaspoladov ağır xəstəlikdən sonra 1986 ildə vəfat edib və Moskvanın Kuntsevo məzarlığında dəfn olunub.
Mənbə: Ş.Nəzirli. Azərbaycan generalları. Bakı, Gənclik, 1991, s. 100-103.