(1915, Göyçay qəz. Bığır k. – 1960) – Böyük Vətən müharibəsi iştirakçısı, AK(b)P Göyçay r-n Komitəsinin birinci katibi (1955-57).
Yoxsul kəndli ailəsində anadan olub. Valideynləri kənd təsərrüfatı ilə məşğul olub, Bığır k.-də “Stalin” adına kolxozda çalışıblar. H.Yəhyazadə 1924 ildə Bığır k.-də məktəbə gedib və 1930 ildə yeddiillik təhsilini başa vuraraq orta məktəbə daxil olub. 1934 ildə Göyçay Pedaqoji Texnikumunu bitirərək müəllim kimi fəaliyyətə başlayıb. 1935 ildə Müəllimlər İnstitutunda qiyabi təhsil alıb, 1938 ildə həmin institutu bitirib. 1934-41 illərdə Bağman, Bərgüşad və Bığır k.-lərində tam orta məktəblərdə tədris şöbəsinin müdiri vəzifəsində çalışıb.
1941 ilin oktyabrından 1942 ilin yanvarına kimi Göyçay r-n maarif şöbəsində məktəb müfəttişi vəsifəsində işləyib. 1942 ilin yanvarından oktyabrına kimi Göyçay MTS-də (Maşın Traktor Stansiyası) Siyasi şöbə müdirinin komsomol üzrə müavini olub. 1942 ilin oktyabr ayından 1943 ilin yanvar ayına kimi AK(b)P Göyçay r-n Komitəsində təlimatçı işləyib. 1943 ilin yanvarında Sovet ordusuna səfərbərliyə çağırılıb və 1943 ilin may ayına kimi ehtiyat siyasi heyət kimi təkmilləşmə kursu keçib. 1943 ilin iyunundan dekabr ayına kimi Gəncədə 32-ci ehtiyat artilleriya alayında xidmət edib. 1943 ilin dekabrından 1944 ilin may ayına kimi Xankəndi Buynaksk Piyada Məktəbində təhsil alaraq baş leytenant rütbəsinə layiq görülüb. Bundan sonra I Ukrayna cəbhəsinə göndərilib. 1944 ilin avqust ayından 1945 il mayın 9-na kimi Böyük Vətən müharibəsi cəbhələrində döyüşüb. Polşanın, Çexoslovakiyanın, Avstriyanın, Macarıstanın, Rumıniyanın, Almaniyanın faşistlərdən azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. SSRİ Ali Soveti Rəyasət Heyətinin 10.12.1945 il qərarı ilə ordudan tərxis olunub.
“Qızıl Ulduz” ordeni, “Berlinin alınması”, “Praqanın azad olunması”, “Almaniya üzərində qələbə” medalları ilə təltif olunub.
Sovet ordusu sıralarından tərxis olunandan sonra 1946 ilin aprel ayından 1947 ilin iyun ayına kimi AK(b)P Göyçay r-n komitəsində təlimatçı, 1947 ilin iyun ayından 1949 ilin yanvar ayına kimi hərbi şöbənin müdiri, 1949 ilin yanvarından sentyabrına kimi kənd təsərrüfatı şəbəsinin müdiri vəzifələrində çalışıb. 1949 ilin sentyabr ayından 1951 ilin avqust ayına kimi AK(b)P Mərkəzi Komitəsi yanında ikiillik Partiya Məktəbində təhsil alıb. Məktəbi qurtardıqdan sonra 1951 ilin avqust ayından 1952 ilin avqust ayına kimi AK(b)P Göyçay r-n komitəsində katib, 1952 ilin avqustundan 1953 ilin martına kimi ikinci katib vəzifələrində işləyib. 1953 ilin mart ayından 1955 ilin martın 30-na kimi Göyçay r-n Soveti İcraiyyə Komitəsinin sədri olub. 1955 ilin mart ayından 1957 ilə kimi AK(b)P Göyçay r-n Komitəsində birinci katib işləyib. 1957 ildə səhhətində yaranan ciddi problemlərlə əlaqədar olaraq öz xahişi ilə vəzifədən azad olunub və 30 avqust 1960 ildə vəfat edib.
Məlumat M.Yəhyazadədən alınıb.