oyk., sadə. AR Göyçay r-nunun Qaraməryəm i.ə.v.-də kənd. Qaraməryəm tirəsinin ətəyindədir. Keçən əsrin əvvəllərində bu ərazidə Yekəxana Talib və Yekəxana İbrahim adlı iki kənd olmuşdur. 1870 ildə Pirsaat çayı yaxınlığında yaşamış yekəxana tayfası və bu tayfanın 72 ailədən ibarət Yekəxana Talib bəy, 32 ailədən ibarət Yekəxana İbrahim bəy adlı hissələrdən ibarət olması haqqında məlumat verilir. Oturaqlaşdıqdan sonra onlar iki kənd salmışdılar. Talib bəy və İbrahim bəy bu ailələrin başçıları olmuşlar. Sonralar oykonimin ikinci komponentləri ixtisar olunmuş, kəndin adı Yekəxana kimi rəsmiləşdirilmişdir.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 274.