Göyçayın imkanlı şəxslərindən olan Həzrət bəy Ağazadə tərəfindən qızına cehizlik tikdirilib. Deyilənə görə, Həzrət bəyin Göyçay və Ucarda pambıq zavodları, çörək, kitab və ərzaq mağazaları vardı.
Hamam ona görə yeraltı adını alıb ki, abidənin əsas hissəsi 2 metr dərinlikdədir. Kvadrat formasında olan tikilinin ovalşəkilli üç böyük salonu var. Onlardan ikisi qadınlar, biri isə kişilər üçün idi. Hamamdan eyni vaxtda 70 nəfər istifadə edə bilirdi.
Bundan başqa, hamamda bir neçə təkadamlıq otaqlar var. XIX əsrdə tikilmiş “Yeraltı hamam” abidə kompleksi arxitektur sənətkarlıq baxımından başqa abidələrdən seçilir. Bu hamamın çirkab sularının hansı yolla hara axıdıldığı hələ də sirr olaraq qalır. Hamamın bir özəlliyi də budur ki, qış vaxtı döşəməsi isti olub.
Repressiya illərində (1930-40) hamamdan həbsxana kimi istifadə edilib. II Dünya müharibəsindən sonra isə bir müddət hamam pendir sexi kimi fəaliyyət göstərib. 1958 ildə bina təmir edilərək yenidən ilkin funksiyasına qaytarılıb.
Xatırladaq ki, ölkə əhəmiyyətli tarixi abidə olan “Yeraltı hamam” kompleksi dövlət tərəfindən qorunur.
Mənbə: https://www.ens.az/az/goycay-yeralti-hamam
https://azertag.az/xeber/Goychay_Yeralti_hamamin_sirri-927147