(1914, Göyçay r-nunun Çayarxı k.-2.6.2000, Göyçay ş.) – həkim, 3-cü dərəcəli hərbi həkim (1942).
Yusifzadə 1927 ildə Göyçay ş. 1-ci dərəcəli orta məktəbi bitirib. Nuxa (Şəki) pedaqoji məkəbinə daxil olmuş, 1931 ildə bitirərək müəllim ixtisası almışdır. 1931-32 illərdə Ucar r-nunun Müsüslü k. 7 illik məktəbində müəllim kimi işləmişdir. 1933-34 illərdə Göyçay r-n torpaq şöbəsində təlimatçı vəzifəsində çalışmış, kəndlərdə savadsızlığın ləğvində fəal iştirak etmişdir.
1934 ildə Azərb. Dövlət Tibb İnstitutuna daxil olub, 1939 ildə bitirmişdir. 1939 ilin iyun ayından dekabr ayına kimi Ağdaş r-n xəstəxanasında uşaq həkimi işləmişdir. 1939 ildə hərbi xidmətə çağırılmış, 1940 ildə Qərbi Belarusiya hərbi dairəsinin 115-ci diviziyasının tərkibində 241-ci tank əleyhinə divizionunda səhiyyə xidməti rəisi olmuş, sonra isə Leninqradda və Finlandiya sərhədlərində xidmət etmişdir. Müharibənin ilk günlərindən 115, 265-ci atıcı diviziyalarında, 951-ci atıcı polkunda sanitar rota komandiri, daha sonra polkun baş həkimi olmuşdur. 1942 ilin sentyabr ayının 12-də Volxov cəbhəsində ağır yaralanmış, 1942 ilin dekabr ayına kimi Çerepovets ş.-də 1825 saylı qospitalda müalicə olunmuşdur. Hərbi xidmətə yararlı olmadığı üçün 2-ci dərəcəli əlil kimi tərxis olunmuşdur. 1942 ildə “Hərbi xidmətlərinə görə” medalı ilə təltif edilmişdir.
1943-49 illərdə illərdə Göyçay r-nu Uşaq Xəstəxanasında baş həkim, 1949-55 illərdə Azərb. SSR Səhiyyə Nazirliyi Bilgəh revmatik uşaqlar üçün sanatoriyada baş həkim, 1955-72 illərdə Göyçay Uşaq Xəstəxanasında baş həkim, 1972-87 illərdə Göyçay internat orta məktəbdə həkim vəzifəsində işləmişdir.
1987 ildə təqaüdə çıxmışdır. 1992 ildən ömrünün sonuna kimi 1-ci dərəcəli Böyük Vətən Müharibəsi əlili kimi Müdafiə Nazirliyinin təqaüdünü almışdır. Səhiyyə sahəsində fədakar əməyinə və xidmətlərinə görə “SSRİ Səhiyyə əlaçısı” fəxri adına layiq görülmüşdür. O, “Qələbə” (1946), “1941-1945 illərdə fədakar əməyinə görə” (1947) və s. medallarla təltif edilmişdir. Böyük Vətən Müharibəsində göstərdiyi rəşadətə görə “1-ci dərəcəli Böyük Vətən Müharibəsi” ordeni ilə (1985) təltif edilmişdir.
M.Yusifzadə ictimai işlərdə fəal çalışmış, r-n Müharibə, Əmək və Silahlı qüvvələr veteranları şurasının üzvü olmuşdur.
Məlumat A.Məmməddən alınıb.