(1914, Göyçay qəz. Çayarxı k. – 2.6.2000, Göyçay ş.) – həkim, 3-cü dərəcəli hərbi həkim (1942).
Yusifzadə 1927 ildə Göyçay ş. orta məktəbi bitirib. Nuxa (Şəki) pedaqoji məkəbinə daxil olmuş, 1931 ildə bitirərək müəllim ixtisası almışdır. 1931-32 illərdə Ucar r-nunun Müsüslü k. 7 illik məktəbində müəllim işləmişdir. 1933-34 illərdə Göyçay r-n torpaq şöbəsində təlimatçı vəzifəsində çalışmış, kəndlərdə savadsızlığın ləğvində fəal iştirak etmişdir.
1934 ildə Azərb. Dövlət Tibb İnstitutuna daxil olmuş, 1939 ildə bitirmişdir. 1939 ilin iyun ayından dekabr ayına kimi Ağdaş r-n xəstəxanasında uşaq həkimi işləmişdir. 1939 ildə hərbi xidmətə çağırılmış, 1940 ildə Qərbi Belarusiya hərbi dairəsinin 115-ci diviziyasının tərkibində 241-ci tank əleyhinə divizionunda səhiyyə xidməti rəisi olmuş, sonra isə Leninqradda və Finlandiya sərhədlərində xidmət etmişdir. Müharibənin ilk günlərindən 115, 265-ci atıcı diviziyalarında, 951-ci atıcı polkunda sanitar rota komandiri, daha sonra polkun baş həkimi olmuşdur. 1942 ilin sentyabr ayının 12-də Volxov cəbhəsində ağır yaralanmış, 1942 ilin dekabr ayına kimi Çerepovets ş.-də 1825 saylı hospitalda müalicə olunmuşdur. Hərbi xidmətə yararlı olmadığı üçün 2-ci dərəcəli əlil kimi tərxis olunmuşdur. 1942 ildə “Hərbi xidmətlərinə görə” medalı ilə təltif edilmişdir.
1943-49 illərdə illərdə Göyçay r-n Uşaq Xəstəxanasında baş həkim, 1949-55 illərdə Azərb. SSR Səhiyyə Nazirliyi Bilgəh revmatik uşaqlar üçün sanatoriyada baş həkim, 1955-72 illərdə Göyçay Uşaq Xəstəxanasında baş həkim, 1972-87 illərdə Göyçay internat orta məktəbində həkim vəzifəsində işləmişdir.
1987 ildə təqaüdə çıxmışdır. 1992 ildən ömrünün sonuna kimi 1-ci dərəcəli Böyük Vətən müharibəsi əlili kimi Müdafiə Nazirliyinin təqaüdünü almışdır. Səhiyyə sahəsində fədakar əməyinə və xidmətlərinə görə “SSRİ Səhiyyə əlaçısı” fəxri adına layiq görülmüşdür. O, “Qələbə” (1946), “1941–1945 illərdə fədakar əməyinə görə” (1947) və s. medallarla təltif edilmişdir. Böyük Vətən müharibəsində göstərdiyi rəşadətə görə “1-ci dərəcəli Böyük Vətən müharibəsi” ordeni ilə (1985) təltif edilmişdir.
M.Yusifzadə ictimai işlərdə fəal çalışmış, r-n Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının üzvü olmuşdur.
Məlumat A.Məmməddən alınıb.