Yuxarı məscid kimi tanınan Əbülfəzlil Abbas məscidi Göyçay r-nunun mərkəzində N.Nərimanov ünv. yerləşir. Bu məscid ölkə əhəmiyyəti memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur (İNV 4268).
Göyçay r-nunun ziyalılarından sayılan Ə.Əhmədlinin dediklərinə görə, 1894 ildə Qafqaz Şeyxülislamı (o vaxt Qafqaz ruhani idarəsi Tiflisdə yerləşirdi) Hacı Ələsgər Axundu Şamaxıdan Göyçay qəz.-na qazi təyin edir. 1896 ilə qədər həmin yerdə kiçik bir məscid var idi. Axund imkanlı adamları toplayıb bəyan edib ki, Göyçay qəz. mərkəzidir və bizə layiqli bir məscid lazımdır. Dövlətli adamlar sərmayə verdikdən sonra, 1896 ildə məscidin inşasına başlandı. Tikinti üçün Bakıdan ilk ali təhsilli memar Z.Əhmədbəyov dəvət olundu. 1898 ildə düşmənləri axundu öldürdülər. Məscidin tikintisi üçün daş və kərpic Şəkidən, Qəbələdən gətirilmiş, taxta-şalban materialını isə Hacı Ağa adlı şəxs vermişdir. İnşasında minlərlə yumurta işlənmişdir. Həm palçığına, həm də suvağına yumurta vurulmuşdur. Tikintidə yüz iyirmi dörd min peyğəmbər eşqinə yüz iyirmi dörd min kərpicdən istifadə olunmuşdur. Məscidin bünövrəsini qoyan şəxs sübh namazını qəza etməmiş, anasından arxayın olan, həm də boynunda ölüm işi olmayan insan olmuşdur. Məscid zəkat pulu ilə tikilmiş, ustalar dəstəmazsız işləməmişlər.
Nəhayət, 1902 ildə (h.1322) məscid hazır olmuşdur. Bu məscidin qiblə divarının yuxarı hissəsində gözcük içərisində ərəbcə 1322 rəqəmi yazılmışdır. Bu yazı məscidin tikilmə tarixinin dəqiqliyini bir daha sübut edir. 1921 ildə bu məscidin bağlanması barədə göstəriş verildi. Bundan sonra çox az bir müddət ərzində məscid anbar kimi istifadə olunmuşdur. 1930 ildə məscid yenidən açıldı. Repressiya illərində məscidin minarəsini uçurublar. Minarəsini uçuranlar sonralar ağır bəlalara düçar olmuşdur. Abidənin indiki minarəsi 1945 ildə məscid təkrar açılandan sonra məscid damının üzərində tikilmişdir.
Bu məscid haqqında bir şeyi də qeyd etmək lazımdır ki, sovet hakimiyyəti illərində heç bir vaxt fəaliyyəti dayanmamışdır. Həmin illərdə bütün məscidlərdən anbar, məktəb, baxça kimi istifadə olunsa da, bu məscid daim məscid kimi fəaliyyət göstərmişdir. Göyçay və digər ətraf r-n insanları cümə namazını qılmaq üçün bu məscidə toplanarmış.
Məsciddə məşhur din alimləri olmuşdur. Hacı Ələsgər axundun oğlu Şeyx Mehdi Şirvani, Ayətullah Mir-fazil ağa, qazı Mirmahmud ağa, sonralar Məşədi Molla Bülbül, Naxçıvanlı Mirabdulla ağa, nəhayət, 1969-78 illərdə Hacı Qəzənfər axund, 1978–2006 illərdə Hacı Mircavad ağa bu məsciddə axundluq etmişlər.
Məscid ikimərtəbəli bina formasındadır. Məscid binasının uzunluğu 22 m, eni 20 m olmaqla 440 kv.m, daxili hündürlüyü isə 7 m-dir. Bu ibadət zalında eyni anda 250 nəfər ibadətlə məşğul ola bilər. Məscidin ibadət zalının işıqlı olması üçün qiblə tərəfdə 4, şm.-da 3, ş.-də 2 olmaqla 9 pəncərəsi və zala daxil olmaq üçün iki giriş qapısı vardır. Qapı binanın şm. hissəsində yerləşir. Bina 3 tərəfdən hörgü boyunca yuxarısı qövsvari olan oymalarla həm içəridən, həm də çöldən taxçalarla müşayiət olunur. Həmin taxçalar akustika yaratmaq üçün pəncərə əvəzi olmuş, sonradan onların bir neçəsi nazik qatla örtülmüşdür. Salonun içində üç ədəd sütun vardır. Binanın girişi, ön hissəsi təxminən üç m enində salonun bütün eni boyu içəridə balkondan (şəbxana) ibarətdir. Balkon da sütunlar üzərində dayaq tutmuşdur. Nəticədə qadınların ibadət etmələri üçün əlavə yer qazanılmışdır. Məscidin ön və arxa tərəfindəki pəncərə şəbəkələri çevrə və qövs şəkilli olub, nadir gözcüklərə ayrılmışdır. Hörgüdə bütün divar boyu (ön və arxa hissədə) oymalı naxışlar pəncərə şəbəkələrinin görkəminə klassik ahəngdarlıq, qüdrətli sənət nümunəsinin parlaq simasını verir. Məscidin həyətində yardımçı kiçik otaqlar vardır. Onlardan biri pilləkəni ön tərəfdən görünməz etməklə məscidin giriş hissədən görkəminə kölgə salır. Məscidin günbəzi dəyirmi formada olub, hündürlüyü 2 m-dir. Günbəzin üstü dəmir təbəqə ilə işlənmişdir. Minbər taxtadan olub, doqquz pilləlidir. Mehrabı divarın içərisində hündürlüyü 2 m-dir. Məscidin iç divarları sement məhlulu ilə suvanıb və məscidin fasad tərəfdən divarları insan zövqünü oxşayacaq formada gözəl şəkildə bişmiş kərpiclə işlənmişdir. Divarlarda ərəbcə “Allah, Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn ” kimi müqəddəs isimlər yazılıb.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 36-39.
Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı, 2001, s. 159.