Həsən bəy Səlimbəy oğlu Məlikov (28.6.1837, Göyçay qəz. Zərdab k. – 28.11.1907, Bakı ş.) – Azərb. maarifçi-demokratı, təbiətşünas alim, pedaqoq, publisist. Azərb. mətbuatının banisi, AXC-nin yaranması ilə nəticələnən Milli siyasi dirçəliş ideyalarının formalaşmasında mühüm rol oynamış ictimai xadim.
Zərdabda mollaxanada, Şamaxı ş. məktəbində oxumuş, Tiflis birinci Şəhər Gimnaziyasını (1861), Moskva Universiteti Fizika-riyaziyyat fakültəsinin Təbiiyyat şöbəsini (1865) bitirmişdir.
Bir müddət Tiflisdə “Mərz palatası”nda, Bakı quberniya idarəsində, Quba ş. məhkəməsində işləmiş (1865-69), 1869 ildə Bakı Real gimnaziyasında təbiiyyat tarixi və riyaziyyat müəllimi təyin olunmuşdur.
Zərdabi 1872 ildə yoxsul və kimsəsiz şagirdlərə maddi yardım göstərmək məqsədilə “Cəmiyyəti-xeyriyyə” təşkil etmişdir.
1873 ilin martında gimnaziyanın şagirdləri H.Zərdabinin rəhbərliyi, Nəcəf bəy Vəzirovun təşəbbüsü, Əsgər ağa Adıgözəlov (Gorani) və b.-nın iştirakı ilə Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və “Hacı Qara” komediyalarını tamaşaya qoymuşlar. Azərbaycan milli teatrının tarixi bu tamaşalarla başlanır.
Zərdabi həmçinin Azərb. demokratik mətbuatının banisidir. Qubalı mülkədar Abdulla ağa Bakıxanovdan maddi yardım alan Həsən bəy 1875 il iyulun 22-də “Əkinçi” qəzetinin birinci nömrəsini nəşr etdirmişdir. “Əkinçi” (1875-77) siyasi oyanış, ictimai tərəqqi, iqtisadi dirçəliş, mədəni yüksəliş yolunda azərbaycanlıların bələdçisi olmuş, müasir elmi bilikləri təbliğ etməklə, əhalinin təsərrüfatının inkişafına, maddi rifah halının yaxşılaşmasına kömək etmişdir. “Əkinçi” kənd təsərrüfatına dair biliklərin təbliğini əsrin qabaqcıl maarifçi-demokratik ideyalarının yayılması ilə məharətlə əlaqələndirdi. Bununla da durğun müsəlman cəmiyyətini aşağıdan-yuxarıya qədər silkələyib hərəkətə gətirdi, xalqa müasir şəraitdə tərəqqi yollarını göstərdi.
Həsən bəy Zərdabi “zindəganlıq cənginin” (“yaşamaq uğrunda mübarizə”) mahiyyətini açıqlayaraq yazırdı: “Zikr olan zindəganlıq cəngində tüfəng və xəncər işlənməz, güc və rəşidlik iş görməz. Onun əsbabı ancaq ağıldır… Elm təhsil etdikcə ağıl da artır… Bizim zəmanə dəyişilib. Biz elm sahiblərinə rast gəlmirik. Bizimlə zindəganlıq cəngini edən millətlər elm təhsil edirlər. Gərək biz də elm təhsil edək ki, onlara zindəganlıq cəngində qalib olmasaq da, onların bərabərində dayanıb duraq. Yoxsa dövlət və xoşgüzəranlıq onların əlinə keçəcəkdir və bizlər mürur ilə zindəganlıq cəngində məğlub olub tələf olacağıq. Səy et, zəhmət çək, elm təhsil elə ki, dövlət qazanıb xoşgüzəran olasan” [“Əkinçi” (1875-77), Bakı, 1979, s. 51].
Həsən bəy Zərdabinin milli dirçəliş ideyaları rəsmi hökumət dairələrində ciddi narazılıq yaratdı. O, hökumət məmurlarının nəzərində siyasi cəhətdən etibarsız adama çevrildi. 1877 ilin sentyabrında “Əkinçi” bağlandı. Millət xadimi 1879 ildə Real məktəbdə müəllimlik vəzifəsindən çıxarıldı, Bakını tərk etməyə məcbur edildi. Ailəsi ilə birlikdə doğma Zərdab k.-nə köçdü. Orada 16 il sürgün həyatı yaşadı. 1896 ildə yenidən Bakıya qayıtdı.
“Kaspi” qəzeti ilə əməkdaşlıq etməyə başladı. 1897 ildə Bakı Şəhər Dumasının məktəb komissiyasının üzvü seçildi. Bakıya ikinci qayıdış Həsən bəy Zərdabiyə ehtiyatda qalan qüvvəsini xalq işinə sərf etmək imkanı yaratdı. Müdrik el ağsaqqalı faydalı məsləhətləri ilə ədəbiyyatın, teatrın, maarifin inkişafına yaxından kömək etdi.
“Kaspi” redaksiyasında işləməklə yanaşı, “Şərqi-Rus”, “Həyat” qəzetlərində, “Dəbistan” jurnalında əməkdaşlıq etdi. 1906 ildə Qafqaz müsəlman müəllimlərinin Bakıda çağırılan birinci qurultayı Həsən bəy Zərdabinin sədrliyi ilə keçirildi. Bakı şəhər dumasına deputat seçilir. Həyatının son illərində Həsən bəy Zərdabi Bakı Şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışaraq Bakı və ətraf kəndlərdəki məktəblərə başçılıq etmişdir. Gərgin elmi fəaliyyətlə məşğul olan Həsən bəy Zərdabi həddindən artıq işləyib özünü yorduğu üçün iflic olmuş və 1907 il noyabr ayının 28-də vəfat etmişdir. O, 1907 ildə köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1937 ildə həmin ərazi dağıdılmış, mərhumun sümükləri bir neçə il evdə ailəsinin yanında qalmışdır. 1957 ildə Həsən Bəy Zərdabinin vəfatının 50 illiyi qeyd olunarkən onun sümükləri Fəxri xiyabanda dəfn olunmuşdur. Qızı Pəri xanım Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı idi. Azərbaycan Təbiət Tarixi Muzeyi, doğulduğu rayon Həsən bəy Zərdabinin adını daşıyır.
Həsən bəy Zərdabi geniş yaradıcılıq diapazonuna malik alim-publisist idi. Onun yaradıcılığı XIX əsrin sonu, XX əsr Azərbaycan ədəbiyyatının, publisistikasının mühüm məsələlərini əks etdirir. Ədibin “Əkinçi”, “Ziya” (“Ziyayi-Qafqaziyyə”), “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Dəbistan”, “Novoe obozreniye”, “Kaspi”, “Obzor” kimi Azərbaycan və rus dilli mətbuatda dərc olunmuş məqalələrində xalq həyatının müxtəlif məsələləri, iqtisadiyyat, ticarət, ədəbiyyat, dil, əlifba, idarə üsulunun islahı məsələləri əhatə olunmuşdur.
Ədibin “Daxiliyyə”, “Elmi xəbərlər”, “Əkin və ziraət xəbərləri”, ümumi başlığı altında silsilə məqalələri, təbiətşünaslığa (“Torpaq, su və hava”), gigiyenaya (“Bədəni salamat saxlamaq düsturu və əməlidir”) dair əsərləri Azərbaycan elmi publisistikasının dəyərli nümunələridir.
Həsən bəy Zərdabi “Əkinçi”ni nəşr etməklə “bir ovuc maarif buğdası səpdi”, Azərbaycanın “daşlı, dərə-təpə, qumlu torpaqlarını” şumlamağa, müasir dövr üçün tərəqqi vasitələrini hazırlayıb həmvətənlərinin istifadəsinə verməyə başladı. Həsən bəy Zərdabinin səpdiyi toxumlardan “Ziya” (“Ziyayi-Qafqaziyyə”), “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “İrşad”, “Molla Nəsrəddin”, “Dəbistan”, “İqbal”, “Açıq söz” cücərdi. Bu qəzet və jurnallarını təbliğ etdiyi ideyalar sayəsində milli dirçəliş, siyasi müstəqillik və dövlətçilik ideyaları formalaşdı. “Əkinçi”nin nəşri ilə azərbaycanlı ziyalıların birinci ictimai və ədəbi mərkəzi yarandı. Onun tərkibində Həsən bəy Zərdabi başda olmaqla Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Əhsənül-Qəvaid, Nəcəf bəy Vəzirov, Əsgər ağa Adıgözəlov, Heydəri kimi əsrin qabaqcıl ziyalıları, millət xadimləri birləşdi. Onlar əlbir, dilbir vahid cəbhədən zülm və cəhalət səltənətinə qarş hücuma keçib əski dünyanı yıxmaq, yeni cəmiyyət qurmaq uğrunda döyüşlərə başladılar. Bütün bunlar Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə nəticələndi.
Əsərləri:
Seçilmiş əsərləri. Bakı, 1960;
Türk nəğmələrinin məcmuəsi. “Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı” (XIX–XX əsrlər). Bakı, 2001.
Mənbə: F.Ağazadə Azərbaycan mətbuatının 50 illiyi, Bakı, 1926;
İ.Rüstəmov. Həsən bəy Zərdabi. Bakı, 1969;
B.Məmmədov. “Əkinçi” qəzeti, Bakı, 1976;
Ə.Mirəhmədov. Birinci Azərbaycan Qəzeti “Əkinçi” (1875–1877). Bakı, 1979;
Ш.Мамедов. Мировоззрение Гасан-бек, Зардаби, Мoskva, 1960;
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, Bakı, Lider Nəşriyyat, 2005, s. 469, 470.