(17.11.1954, Göyçay ş.) – tanınmış musiqiçi, tarzən.
1973 ildə Asəf Zeynallı adına Bakı Musiqi məktəbini tar ixtisası üzrə bitirdikdən sonra əmək fəaliyyətinə başlamış və Göyçay Uşaq Musiqi məktəbində öz ixtisası üzrə tədris etmişdir. 1982–87 illərdə Üzeyir Hacıbəyli adına Azərb. Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) Azərb. Resp.-nın Xalq artisti Ramiz Quliyevdən dərs alıb.
2008–22 illərdə Göyçay Uşaq Musiqi məktəbinin direktoru vəzifəsində çalışıb. R.Zamanovun respublikanın görkəmli tar ifaçıları, o cümlədən professor Ramiz Quliyev və xalq artisti, professor Möhlət Müslümovla saxladığı daimi yaradıcılıq əlaqələri onun sənət yolunda ardıcıl uğurlar qazanmasına böyük təkan vermişdir. Bununla belə onun yaradıcılığı təkcə müəllimlik fəaliyyətilə məhdudlaşmamış, o, eyni zamanda uzun illər Azərb.-nın görkəmli sənət adamları Yaqub Məmmədov, Süleyman Abdullayev, Vahid Abdullayev, Könül Xasıyeva və s. incəsənət xadimlərini müşayiət etməklə tar sənətinin inkişafında öz dəst – xəttini qoymuşdur. R.Zamanov öz yaradıcılığını respublika səviyyəsində də təbliğ edərək bir çox radio və telelayihələrə imza atıb. 2014 ildə Azərb. Dövlət Radiosunda onun 60 illik yubileyi münasibətilə “Xalq istedadları” adlı veriliş hazırlanmış, 2018 ildə Xalq artisti R.Quliyev və Xəzər Universitetinin təsisçisi, professor H.İsaxanlının təşəbbüsü ilə Xəzər Universiteti F.Əmirov adına Konfrans–konsert mərkəzində keçirilən solo konserti mədəniyyət xadimlərimiz tərəfindən böyük rəğbətlə qarşılanmışdır. R.Zamanov öz uğurlarını respublikamızdan kənarda da dəfələrlə nümayiş etdirmişdir. 2010 ildə Respublika günü münasibətilə Rusiya Federasiyasının Ufa vilayətinin Neftekamskaya şəhərində diasporamızın təşkil etdiyi tədbirdə R.Zamanov öz ansamblı ilə Dövlət Filarmoniyasında böyük konsert proqramı ilə çıxış etmişdir. Hazırda Azərb. Radiosunun Qızıl fondunda R.Zamanovun ifasında Azərb. bəstəkarlarının əsərlərindən ibarət 9 audio lent yazısı saxlanır.