Fizika-riyaziyyat e.d. (1991). 1939-cu il iyulun 17-də Göyçay şəhərində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1961-ci ildən Göyçayın 3 №-Ii məktəbində fizika müəllimi kimi başlamışdır. 1964-cü ildə Azərbaycan Elmlər Akademiyası Fizika institutunun aspiranturasına daxil olub. Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda laborant, kiçik elmi işçi, baş elmi işçi, aparıcı elmi işçi, şöbə müdiri olmuşdur. 1994 ildən Azərbaycan Texniki Universitetində dosent, professor vəzifələrində işləyib. Azərbaycanda və xarici ölkələrdə 100-dən çox elmi əsəri çapdan çıxıb. 10-dan çox ixtirasının müəlliflik şəhadətnaməsi var.
Monoqrafiya və dərs vəsaitlərinin müəllifidir. Azərbaycan və Rusiya EA Fizika cəmiyyətinin üzvü olub. E.Zamanova həmçinin bədii yaradıcılıqla məşğul olub,Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. “Yeraltı dünya”, “Həyat naminə. Qarabağ – xoşbəxtlik və kədərim”, “Vaxtdır, qardaşım” kimi bədii əsərlərin müəllifidir. O,elmi-fantastik janrda qələmini iki dildə – rus və Azərbaycan dillərində sınayan ilk azərbaycanlı qadın fantast yazıçısı idi. Onun hər iki dildə yazdığı elmi-fantastik əsərləri xarici ölkələrdə də çap olunub. E.Zamanova 2001-ci ildə ABŞ-ın Bioqrafiya İnstitutunun qərarı ilə ilin qadını seçilib.
Alim 2010-cu il martın 15-də vəfat edib.
Mənbə: Azərbaycan qadını ensiklopediyası, Azərbaycan Milli Ensiklopediyası NPB, Bakı, 2002, s.398; V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda), s.12-13