(4.6.1933, Göyçay ş. – 1989, Bakı ş.) – jurnalist, ədəbiyyatşünas, filologiya e.d. (1988).
1956 ildə BDU-nun Jurnalistika şöbəsini bitirib. İstedadı, təşəbbüskarlığı və çalışqanlıq keyfiyyətləri nəzərə alınaraq universitetin mətbuat tarixi kafedrasında müəllim saxlanılıb. Paralel olaraq “Xalq qəzeti”ndə (ozamankı “Kommunist” qəzeti) ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışıb. Sonrakı illərdə taleyini BDU-nun Jurnalistika fakültəsi ilə bağlayan Zeynalov “Molla Nəsrəddin” jurnalının tarixi ilə bağlı 1967 ildə namizədlik, 1988 ildə isə doktorluq dissertasiyaları müdafiə edib. Azərb. mətbuat tarixi ilə bağlı 2 cildlik dərslik hazırlayıb. Zeynalov peşəkar fəiliyyətində jurnalistikanın nəzəri və praktik sahələrinə paralel surətdə diqqət ayırıb. O, 1977 ildən başlayaraq 10 ilə qədər “Sovet kəndi” qəzetinə redaktorluq edib. Ömrünün son illərində doğma Jurnalistika fakültəsinə qayıdan Nəriman müəllim dekan seçilib. Azərb. jurnalistikasının tanınmış nümayəndəsi Zeynalov 1989 ilin yazında dünyasını dəyişib. O, fədakar mətbuat tarixçisi olmaqla yanaşı, həm də istedadlı publisist, gənc yazarlar üçün ustada çevrilmiş bir qələm sahibi idi. 1971 ildə oçerkləri “Qızıl qələm” mükafatına layiq görülüb. “Gümüş dəstəkli qılınc” romanının, “Oğul o kəsdir ki”, “Dağlar oğlu”, “Bərəkətli torpaq” oçerklər kitablarının müəllifi olub. Dövri mətbuatdakı bir çox hekayə və məqalələri dərc olunub.
Məlumat V.Abdullayevdən alınıb.