(18.2.1937, Göyçay ş. – 11.2.1998, Göyçay ş.) – jurnalist, ictimai-siyasi xadim.
ADU-nu (indiki BDU) “Qəzetin ədəbi işçisi” ixtisası üzrə bitirib (1959). Sonra Tovuz r-nuna təyinat alaraq əmək fəaliyyətinə “Tovuz” ictimai-siyasi qəzetində ədəbi işçi kimi başlayır. Təyinat müddəti bitdikdən sonra doğulub boya-başa çatdığı Göyçay r-nunda indiki “Göyçay”, 1962 ildə “Zamanın bayraqdarı”, daha sonralar isə “Yeni həyat” adlanacaq qəzetin redaksiyasında əmək fəaliyyətini davam etdirir. O.Zeynalov intellekti, savadı, yüksək peşəkarlığı, natiqlik mədəniyyəti nəzərə alınaraq r-n kommunist Gənclər İttifaqının ikinci, daha sonra isə birinci katibi vəzifəsinə təyin olunur. Komsomolda işlədiyi zaman cinayətkarlığa və ictimai qaydaların pozulmasına qarşı mübarizə edən komsomol əməliyyatı dəstəsinin üzvü, Azərb. SSR Ali Məhkəməsinin xalq icraçısı seçilmişdir.
Dəfələrlə (1965, 1971, 1975, 1995 illərdə) müxtəlif çağırış Göyçay r-n Xalq deputatları Sovetinin deputatı seçilmişdir. 1965 ildə Göyçay r-n partiya komitəsinin üçüncü, daha sonra ikinci katibi vəzifəsinə seçilən O.Zeynalov 1966 ildə Bakı Ali Partiya Məktəbinə qəbul olunmuş və orada təhsilini Qırmızı diplomla başa vurmuşdur. SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən “Rəşadətli Əməyə görə” medalı (1970), SSRİ Ali Sovetinin Sərəncamına əsasən, “Qırmızı Əmək Bayrağı” ordeni ilə (1973) təltif olunub. O.Zeynalov müəyyən səbəblər üzündən bir müddət dövlət qulluqçusu kimi fəaliyyətinə fasilə vermiş və pedaqoq kimi çalışmışdır. Lakin Ümummilli liderin yenidən Azərbaycana hakimiyyətə qayıtmasından sonra O.Zeynalov “Göyçay” qəzetinə redaktor təyin olundu və ömrünün sonunadək həmin qəzetə rəhbərlik etdi.
Məlumatı Z.Zeynalova təqdim edib.