(5.2.1936, İsmayıllı r-nunun Kürtmaşı k. – 15.9.2016, Bakı ş.) – geologiya-mineralogiya ü.f.d. (1990)
A.Əfəndiyev “Lenin” və “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif edilmiş məşhur pedaqoq Əfəndiyev Abdulla Rəhim oğlunun (1961 ildə vəfat edib) ailəsində anadan olub. Yeddiillik təhsilini Göyçay r-nunda alaraq, 1950-53 illərdə Göyçay Pedaqoji Texnikumunda oxuyub. 1959 ildə ADU-nun (indiki BDU) Geoloji coğrafiya fakültəsinin neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı şöbəsini bitirərək mühəndis-geoloq-neftçi ixtisasına yiyələnib.
1959–72 illərdə “Qaradağneft” NQÇİ-nin mədənlərində, SSRİ EA P.P.Şirşov adına Okeanologiya İnstitutunda işləyib. 1972-98 illərdə AMEA-nın Geologiya İnstitutunun neft-qaz geologiyası şöbəsində müxtəlif vəzifələrdə çalışıb. 1990 ildə “Cənubi Xəzər hövzəsinin qərb yamacında orta Pliosenin alt şöbəsi və Miosen çöküntülərinin geologiyası və neft-qazlılığı” mövzusunda dissertasiya işini müdafiə edərək geologiya-mineralogiya e.n. alimlik dərəcəsi alıb. 1998 ildən AzNQSDETLİ-nin geoloji-geofiziki ümumiləşdirmə laboratoriyasında aparıcı elmi işçi vəzifəsində fəaliyyət göstərib.
Elmi fəaliyyətinin əsas istiqamətini Azərb. depressiya zonalarının Mezokaynozoy çöküntü kompleksində yeni neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı, Cənubi Xəzər hövzəsinin qərb yamacında Paleogen-Miosen və məhsuldar qat çöküntüləri üzrə perspektivli neftli-qazlı sahələri müəyyən etmək üçün geoloji-geofiziki meyarların işlənib hazırlanması, palçıq vulkanizmi və neft-qaz yataqları sularının hidrogeologiyası və hidrokimyası sahələrinə yönəldib.
O, 1994 və 1997 illərdə BP və Lasmo şirkətləri ilə birlikdə yerinə yetirilən beynəlxalq müqavilələrdə iştirak edib. 2009 ildən təqaüdə çıxıb. 60-dan çox elmi işin müəllifi olub.
Məlumat ailəsindən alınıb.