(26.10.1938, Bakı ş.) – coğrafiyaşünas alim, coğrafiya e.d. (2006), prof (2012). Orta məktəbi 1955 ildə Göyçay r.-da bitirdikdən sonra bir müddət Bakı ş. Sabunçu r-nunda neft mədənində operator vəzifəsində işləməyə başlamışdır. Eyni zamanda 1962 ildə Bakı Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsində coğrafiyaçı-bioloq ixtisasına yiyələnmiş və təyinatla AMEA-nın Coğrafiya İnstitutunda fəaliyyətə başlamışdır. Daha sonra fəaliyyətini aspiranturada davam etdirməklə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda çalışıb. O, 1974-94 illərdə Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda baş elmi işçi, laboratoriya müdiri vəzifələrində işləmiş və Kiçik Qafqazın şimal-şərq yamaclarında dağbozqır kserefil meşə torpaqlarında kimyəvi elementlərin miqrasiyası və bioloji dövranı mövzusunda tədqiqatını davam etdirmişdir.
1978 ildən başlayaraq torpaqşünas-ekspert kimi Suriya Ərəb Respublikasına dəvət olunub. Suriyaya ikinci səfərində (1983-86) onun fəaliyyət dairəsi genişlənib, ixtisas-metodiki şuranın sədri, sovet dövlətinin Hələb şəhərindəki Baş Konsulluğunda metodik şuranın sədr müavini kimi fəaliyyət göstərib, Sovet səfirliyinin fəxri fərmanı ilə təltif olunub. 1994 ildə Azərb. Resp. Kənd Təsərrüfatı Nazirliyinin Baş elm və təhsil idarəsinə işə dəvət olunub, bir neçə elmi-tədqiqat institutunun kuratoru və elmi şuranın üzvü olub. 1995 ildə Avropa Şurası nəzdində “TASIS” proqramı üzrə rəhbər işçilər üçün 5 aylıq ixtisasartırma kursunu bitirib. Telman Xəlilov Azərbaycan nümayəndə heyətinin tərkibində 1970 ildə Polşada və 1973 ildə ADR.-də ezamiyyətdə olub. 1989 ildə Novosibirsk şəhərində sosialist ölkələri torpaqşünaslarının VIII qurultayında məruzə ilə çıxış edib. 1996 ildə İran İslam Respublikasında elmi tədbirdə respublikamızı təmsil edib. 1996 ildən BDU-nun Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə (hazırda Coğrafi ekologiya) kafedrasında dos. vəzifəsində işləməyə başlayıb. Telman Xəlilov 2006 ildə “Arid zonaların suvarılan torpaqlarının genetik xüsusiyyətləri, müasir torpaq-ekoloji səciyyəsi və meliorativ rayonlaşdırılması” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək coğrafiya və geologiya ü.f.d alimlik dərəcəsi, 2012 ildə prof elmi adını alıb. Uzun illər Kür-Araz ovalığı və Suriya Ərəb Respublikasının şimal əyalətində tədqiqatlar apararaq, hər iki regionun və digər ölkələrlə analoq təşkil edən torpaqların genetik xüsusiyyətlərinin, müasir meliorativ vəziyyətinin müqayisəli ekocoğrafi səciyyəsinin təhlilini verib. 130-dan çox dərc olunmuş elmi əsərin, o cümlədən 6 kitabın müəllifidir. T.Xəlilov 2010 ildən BDU-da yeni yaradılan Ekologiya və torpaqşünaslıq fakültəsi Elmi Şurasının, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu nəzdində Müdafiə Şurasının, AMEA-nın Respublika Elmi-Tədqiqatların Əlaqələndirilməsi Şurası Torpaq və su ehtiyatlarının idarə edilməsi və ətraf mühitin mühafizəsi problemləri üzrə Elmi Şuranın, Azərb. Torpaqşünaslar Cəmiyyətinin üzvüdür.
Mənbə: https://science.gov.az/az/news/open/9010