Mirzə Kərim oğlu Mikailov (29.11.1947, Göyçay ş. – 31.1.2020, Münhen ş., AFR) – publisist, hüquqşünas.
ADU-nun Hüquq fakültəsini bitirib (1973). 1974 ilin yanvar ayınadək Sumqayıt ş. vəkil işləyib. Həmin ilin iyununda SSRİ-ni tərk edib və İsrailə mühacirət edib. 1976 ilin avqust ayında “Azadlıq Radiosu”nun Azərb. redaksiyasına işə götürülüb. 1979-85 illərdə “Azadlıq Radiosu” Azərb. Redaksiyasının redaktor müavini vəzifəsində çalışıb. 1985 ilin oktyabr ayında Amerika Birləşmiş Ştatlarına köçüb və Vaşinqtonda “Amerikanın Səsi” radiosunun (VOA – Voice of Amerika) Azərb. bürosunun rəhbəri vəzifəsində işləməyə başlayıb.
1987 ilin fevral ayında yenidən Almaniyaya qayıdıb və 2003 ilin sentyabrına qədər Münhen ş. “Azadlıq Radiosu” Azərb. redaksiyasının müdiri vəzifəsini icra edib. Bu illər ərzində müxtəlif ölkələrdə dil və peşə üzrə təhsil müəssisələrində oxuyub: 1975 ildə İsraildə Təl-Əviv Universitetində SSRİ-dən gəlmiş hüquqşünaslar üçün açılan xüsusi kurslarda, 1979 ildə Nyu-York ş. Hünter Kollecində, 1981 ildə Böyük Britaniyanin Folqston ş. xüsusi ingilis dili məktəbində, 1986 ildə Vaşinqtonda menecerlər üçün ixtisasartırma kurslarında, 1989 ildə isə Boston Universitetində Münxen filialının təşkil etdiyi menecerlik kurslarında oxuyub. Mühacirət həyatı illərində tərcümələr edib, müxtəlif jurnallar, məcmuələr üçün tədqiqat yazıları hazırlayıb. 70 illərin sonu 80 illərin əvvəllərində Mirzə Xəzər İsveçin Stokholm ş. Tərcümə İnstitutunun sifarişi ilə İncili (Əhdi-Ətiq və Əhdi-Cədid) bütövlükdə müasir Azərb. dilinə tərcümə edib. Mirzə Xəzərin tərcümə etdiyi İncil (Əhdi-Cədid) ilk dəfə 1983 ildə Xorvatiyada, ümumən isə beş dəfə nəşr edilib. Mirzə Xəzərin Azərbaycana ən önəmli xidmətlərindən biri də 1990 il Yanvar faciəsi zamanı sovet qoşunlarının Bakıya yeridildiyi və respublikanın informasiya blokadası yaşadığı bir zamanda canlı yayımda “Azadlıq” radiosunun efirindən baş verənlər barədə məlumatı çatdırması və bunu Rusiyanın Azərbaycanı istilası adlandırması olub. Mirzə Xəzər uzun müddət “Mirzə Xəzərin Səsi” radiosuna da rəhbərlik edib.
Mənbə: https://www.gununsesi.info/mirzə-xəzər-kim-idi/