(7.12.1906, Göyçay qəz.Potu k. – 11.8.1984, Bakı ş.) – ictimai xadim, V çağırış Azərb.SSR Ali Sovetinin deputatı (1957), Əməkdar iqtisadçı (1964).
İbtidai təhsilini Potu k.-də, sonra isə Göyçay ş. orta məktəbində almışdır. 1922 ildə Göyçay ş. məktəbinin beşinci sinfindən təhsilini davam etdirmək üçün Kirovabad (indiki Gəncə) Kənd Təsərrüfatı Texnikumuna göndərilmiş və 1928 ildə həmin texnikumu bitirmişdir. 1928 ilin aprel ayından 1930 il sentyabr ayınadək Kürdəmir r-nunda əvvəlcə aqrotexnik, sonra isə həmin r-nun Mollakənd k.-də aqronom məntəqəsinin müdiri vəzifəsində işləyib və kənd təsərrüfatı sahəsində yeni mütərəqqi tədbirlərin tətbiqi və həyata keçirilməsində fəal iştirak etmişdir. 1930 ilin sonlarında Göyçay mahal partiya təşkilatı tərəfindən təhsilini davam etdirmək üçün Azərb. Kənd Təsərrüfatı İnstitutuna ezam olunmuş və 1934 ildə həmin institutu müvəffəqiyətlə bitirərək iqtisadçı-aqronom ixtisasına yiyələnmişdir.
1934-37 ilədək Göyçay r-n Torpaq Şöbəsində fəaliyyətini davam etdirmişdir. 1937 ildə r-n partiya təşkilatının qərarı ilə SSRİ Mərkəzi Statistika İdarəsi sisteminə işə keçirilərək Azərb. MSİ-nin Göyçay r-nu üzrə müfəttişi vəzifəsində işləmişdir.
1939 ildə Ümumittifaq əhalinin siyahıyaalınmasının Göyçay r-nu üzrə nümunəvi qaydada keçirilməsi ilə əlaqədar Göyçay r-n müfəttişi vəzifəsindən Bakı ş. Statistika İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdir. Həmin vəzifədə 1942 ilədək işləmişdir. Bu dövrdə Bakı ş. Sovetinin deputatı seçilmişdir.
1942 ilin iyun ayında Azərb. Mərkəzi Partiya Komitəsinin qərarı ilə Azərb. MSİ-nin rəisi vəzifəsinə keçirilmişdir. Bu vəzifədə 1963 ilin aprel ayınadək fəaliyyət göstərmişdir. Həmin illərdə statistika sistemində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına ehtiyac olduğundan müharibə zamanı bağlanmış Statistika Texnikumunun bərpa edilməsi və Ağamalı adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun nəzdində Statistika fakültəsinin açılması üçün şəxsən təxirəsalınmaz işlər görmüşdür.
26 il statistika sistemində qüsursuz fəaliyyət göstərdiyi dövrdə bu sistemdə onun şəxsi rəhbərliyi ilə ilk dəfə olaraq elmi əsaslarla mühüm işlər görülmüşdür, müxtəlif tipli siyahıyaalmalar aparılmış, gündəlik statistik məlumat toplamalar icra edilmiş, ilk dəfə olaraq respublika daxilində elmi əsaslarla və təkmilləşdirilmiş metod və təhlillər əsasında əmək resursları balansı, maliyyə balansı, milli gəlirin hesablanması və digər mühüm məlumatların hazırlanması həyata keçirilməyə başlanmışdır. Onun şəxsən iştirakı və redaktorluğu ilə bir sıra elmi-statistik külliyyatlar və başqa statistik toplular və materiallar hazırlanıb nəşr edilmişdir. 1957 ildə Resp. MSİ nəzdində ilk dəfə olaraq Maşınla Hesablama Stansiyası (MHS) təsis edilmiş, statistik məlumatların nəşri üçün MSİ nəzdində xüsusi mətbəə yaradılmışdır.
Fəaliyyəti dövründə respublika və SSRİ təşkilatları və orqanları tərəfindən təşəkkür və mükafatlara layiq görülmüşdür. 1960 ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə uzun müddət qüsursuz işləməyə və 1959 ildə əhalinin siyahıyaalınmasının müvəffəqiyyətlə keçirilməsinə görə “Lenin” ordeni, iki “Şərəf Nişanı” ordeni, bir sıra medallarla (“Qafqazın müdafiəsinə görə,” 1941-45 illərdə Böyük Vətən müharibəsində rəşadətli əməyə görə”, “Əmək veteranı” və s.) təltif edilmişdir. Bundan əlavə, 1958 ildə Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin iştirakçısı kimi sərginin qızıl medalı, iki dəfə Azərb. SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı, SSRİ Mərkəzi Statistika İdarəsi tərəfindən 3 dəfə “Sosialist uçotu əlaçısı” döş nişanı ilə təltif edilmişdir.
Azərb. SSR Ali Sovetinin 1963 il 19 fevral tarixli qərarı ilə ona respublika əhəmiyyətli fərdi pensiya, 1972 ildən isə Ümumittifaq əhəmiyyətli fərdi pensiya təyin edilmişdir. Təqaüdə çıxdıqdan sonra 1977 ilin martınadək, yəni 14 il müddətində Azərb. SSR Ali Soveti Rəyasət Heyətində məsləhətçi vəzifəsində çalışmışdır.
Məlumat prof. Ş.Göyçayskidən alınıb.