29.5.1932, Göyçay ş. – 15.8.2008, Bakı ş.) – ictimai xadim, Azərb. SSR Dövlət Təbiəti Mühafizə Komitəsinin ilk sədri.
Orta məktəbi bitirəndən sonra xüsusi seçimlə (qəbul imtahanları vermədən) Moskvaya oxumağa göndərilib və orada Moskva Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutunu mühəndis-mexanik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirb. 1958 ilin martında Azərb. Elmi-Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutunun əyani aspiranturasına daxil olub və elmlər namizədi adı almaq üçün dissertasiya müdafiə edib. 5 elmi əsərin və ixtiranın müəllifidir. Adıgözəlov 1961 ilin dekabrından 1963 ilin sentyabrına qədər Azərb. KP Mərkəzi Komitəsində çalışıb. 1963 ilin sentyabrında Azərb. Həmkarlar İttifaqları Şurasının (AHİŞ) katibi, kənd təsərrüfatı həmkarlar ittifaqı təşkilatlarına rəhbərlik üzrə AHİŞ-in Bürosunun sədri, eyni zamanda kənd təsərrüfatı işçiləri və fəhlələri həmkarlar ittifaqı Resp. Komitəsinin sədri vəzifələrində çalışıb.
1967 ildə respublikada Azərb. SSR Dövlət Təbiəti Mühafizə Komitəsi yaradıldı. Adıgözəlov Komitənin ilk sədri təyin edildi və 23 il müddətində bu mühüm və məsul sahəyə rəhbərlik etdi. Onun rəhbərliyi dövründə Komitə nazirlik və idarələrin təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi işindəki fəaliyyətinə dövlət nəzarəti orqanına çevrildi. Adıgözəlovun rəhbərliyi altında Azərbaycanın “Qırmızı Kitab”ı nəşr edildi. Həmin kitabda Azərb.-da olan nadir heyvan və bitkilərdən söhbət açılır və onların yoxa çıxma təhlükəsi qarşısında qalmalarından bəhs edilirdi. Adıgözəlov Azərb. SSR Ali Sovetinin bir neçə çağırış deputatı seçilmiş, Azərb. KP MK.-nın üzvü olmuşdur. Fəaliyyəti müddətində Adıgözəlov “Qırmızı Əmək Bayrağı” ordeni, iki dəfə “Şərəf nişanı” ordeni, “V.İ.Leninin anadan olmasının 100 illiyi”, “Sovet hakimiyyətinin 50 illiyi (1917–1967)”, “SSRİ-nin 50 illiyi (1922–1972)” medalları, Azərb. SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, ÜİHİMŞ-in Fəxri Fərmanı ilə təltif edilib.
Məlumat V.Abdullayevdən alınıb.