(25.9.1909, Göyçay r-nunun Qızılağac k. – 1.10.1989, Göyçay ş.) – dövlət qulluqçusu, partiya işçisi, kolxoz sədri, 5-ci və 6-cı çağırış SSRİ Ali Sovetinin deputatı (1958, 1962). Qızılağac k. 7 illik məktəbini, Pedaqoji Texnikumu (1932), Azərb. Ali Kommunist Məktəbini (1936) bitirib. Zərdab r-n Komsomol Komitəsinin katibi (1936), Zərdab r-n Xalq Maarif Şöbəsinin müdiri (1937), Zərdab r-n Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini (1938), Ucar qəsəbə Sovetinin sədri (1939), Azərb. Biyan Kombinatının Ucar filialının direktoru (1940-41) vəzifələrində işləyib. 1941 ilin iyul ayında hərbi xidmətə gedib. 1941 ildə Bakı ş.-də siyasi rəhbər hazırlayan kursu, 1944 ildə özüyeriyən artilleriya kursunu bitirib. 1942 ilin yanvar ayından cəbhədə olub. Krım (1942), Stalinqrad (1943), 4-cü Ukrayna cəbhələrində vuruşub. Krım (1942) və Ukrayna cəbhələrində (1943) yaralanıb. 1944 ilin sonunda səhhəti ilə əlaqədar hospitala göndərilib, 1945 ildə baş leytenant rütbəsində ordudan tərxis olunub.
1945-46 illərdə Göyçay tədarük kontorunda müdir, 1947-48 illərdə Qızılağac k. sovetinin sədri, 1948-50 illərdə Göyçay r-n partiya komitəsində təlimatçı, 1950-66 illərdə “Bolqarıstan” kolxozunun sədri vəzifəsində işləyib. 1966-71 illərdə Göyçay 7 saylı tikinti idarəsinin rəisi, 1971-74 illərdə Nizami adına Narçılıq sovxozunun direktoru, 1974-75 illərdə Göyçay ş. İstehlak Cəmiyyətinin sədri, 1978-88 illərdə Göyçay Asfalt-beton zavodunun direktoru olub. Qasımovun sədr olduğu dövrdə “Bolqarıstan” kolxozu keçmiş SSRİ-nin ən qabaqcıl kolxozlarından biri olub.
Qasımov xidmətlərinə görə “Qırımızı Ulduz” (1947) və “Qırmızı Əmək Bayrağı” ordenləri (1966), döyüş və yubiley medalları ilə təltif edilib. SSRİ səhiyyə nazirinin əmri ilə “SSRİ Səhiyyə Əlaçısı” (1957), Azərb. SSR maarif nazirinin əmri ilə “Qabaqcıl maarif xadimi” (1957) döş nişanları ilə təltif edilib. Azərb. SSR Ali Sovetinin fərmanı ilə “Azərbaycan SSR pambıq ustası” (1957) fəxri adına, Azərb. SSR Ali Sovetinin Fəxri fərmanına (1958) layiq görülüb.
SSRİ Xalq Naliyyətləri Sərgisinin 3 dəfə iştirakçısı olub, böyük qızıl, böyük gümüş və bürünc medallarla təltif edilib, qızıl qol saatı mükafatı alıb.
Sov.İKP MK-nın qərarı ilə sovet nümayəndə heyətinin tərkibində Bolqarıstan Xalq Respublikası, Albaniya Xalq Resp.-sı və Hindistan Resp.-sında səfərdə olub. Bolqarıstan Xalq Resp.-sının partiya və dövlət rəhbərləri ilə şəxsi dostluq münasibətləri olub. İttifaq əhəmiyyətli pensiyaçı olub.
Məlumat A.Məmməddən alınıb.