(20.3.1951, Göyçay r-nunun Qarabağlar k.) – yazıçı, AYB-nin üzvü (2011), filologiya ü.f.d. (1987).
Əliyev orta təhsilini Göyçay ş. 4 saylı (indiki 9 saylı ) tam orta məktəbdə alıb, daha sonra o zamankı 6 saylı Kənd Peşə Məktəbində oxuyub. Həmin məktəb şəhər tipli 58 saylı Peşə Məktəbi olanda o burada komendant vəzifəsində çalışıb. Əliyev 1971-75 illərdə APİ-nin Filologiya fakültəsində əyani təhsil alıb. İnstitutu bitirdikdən sonra təyinatla Göyçay r-nunun Ulaşlı Şıxlı k. tam orta məktəbinə göndərilib. 1992 ilədək burada dil-ədəbiyyat müəllimi kimi çalışıb. Dərs yükü saxlanılmaqla onu r-n Təhsil Şöbəsində metodist vəzifəsinə işə qəbul ediblər. O burada çalışmaqla bərabər, şəhərdə fəaliyyət göstərən pedaqoji kollecdə və San-Marino Elmlər Akademiyası Mingəçevir filialının Göyçay şöbəsində dərs deyib.
Ə.Əliyev AMEA-nın Ədəbiyyat İnstitutunun aspiranturasında (1979-86) qiyabi təhsil alıb, “Azərbaycan aşıq şeirinin ideya-bədii xüsusiyyətləri” (19 əsrin sonu, 20 əsrin əvvəllərində) mövzusunda dissertasiya müdafiə edərək alimlik dərəcəsi alıb. 1984 ildə ona “metodist müəllim” adı verilib, ali kateqoriyalı müəllim statusu qazanıb. Pedaqoji fəaliyyətlə yanaşı, elmi, ədəbi-bədii yaradıcılıqla məşğul olub, AYB-nin nəzdində “Gənc tənqidçilər studiyası”nın üzvü olub.
2000 ildən sonra Əliyev əsas iş yeri r-n Təhsil Şöbəsi olmaqla yanaşı, təqaüdə çıxanadək Göyçay r-nunun Çayarxı k. məktəbində müəllimlik edib. O, iki dəfə Resp. müəllimlərinin “Elmi-pedaqoji mühazirələr” müsabiqəsində iştirak edərək rəğbətləndirici yer qazanıb, şagirdləri resp. müsabiqələrinin iştirakçısı olublar.
Əlioğlunun 170-dən çox elmi, ədəbi, tənqidi məqaləsi çap olunub. O, “Ruhların səsi” (1995), “Azərbaycan aşıq şeirinin poetikası” (2002), “İkinci doğuluş” (2003), “Şama pərvanə kimi” (2005), “Məktəb metodisti” (2007), “Göyçay – nəyi bilirik” (2009), “Qapıları döy görüm” (2011), “Gülxanı Pənahın bədii nəsri” (2016), “Allahların savaşı” (2017), “Kərkicahanlı Gülcahan, yaxud əsirin əsəri” (2019), “Yada düşər xatirələr” (2020) adlı elmi, publisistik, bədii kitabların müəllifidir.
Məlumat Ə.Əliyevdən alınıb.