Çərəkə toponimi ilə bağlı müxtəlif fikirlər vardır. Çərəkə sözü fars dilində Quranın kiçik surələrindən tərtib edilmiş və dərsxanalarda əlifba kitabını əvəz edən kitaba deyilir. Bu sözün farsca “dörddə bir” mənası vardır. Bu k.-də vaxtilə iki məscid olmuşdur. Məscidlərdən biri indiki kənd 1 saylı orta məktəbin yanında, digəri isə indiki kənd 2 saylı məktəbin yerində olmuşdur. Bu k.-də məscid və ilk dini məktəbi Həmid Əfəndinin babası Molla Məmməd açmışdır. Bu mədrəsədə digər yerlərdən gələn insanlar da dərs almışdır. Bu k.-in adının Çərəkə olmasının bu mədrəsə ilə bağlı olduğu ehtimal edilir. Bura gələn insanlar “çərəkə öyrənməyə gedirəm” deyərlərmiş. Elə o vaxtdan bu k.-in adı Çərəkə olaraq qalmaqdadır. K.-də Qarabağlar k.-ində yaşamış Ümid Əfəndinin oğlu Abdulla Əfəndi, Həmid Əfəndi və digər savadlı din xadimləri olmuşdur.
Abdulla Əfəndi bu k.-də bir neçə il imamlıq etmiş, 1938-39 illərdə həbs olunmuşdur. Hal-hazırda k.-də yeni kiçik bir məscid vardır. 1995 ildə İslam İrsinin Dirçəlişi Cəmiyyəti tərəfindən tikilmiş bu məscid k.-in mərkəzində yerləşir. Bina düzbucaqlı formada olub, başdan-başa mişar daşı ilə tikilmişdir. Ümumi sahəsi 128 kv.m-dir. İbadət zalı (8 m x 14 m) 112 kv.mdir. Bu zalın ş. və q. tərəfdə 4 omaqla 8 pəncərəsi və zala daxil olmaq üçün şm. tərəfdən 2 giriş qapısı vardır. Qapı və pəncərə başları arkalıdır. Giriş qapıları önündə 2 m enində 5 tağlı sütunlar üzərində dayaq tutmuş məscid binasının eni boyu uzanan eyvan vardır. Məscidin damı ağ dəmir örtüklə örtülmüş, minarəsi damın üzərində 2 m hün.-də səkkizguşəli formada olub, aşağı hissəsi dəyirmi, yuxarı hissəsi sivri formadadır. Yerdən minarənin üstünədək hün.-yü 12 m-dir. Məscidin inşasında yerli inşaat materiallarından istifadə olunmuşdur.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 68-69.