(1.7.1924, Göyçay r-nunun Qaraman k. – 14.3.1987, Göyçay ş.) – müəllim, Böyük Vətən müharibəsi iştirakçısı.
Orta təhsilini 7 illik Qaraman k. məktəbində alıb. 1938 ildə Göyçay Pedaqoji Texnikumuna daxil olub. Oranı bitirdikdən sonra 1941-42 illərdə Göyçay r-nunun Qaraman k. məktəbində müəllim kimi fəaliyyət göstərib. 1942 ildə hərbi xidmətə çağırılıb, İkinci Dünya müharibəsində (1942-43) alman faşizminə qarşı 18-ci ordunun tərkibində döyüşlərdə iştirak edib. Şm. Qafqazda gedən Krasnodar, Maykop, Temruq, Gəlincik, Anapa kimi ş.-lərin azadlığı uğrunda gedən döyüşlərdə faşistlərə qarşı cəsarətlə vuruşub. 1943 ildə Novorossiysk uğrunda gedən döyüşlərdə yaralanıb və ordudan tərxis olunub. İştirak etdiyi döyüşlərdə göstərdiyi şücaətlərə görə “İgidliyə görə” (2 dəfə), “Qafqazın müdafiəsinə görə”, “Qızıl Ulduz” və Birinci dərəcəli “Böyük Pyotr“ orden və medalları ilə təltif edilib.
Qəhrəmanlıqla iştirak etdiyi müharibə Xalid müəllimin həyatında dərin iz qoyub. Arxiv sənədlərində təsdiqləndiyi kimi, igidliyinə görə ona Sovet İttifaqı Qəhrəmanı adını təqdim ediblər və bütün instansiyalarda namizədliyi təsdiqlənib, ancaq son məqamda məlum olmayan səbəblərdən layiq olduğu bu mükafat ona təqdim olunmayıb. Göyçaylılar yaxşı xatırlayır, müharibədə əlil olmuş və protez ayaqla gəzən Xalid müəllim hər il Qələbə bayramında hərbi paltarını geyinib, paradda iştirak edərdi. Onun üçün çətin olmadığını soruşanda cavab verərdi ki, müharibə sizin üçün qurtarıb, mən hər gün ayağıma protezi geyinəndə müharibə mənim üçün yenidən başlayır.
Müharibədən qayıtdıqdan sonra müəllimlik fəaliyyətini davam etdirib. 1965 ildə BDU-nun Fizika-riyaziyyat fakültəsinə qəbul olub. 1943-85 illərdə Göyçay ş.-də müxtəlif məktəblərdə fizika-riyaziyyat müəllimi işləyib.
Məlumat F.Mehdiyevdən alınıb.