Aşıq sənəti çox qədim tarixi köklərə malik olan xalq yaradıcılığı sahəsidir. Tarixi inkişafı ərzində müxtəlif mərhələlərdən keçmiş aşıq sənəti bir çox mədəni dəyərləri özündə birləşdirmişdir. Bu sənət sahəsini öyrənərkən qarşımıza çıxan ilk suallardan birincisi “aşıq” sözünün etimologiyası ilə bağlıdır. “Aşıq” sözü ərəb mənşəli “aşiq” sözündən götürülüb və mənası “sevən” deməkdir. Yəni Allahı bütün qəlbi ilə sevən insan.
“Aşıq” sözünün etimologiyası daha qədim Varsaq, Yanşaq, Uzan-Ozan, Aşiq adlarından törəndiyi artıq elmə məlumdur. Aşıq sənətkarlarlar orta əsrlərdən xalq arasında xüsusi hörmət və rəğbətlə qarşılandıqları üçün onlar “əhli-həqq”, “haqq aşiqi” kimi adlandırılmışlar. Əksər aşıq mühitlərinin yayıldığı ərazilərdə Dədə və ya “haqq aşiqi” adlandırılan sənətkarlar dünyasını dəyişdikdən sonra onların məzarları ziyarətgahlara çevrilmişdir. Aşıqların xalq arasında böyük etimadı olmasını Gorus məktəb nəzarətçisi P.Vostrikov belə şərh edir. “Əhali aşığın sözünə tam mənası ilə inanır və etiqad bəsləyir. Bu kəndlərdə hətta savadlı ziyalılar aşıq qədər hörmətə malik deyildir. Kəndli alimə o qədər inanmır, nə qədər ki bu sadə xalq şair-müğənnisinə inanır”.
Molla Qasım Şirvani ilə başlayan aşıq sənətinin mənşəyində Azərbaycan xalqının bir sıra milli-mənəvi dəyərləri cəmlənir. Buraya xalq inancları, xalq fəlsəfəsi, xalq şeiri ənənələri, xalq musiqisi ənənələri, xalq adət və mərasimləri, xalq sənəti ənənələri, peşəkar folklor söyləyicisi daxildir.
Aşıq sənətinin mənşəyi haqqında iki əsas konsepsiya var. Birinci konsepsiyaya görə, aşıq sənətinin mənşəyində ozan sənəti durur. Sözügedən konsepsiyanın müəllifləri XX əsrin 20-ci illərindən başlayaraq bu fikri əsaslandırmaq üçün müxtəlif tədqiqatlar aparmışlar. Həmin konsepsiyanı müdafiə edən tədqiqatçılar arasında Bəkir Çobanzadənin, Həmid Araslının, Mürsəl Həkimovun, Qara Namazovun adları vardır. İkinci konsepsiyaya görə, aşıq sənətinin mənşəyində sufizm dayanır. Bu sənətin formalaşması iki böyük mərhələdən keçir:
1. təsəvvüf mərhələsi;
2. sənət mərhələsi.
Türklərin islamı qəbul etmələrindən sonra bir çox əski inanclar İslam dəyərləri ilə qovuşaraq bir sıra məzhəb və təriqətlərin yaranmasına səbəb olmuşdur. Azərb. aşıq sənəti də sufi ideya və praktika əsasında yaranmışdır.
Aşıq sənətinin mənşəyində dayanan əsas fəlsəfi təlim vəhdəti-vücuddur. Bu fəlsəfə aşıq yaradıcılığının və aşıq şeirinin əsas məzmununu təşkil edir. Orta əsrlərdə formalaşmış təsəvvüf fəlsəfəsi özündə əski inanclarla İslam ehkamlarını ehtiva etdiyindən zəngin bir tərkibə malikdir. Yaradılışının ilkin mərhələlərində həmin dövrdə mövcud olan sənət növlərindən mədəniyyətin və ədəbiyyatın müxtəlif ünsürlərindən təsirlənmiş və bir növ sintez şəklində yeni sənət hadisəsi kimi meydana gəlmişdir.
Aşıq sənətinin inkişafında XV-XVI əsrlər xüsusi mərhələ təşkil edir. Belə ki, həmin dövrdə bir çox Şərq ölkələrində, o cümlədən, Azərb.-da bir sıra məzhəb və təriqətlər yaranmışdır ki, bunların ölkənin mədəni həyatında rolu genişlənməyə və daha da artmağa başlamışdır. Bu dövrdə bir çox müsəlman və Şərq ölkələrində sufi hərəkatlar geniş vüsət almışdır.
Aşıq sənəti, əsasən, iki mərhələyə bölünür:
1. Haqq aşıqlığı (aşiqlik) – XIII-XVII əsrlər.
2. Sənətçi aşıqlıq – XVIII-XX əsrlər.
Haqq aşiqliyi mərhələsi də iki mərhələdən ibarətdir:
1. Təkkə mərhələsi – XIII-XVI əsrlər.
2. Saray mərhələsi – XVI-XVII əsrlər.
Aşıq yaradıcılığı özündə xalq ruhunu, xalq təfəkkür və dünyagörüşünü əks etdirir. Məhz bu məziyyətlərinə görə bu sənət YUNESKO tərəfindən qorunur və gələcək nəsillərə olduğu kimi çatdırılmasına səy göstərilir.
Azərb. xalqının ən qədim dövrdən başlayaraq milli dəyərlərini özündə əks etdirən bu sənət sahəsi tarixin süzgəcindən keçərək heç bir xarici təsirə məruz qalmadan milli sənət fenomeni kimi bu gün də öz fəaliyyətini davam etdirməkdədir.
Əsas etibarilə demokratik mahiyyət daşıyan aşıq yaradıcılığının məzmunu çox geniş, müxtəlif və rəngarəngdir. Aşıq sənətinə qədim epik dastanlar, xalqın azadlığını, qəhrəmanlığını tərənnüm edən mahnılar, satirik və yumoristik, həm də dostluğu, məhəbbəti vəsf edən mahnılar daxildir. Aşıq sənəti sinkretikdir, yəni aşıq şeir yazır, musiqi bəstələyir, həm də oxuyaraq sazda çalır və rəqs edir. Aşığı çox vaxt balaban və nəfəsli alətlər ansamblı da müşayiət edir. Lakin aşığın əsas musiqi aləti sazdır. Saz Azərb. xalqının ən qədim simli musiqi alətidir. Alətin gözəl tembrinə görə sazı şairlər həmişə vəsf etmişlər. Aşıq yaradıcılığının ən geniş yayılmış janrı dastandır, xüsusilə də qəhramani-epik dastanlar. Dastanlarda vokal-instrumental hissələr şeirlə danışıq parçalarını əvəz edir.
XVI əsrin xalq qəhrəmanı, feodallara və xarici işğalçılara qarşı çıxmış cəsur, igid Koroğlu haqqında dastan məşhurdur. Bu dastanda “Koroğlu cəngisi”, “Atlı Koroğlu”, “Rübai Koroğlu”, “Koroğlu Təbilcəngi” və b. aşıq mahnılarında Koroğlunun qəhrəmanlığı vəsf edilirdi. “Misri” havası da qəhrəmanlıq xüsusiyyəti daşıyaraq aşıqların xüsusilə deyişməsi vaxtı ifa edilir. Deyişmədə iki, üç, hətta dörd aşıq iştirak edərək müəyyən mövzuda improvizə edə bilirlər.
Aşıq yaradıcılığının lirik janrında tərifləmələr, “gözəlləmə”lər xüsusilə məşhurdur. Bu “gözəlləmə”lər həm sevimli, gözəl qadına, həm də qəhrəmana, məsələn, igid Koroğluya, onun əfsanəvi Qıratına həsr olunmuşdur. Aşıq havalarının bir qismi qəm, kədər notları ilə zəngin olur: “Yanıq Kərəmi”, “Dilqəmi” kimi, digər hissəsi isə “Ovşarı”, “Göyçəgülü”, “Cəlili” kimi oynaq havalardır ki, aşıq melodiyasının gözəl nümunələrinə aiddir.
Aşıq yaradıcılığında ən geniş yayılmış şeir vəzni hecadır. Aşıq havalarının çoxunun quruluşu bənd formasındadır. Hər bəndin əvvəlində instrumental giriş olur və hər bənd bir-birindən instrumental solo ilə ayrılır.
Aşıq yaradıcılığı sinkretik sənət kimi özündə bir neçə sənət növünü birləşdirsə də, bu topluda başlıca yer ənənəvi havacatındır. Musiqili təsvir vasitələri və bədii ümumiləşdirmələrlə zəngin olan ənənəvi aşıq havacatı öz dəyişməz estetik dəyəri, cilalanmış dil-üslubu, dərin fəlsəfi mənalanma, əxlaqi yönümü ilə səciyyələndirilir.
Ənənəvi klassik aşıq havaları bayatı, gəraylı, qoşma, təcnis və b. poetik formalara əsaslanır. 80-dən artıq (“Kərəmi”, “Ovşarı”, “Kürdü”, “Dilqəmi”, “Yanıq Kərəmi”) aşıq havalarının ayrı-ayrı ərazi variantları mövcuddur.
Aşıq havalarında musiqi ilə poetik mətnin qarşılıqlı əlaqəsi onların melodik-ritmik, forma xüsusiyyətlərinin yaranmasına önəmli təsir göstərir. Aşıq poeziyasının əsas vəzni heca vəznidir. Havaların quruluşu şeirin forma və heca tərkibi, bölgü xüsusiyyətləri ilə əlaqədə yaranır. Aşıq sənəti Azərb.-ın Şamaxı, Salyan, Ağsu, Kürdəmir, Göyçay, Qazax, Tovuz r-nlarında, həmçinin tarixi Göyçə və Borçalı mahallarında xüsusilə vüsət tapmışdır.
Folklor mədəniyyətinin digər sahələri kimi aşıq yaradıcılığı da çoxtərkibli sənətdir. Yəni aşığı biz ayrıca şair kimi, musiqi ifaçısı kimi, xanəndə kimi, rəqqas kimi, mərasim icraçısı kimi araşdırdığımız zaman aşıqlığın bütöv və vahid bir sənət olduğunu diqqətdə saxlamalıyıq. Bu tərkib hissələri olduğu üçün də aşıq sənəti mövcuddur. Hər bir hissənin ayrılıqda min illərlə yaşı ola bilər. Amma üzvi şəkildə birləşərək vahid bir sənəti – aşıq sənətini yaratdıqdan sonra artıq biz ayrıca götürülmüş hissələrdən yox, tamın, bütövün tərkib hissələrindən danışa bilərik. Bu hissələr bütövləşib bir sənət fenomenini yaratdıqdan sonra 500 il onda, onun tərkibində hissə, orqanizmində üzv kimi yaşamışdır. Bu səbəbdən biz sənətin tamlığını təmin edən hissələri də nəzərdən qaçırmamalıyıq.
Aşıq sənətində balaban musiqi alətindən də istifadə edirlər. Bu alət də ən qədim nəfəsli alətlərdən sayılır. Balaban tütək musiqi aləti ailəsinə aiddir. İlk insanın yaranışı ilə bağlı olan tütək alətinin formalaşmış və daha da təkmilləşmiş növü olan balabanın bir çox adı olmuşdur. Onun ən qədim adı düdükdür. Bu ad öz kökünü şumerlilərdə olan “titək” sözündən götürür. Titək-tütək-düdək-düdük sözü türk mənşəlidir. Etimoloji mənası ti-tü “səs”, tək isə “yeganə”, “bir” deməkdir. Mənası təksəs, təksəsli deməkdir. Sonrakı tarixi dövrlərdə bu ad dəyişilərək balaban-balaman-mey kimi də adlandırılmışdır. Müasir dövrdə onun adı balabandır. Bu söz də türk mənşəlidir. Bala – kiçik mənasındadır. Ban isə qışqırıq – səs mənasını bildirir. Yəni ”kiçik səsli” adı alətin səslənmə imkanlarından doğmuşdur.
Balaban-dəmkeş ifadəsində dəmkeş dəm saxlayan mənasındadır. Yəni dəmkeş həm sazı, həm də sazın ifasını təkrar edən balabana mayə-tonika səsinin arası kəsilmədən dəm verməsindən meydana çıxmışdır. Mənası dəm saxlayandır.
Nağara zərb alətidir. Bu alət bütün alətlərdən qədimdir. Tarixi e.ə. 150-200 min ilə gedib çıxan qədim Mu qitəsinin Nağara şəhərinin adından götürülmüşdür. Fərq bu sözün ifadəsindədir. Musiqi aləti kimi sözün quruluşunda “a” saitləri bərabər vurğularla ifadə olunur. Şəhər adında isə bu sözün quruluşunda “ğ”dan sonra gələn “a” saiti uzun heca kimi oxunur. Nağ-naq-nar kökündən olub od mənasındadır. Mənası odlu, güclü, möhtəşəm səs deməkdir.
Azərb. aşıq musiqisi öz qədim ənənəsi ilə milyonlarla türk və digər xalqların mənəvi dünyasını zəngin aşıq musiqi havaları repertuarı ilə zənginləşdirmişdir. Onun füsunkar musiqi dili, melo-poetikası, milli ruhu tarixən neçə-neçə nəslin yetişməsində, onların etik və estetik görüşlərinin formalaşmasında xüsusi rol oynamışdır. Aşıq sənəti üçün xas olan ədəb-ərkan, milli ruh, hikmət, şeir yaradıcılığının bədii zənginliyi, semantikası klassik irsin formalaşmasını təmin etmişdir. Azərb. aşıq yaradıcılığının ortaya çıxarmış olduğu dastanlar, 75-dən çox olan klassik aşıq havaları, müasir aşıq repertuarına daxil olan yüzlərlə hava və havacatlar Qafqaz, Şimali Qafqaz xalqlarının, İranın, Türkiyənin, Orta Asiya və s. xalqların milli mədəniyyətinə sirayət etmişdir.
Azərb. aşıq repertuarının ən zəngin nümunələrindən seçilmiş və aşıqsevərlərə təqdim edilən dastanlar, vokal-instrumental və instrumental aşıq havaları Azərb. aşıq musiqisi haqda ümumi təsəvvür yarada biləcəyini əldə əsas tutaraq onlardan bəzilərini nümunə olaraq veririk. Aşıq musiqi repertuarına keçməzdən əvvəl bu zəngin irsin ayrı-ayrı janrları haqda qısa tarixi məlumatlara diqqət yetirək.
Vokal-instrumental aşıq havaları klassik irsimizdən bizə ərməğan qalmış nümunələrdir. Aşıq yaradıcılığında bu havaların ən qədim nümunələr olması haqda kifayət qədər elmi məxəzlər vardır. Tarixi XV əsrdən başlayan bu havaların əksəriyyəti klassik havalar sayılır. Klassik aşıq havaları xarakterik xüsusiyyətlərinə və melo-semantikasına görə aşağıdakı növlərə ayrılır:
1. Lirik havacatlar
2. Qəhrəmanlıq havacatları
3. Gözəlləmələr
4. Deyişmələr: bağlamalar, hərbə-zorbalar və s.
5. Şikəstələr
Aşıq yaradıcılığı şifahi xalq ədəbiyyatının şeir şəkillərinin zənginləşməsinə böyük təsir göstərmiş və rəngarəng şeir şəkillərinin meydana çıxmasına zəmin yaratmışdır. Aşıq havaları üzərində oxunan şeir şəkillərində sözlərin heca quruluşunun ardıcıllaşmasının musiqinin ahənginə uyğun formada nizamlanması, musiqi ilə şeirin vəhdətini tam mənada təmin etdiyi üçün aşıq şeirində melo-poetika öz ahənginə görə o tip başqa şeirlərdən fərqlənir. Vokal-instrumental aşıq havalarında ifaçı sənətkar müxtəlif vokal ifa üslublarından, səsoynatması texnikasından, zəngulədən, milli dialektdən irəli gələn ifadə vasitələrindən istifadə edir. Bu cür ifa metodu milli vokal ifa formasını milli çalarlarla zənginləşdirir və onun unikallığını, təkrarolunmaz xüsusiyyətlərini təmin edir.
Azərb.-da 12-dən çox aşıq mühitinin olması çox zəngin milli vokal-instrumental ənənəsinin olmasını ortaya çıxarmış olur.
Bədii və texniki ifa xüsusiyyətlərinə görə bu janrın ifaçıları ustad sənətkarlardır.
İnstrumental aşıq havaları saz alətinin texniki və bədii ifa xüsusiyyətlərinin inkişaf perspektivlərini müəyyənləşdirmişdir. Azərb. musiqi mədəniyyətinin inkişafı saz alətinin səs diapazonunun, texniki və bədii ifa mədəniyyətinin inkişafına da öz müsbət təsirini göstərmişdir. Müxtəlif dövrlərdə ifa olunan bu havaların bədii-texniki ifa xüsusiyyətlərinin fərqli cəhətlərini ifaçıların təqdim etdiyi ifalardan görmək olar. Azərb. şifahi xalq ədəbiyyatının ən mühüm qollarından biri dastanlardır. Ümumi sayı Şimali Azərb.-da 150-dən, Cənubi Azərb. aşıq mühitlərində isə 250-dən çox olan bu zəngin janrın qədim tarixi vardır. Qədimdən müasir dövrümüzə qədər Azərb. türklərinin yaşadığı ərazilər geniş, əhatəli olduğu kimi, onun ayrı-ayrı tarixi kəsimlərdə yaratmış olduğu dastanlar da geniş mövzuya, rəngarəng janr xüsusiyyətlərinə malik olmuşdur. Qədim Şumerdən, Elamdan, Midiyadan, Hunlardan tutmuş Türkiyəyə, İrana, Tiflisə, İrəvana, Herata, Kabilə (Kabul), Kəşmirə və böyük Uyqurustana kimi gedib çıxan dastanlarımızın mövzu arealı xalq dastanlarımızın qəhrəmanlarının yaşadığı və ya hadisələrlə bağlı səfər etdikləri, eyni zamanda soydaşlarımızın məskun olduğu məmləkətlər, dost, qardaş ölkələr haqqında geniş, ətraflı məlumatlar verir.
Azərb. ədəbiyyatşünaslığında və folklorşünaslığında xalq dastanları tam şəkildə hələ də toplanmamışdır. Dastanların el arasında hifz olunub qorunduğu əsas mədəni mərkəzlər arasında Qərbi Azərbaycanın İrəvan, Göyçə, Dərələyəz, Ağbaba, Naxçıvan, Tiflis, Borçalı və Şirvan və onun Kürdəmir, Salyan, Ağsu, Göyçay, Quba-Şabran-Dərbənd və s. mühitləri, Gədəbəy, Kəlbəcər, Gəncə, Qazax, Tovuz, Təbriz, Savə, Həmədan, Zəncan, Urmiya, Mərənd, Xoy, Sulduz, Qars, Ərzurum və bir çox şəhər və ya aşıq mühitlərinin yerləşdiyi coğrafi əraziləri göstərə bilərik.
Müasir Şirvan aşığına baxdıqda məlum olur ki, onun zəruri atributlarından birini təşkil edən musiqi kifayət qədər zəngindir və araşdırılması da ayrı-ayrı tədqiqatlar tələb edir. Bununla belə, yəni sırf musiqişünaslıq tədqiqatını həmin sahə mütəxəssislərinin diqqətinə çatdırmaqla da gələcəkdə bu sahənin daha dəqiq araşdırılması üçün zəmin yaratmaq olar. Musiqi tədqiqatı təkcə not məsələlərindən ibarət deyil, buraya musiqi sənətkarlığı haqqında məlumatlar da daxildir. Həm də o zaman ki, bir çox sənətkarların musiqi ifaları qorunmamışdır.
Şirvan aşığı üçün musiqinin iki aspekti var:
1. aşıq musiqisi, saz havaları və ifaçılıq sənəti;
2. aşıq ansambl musiqisi (balaban, nağara, zurna, qoşanağara, dəf və s.) və ifaçılıq sənəti.
Bunlardan birincisi xalis aşıq musiqisidir ki, sazla ifa olunur. İkincisində sazdan başqa digər alətlər də iştirak edir. Digər alətləri biz buradan ayırsaq, o zaman Şirvan aşıq musiqisindən danışmaq çətinləşəcək. Çünki sənətin mühitə məxsus lokal xarakterli xüsusiyyəti həm də onun əsas səciyyəvi cəhətini təşkil etməkdədir.
Şirvan aşıq ifaçılığında instrumentallıq sonradan və ya kənardan gəlmə bir hadisə deyildir. Birbaşa aşığın içində olduğu mühitin gerçəkliyidir. Ona görə də aşıq musiqisinin gerçək təbiətini onun kökündə və mənşəyində araşdırsaq və izah etsək, daha doğru olacaqdır. Bəllidir ki, aşığın təşəkkül tapdığı sufi ocaqlarda keçirilən ayinlər müxtəlif musiqi alətlərinin ifası ilə müşayiət olunmuşdur. Burada neyin, balabanın, dəfin xüsusi yeri olmuşdur. İndi müasir Şirvan aşıqlarının ifa zamanı etdikləri rəqs də sufi rəqsin qalığıdır. Bu rəqs standart, ölçülü-biçili hərəkət ritmlərindən ibarətdir. Rəqsin mükəmməlliyi ilə yanaşı, onun aşıq üçün nə qədər zəruri olması faktı da var. Şirvanda aşıq olacaq şəxs, məsələn, şagird saz çalmağı öyrəndiyi kimi, aşıq rəqsini öyrənməyə məcburdur. Bunun sufi mərhələdən yadigar qaldığı bütün ünsürləri ilə görünməkdədir.
Şirvanda musiqi mədəniyyəti həm qədimdir, həm də zəngindir. Aşıq musiqisinin polifoniyası da bu zənginlik və rəngarəngliyin bir təzahürüdür.
Azərb.-ın qədim musiqi və söz sənətinin yaşayıb inkişaf etdiyi və həm də inkişafa təkan və istiqamət verən zəngin mədəni mühitlərdən biri kimi Şirvan sənət məktəbinin yetirdiyi onlarca ustad sənətkar milli mədəniyyət tariximizin fərəh və iftixar hissi ilə xatırlanacaq parlaq səhifələrini təşkil edir. Bu sənətkarlar Şirvanın el şənliklərində, toy-düyünlərində çalıb-oxumuş və el arasında şöhrət qazanmışlar.
Şirvan aşıq məktəbini digər məktəblərdən fərqləndirən cəhətlərdən biri Şirvan aşıqlarının muğam sənətini mənimsəmələri və gözəl ifa etmələrindədir. Şirvanda sənətin ustad-şagird tandemi də müxtəlifdir. Aşıqlıq iddiasında olan adam ustad aşığın yanında şagird durmalı idi, bu həmçinin həmin şəxsin aşığın xanəndəsi vəzifəsini də yerinə yetirməsi idi. Məclisdə xanəndə muğam oxuyar, həm də aşığa ayaq verərdi. XX əsr Şirvan aşıqlarından Aşıq Şakir göyçaylı Mürsəlin, Abbas Söhbətov Mirzə Bilalın, Məmmədağa Abbas Söhbətovun, Şamil Mirzə Bilalın, Yanvar Aşıq Şamilin, Mahmud Aşıq Şərbətin xanəndəsi olmuşdur.
Şirvan sənət məktəbinin digər xüsusiyyəti el şənliklərində ansamblla oxumalarıdır. Ansamblın formalaşması mədəniyyətlərin inkişafından və inteqrasiyasından irəli gəlmişdir. Tək sazla məclisi idarə etmək həddindən ziyadə çətin və dinləyici auditoriyası üçün cansıxıcı və yorucu ola bilər.
Musiqiçi heyətinin olmadığı əyalət və uzaq yerlərdə hər hansı bir məclisi yola vermək üçün tək sazla da keçinmək olar. Musiqişünaslar bir amili əsas götürürlər ki, bu da ritmdir. Aşıq sazda çalır, əgər onu balabanda müşayiət edirlərsə, mütləq ritmin ahəngdarlığı üçün nağara lazımdır. Və beləliklə də ansambl formalaşmağa başladı, daha sivil, daha mütəşəkkil məclislər həyata keçirildi. Əlbəttə, bu, sadəcə mümkün izahlardan yalnız biridir.
Bu məsələ ilə bağlı Azərb.-ın qabaqcıl maarif xadimi A.Qəmbərov haqlı olaraq qeyd edir: “Deyin görüm, toyu bircə saz aşığı ilə idarə etmək olarmı? Axı toya gələnlər həm də oynamaq, şənlənmək istəyirlər. Gəlini gətirmək özü də xüsusi məharət tələb edir və burada zurna-qavalsız keçinmək olmaz. Bundan əlavə, toyda rəqs edənlər nə etsin? Axı aşıq, əsasən, toy aparır. Toy isə filarmoniyada və ya hər hansı bir xüsusi şənlik məclisində verilən aşıq konsertindən əsaslı surətdə fərqlənir”[2].
Mədəniyyətin Şirvan tipi tarixi-mədəni dəyərlərin son dərəcə mürəkkəb ritm harmoniyası nümayiş etdirir. Azərbaycan mədəniyyətinin invariant modeli Şirvanda zəngin kodlaşma cərgələrinə malikdir. Poeziya ilahi söz hadisəsi olaraq Şirvanda heca və əruz kodlarının da arasında əlaqə, yaxınlıq duyulmaqdadır. Eləcə də muğam və aşıq musiqisi Azərb.-ın bütün bölgələrindən fərqli olaraq Şirvanda birkanallı yox, çoxkanallı ifadələnmə kodlarına məxsusdur. Tarixin bu gündə, bu günün isə tarixdə ehtiva olunması Şirvan üçün mədəni mövcudluğun universumları səviyyəsindədir. Bu mədəniyyətin içində böyüyüb onun nümayəndəsi olmamaq sadəcə mümkün deyil. Şirvan mədəniyyətinin yaradıcıları da, qəbulediciləri də Azərbaycan mədəniyyətinin bu nadir tipinin daşıyıcılarıdır. Şirvan sənət məktəbinin bəhrələndiyi qaynaq, çeşmə bu sənəti ümumazərbaycan səviyyəsində maneəsiz sevilən hadisəyə çevirib. Məsələn, sazın Göyçə kodu, yaxud muğamın Qarabağ kodu unikal hadisələrdirsə, Şirvan mədəniyyət unikallığı təkkodlu Göyçədən, yaxud təkkodlu Qarabağdan fərqli olaraq universallığı, Azərb. mədəniyyətinin kod bütövlüyünü daşımaq gücündə olması ilə səciyyələnir.
Şirvan aşıqlarının ifa nümunələri özünün ecazkarlığı və orijinallığı ilə seçilir. Burada oxunan “Kərəmi”, “Şirvan şikəstəsi”, “Sarıtorpaq şikəstəsi”, “Zarıncı şikəstə”, “Qocaman şikəstə” kimi şikəstələr, “İbrahimi”, “Eyvaz”, “Şirvan peşrovu” kimi peşrovlar ifa fərqliliyi ilə daha çox diqqəti cəlb edir. Şirvan məktəbinin istedadlı nümayəndələri təkcə ifaçılıq və şeir yaradıcılığı ilə deyil, özünəməxsus təhkiyə stili və musiqi yaradıcılığı ilə də diqqəti çəkir: Aşıq İbrahimin “İbrahimi peşrovu”, Mirzə Bilalın “Şikəstə”si, Mirzə Məmmədhüseynin “Mirzə Hüseyn” segahı, Əli Kərimovun “Heyvagülü”sü, “Əlicadi” və s. Bu siyahını xeyli dərəcədə genişləndirmək olar. Adıçəkilən sənət əsərləri Azərb. musiqi sənətinin şah əsərlərindən sayılır.
Şirvan musiqi ilə zəngin bir məkandır və bu da aşıq sənətinə öz təsirlərini göstərmişdir. Aşıqlar da klassik saz havalarını ifa etməklə kifayətlənməmiş, öz bəstələri ilə bu musiqi mədəniyyətini daha da zənginləşdirmişlər.
“Şirvan aşıqlarının bəstələdikləri, yaratdıqları saz havalarının sayı iyirmidən artıqdır. “Peşrov”, “Şəşəngi”, “Şirvan şikəstəsi”, “Əlicadi”, “Sarıtorpaq şikəstəsi”, “Qocaman şikəstə”, “Qara qafiyə”, “Güllü qafiyə”, “Qobustanı”, “Cığdançıxmaz”, “Ordubadi”, “Gəraylı” və s. aşıq havaları əsrlərlə Şirvan məclislərinin bəzəyi olmuşdur”.
“Şirvan mühitində aşıq tərzi ilə xanəndə tərzinin qovuşuğu olan “Peşrov” havaları (ona yaxın belə hava var), “Şikəstələr” (doqquz şikəstə havası mövcuddur), “Şəşəngi”lər (sayı üçdür) müşahidə edilir ki, həmin havalar sırf bölgə səciyyəlidir… Bununla belə, Şirvan aşıqlarının musiqi repertuarında yerli havalarla yanaşı, bütövlükdə Azərb. aşıq sənətinə məxsus olan klassik saz havaları (“Müxəmməs”, “Dübeyti”, “Kərəmi”, “Koroğlu” havaları və s.) da mühüm yer tutur”. Məsələn, Şirvanın ustad sənətkarı Aşıq Şərbətin repertuarında aşağıdakı saz havalarının adları qeydə alınmışdır: 1) “Şirvan şikəstəsi”; 2) “Zarıncı şikəstə”; 3) “Qocaman şikəstə”; 4) “Bayat şikəstə”; 5) “Çığdan çıxma şikəstə” 6) “Qədim şikəstə”; 7) “Kəsmə şikəstə”; 8) “Köpək şikəstə”; 9) “Ordubadi”; 10) “Qəhrəmani”; 11) “Gözəlləmə”; 12) “Müxəmməs”; 13) “Osmanlı qaydası”; 14) “Dübeyti”; 15) “Kərəmi”; 16) “Cəlali”; 17) “Qara qafiyə”; 18) “Güllü qafiyə”; 19) “Qobustani”; 20) “Ruhani”; 21) “Misri”; 22) “Şirvan gəraylısı”; 23) “Şeşəngi”; 24) “Eyvaz peşrovu”; 25) “İbrahimi peşrovu”; 26) “Aşıq Bayatı”; 27) “Çoban Bayatı”; 28) “Avar koxa” və s. Şirvan aşıqlarının musiqi sənətkarlığı olduqca zəngindir. Buraya saz havaları, oyun havaları ilə yanaşı, aşıq mahnıları da daxildir. Şirvan aşıqlarının mahnıları böyük populyarlıq qazanməş və aşıq iştirak etmədiyi məclislərdə də repertuarın aktiv hissəsinə daxil olmuşdur. Ustad Aşıq Məlikballı Qurbanın (1790-1865) bir zamanlar öz səsi, öz boğazı, öz üslubunda oxuduğu gözəlləmələr el məclislərində bənzərsizliyi ilə seçilib-sevilmiş, bəyənilmiş, ruhları oxşamış, ürəklərə yol tapmış və əbədiləşmişdir. Bütün Azərb. aşıq və xanəndə sənəti Məlikballı Qurbanın sənətindən yararlanmışdır. Akademik A.Nəbiyevin araşdırmalarına əsaslnan aşıq tədqiqatçıları Məlikballı Qurban haqqında müxtəlif baxışlar sərgiləməkdədir. “El şairi “ kimi də təqdim edilən Məlikballı Qurban indiki Göyçay r-nunun Məlikballı k.-də dünyaya gəlmiş və ömrü boyu həmin kənddə yaşamışdır. Mükəmməl mədrəsə təhsili almış, xalq şeiri üslubunda söz qoşub-düzən aşıqlardan olmuşdur. Klassik üslubda şeirlər yazsa da, xalq şeiri formasından daha çox istifadə etmişdir. Məlikballı Qurbanı aşıq şeiri tərzində yazan ustad sənətkar hesab edən F.Qasımzadə onun sənətkarlıq məharətini yüksək qiymətləndirmişdir [3].
On üçümdə məclislərdə oturdum,
On dördümdə hər nə varsa, götürdüm,
On beşdə Allaha iman gətirdim,
Fərz ilə sünnəti bildim nə ki var.
Məlikballı Qurbanın lirikası çox zərifdir, lap ipək kimi. O, aləmi olduğundan artıq vəsf etmirdi; bu onun inanclı olmasından irəli gəlirdi. Çünki Qurban mədrəsə təhsili almışdı və tövhidi qəbul etmişdi.
Göyçay aşıq mühiti əlahiddə bir mühit deyildir. Əslində, Şamaxı və digər yaxın Şirvan elləri aran-yaylaq dəyişmələri ilə bir-birinin içərisində yaşayırdı. Ona görə biz yalnız Göyçayda doğulmuş aşıqları önəririk. Göyçay mühitinin tanınan və hələ elmi müstəvidə tam araşdırılmayan aşıqlarından Aşıq Zəkəriyyəni xüsusi qeyd etmək lazımdır. Aşığın ölüm tarixi bilinsə də, doğum tarixi dəqiq məlum deyil. Zəkəriyyə Hacı oğlu Süleymanov XIX əsrin 90-cı illərində indiki Göyçay qəzasının Alxasova kəndində doğulub. Zəkəriyyə Süleymanov qaltanlı səsə və eləcə də gözəl zurna, balaban, saz çalmaq məharətinə də malik olub. Bu da onun aşıqlığa instrumentalizmdən gəldiyinə işarədir.
Aşıq Zəkəriyyə dövrünün ustad sənətkarı – qaraməryəmli Aşıq Hüseynin şəyirdi olmuşdur. Uzun müddət aşıq məclislərində, el şənliklərində və toylarda çıxış edərək el içində şöhrət qazanmışdır. Aşıq şeiri üslubunda yüksək sənət nümunələri qoşub, gəraylı, təcnis, müxəmməs, qoşmaları dillər əzbəri olmuşdur.
Aşığın şeirlərindən əlimizdə olan bir nümunəni təqdim edirik:
Süsən, sünbül, lalə, nərgiz içində,
Bəyənmişəm, gözəl yarı seçmişəm.
Bəxtimə tuş gəlib əqli, kamalı,
Layiq olan vəfadarı seçmişəm.
Dərsimi almışam əziz Qurandan,
Pirimlə çıxmışam hər imtahandan.
Ozan olub məclislərə varandan
Namusu, qeyrəti, arı seçmişəm.
Göz açıban bu dünyaya gələli,
Nəbim Mühəmməddir, pənahım Əli.
Allahu-Əkbərdir sözüm əzəli,
Dada yetən xilaskarı seçmişəm.
Çoxdur Şirvanımda yaradan, yazan,
Yetişib elimdə çox şair, ozan.
Neçə-neçə ustadlardan dərs alan
Sinə dolu qələndarı seçmişəm.
Məclislərdə İbrahimi görəsən,
Daşdəmirin meydanına girəsən,
Miskin Baba kəlamını dadasan,
Heç çəkməzsən ahi-zari seçmişəm.
Bilal “Koroğlu”dan deyə doyunca,
Saz əlində dönər misri qılınca.
Dadı unudulmaz illər boyunca,
Bu nişanda ustadları seçmişəm.
Zəkəriyyə, sığınmışam Xudaya,
Əzəldən bələdəm sirri-dünyaya,
Qailəm ağanın verdiyi paya,
Nə dövləti, nə də varı seçmişəm.
Aşığın iki nağıl-dastanı da olub. Bu onun ustad aşıq olmasına işarədir. Zəkəriyyənin 11 şeiri toplanıb, lakin bu qiymətli əsərlər hələ də işıq üzü görməyib. 12 mart 1938 ildə Gəncədə keçirilən Azərb. aşıqlarının ikinci qurultayında iştirak edib. 1938 ildə doğma kəndi Alxasovada dünyasını dəyişib.
Göyçay aşıqlarının məşhur simalarından biri də Aşıq Xasməmməddir. Aşıq Xasməmməd uzun illər Şirvanda sənət fəaliyyəti göstərərək ad-san sahibi olmuşdur. Onun maraqlı sənət şəcərəsi vardır. Aşıqlığın sirlərini Orucdan öyrənmişdir. Lakin Aşıq Mürsəli yetişdirmiş, Aşıq Mürsəl isə aşıq sənətinin ən ünlü, səsi və avazı ilə bütün aşıqları üstələmiş Aşıq Şakirin ustadı olmuşdur.
Göyçay aşıqlarından söhbət gedərkən Aşıq Mürsəl Xuduyevi xüsusi qeyd etmək lazımdır. Aşıq Mürsəl gözəl oxu tərzi ilə yanaşı, həm də yaxşı saz çalmış, hətta tar və qarmonda da məharətlə ifa etmişdir. O, 1897 ildə Göyçayda doğulmuş, az ömür sürsə də, mənalı və zəngin sənət irsi olmuşdur. Sənəti Aşıq Xasməmmədən əxz etmiş və özündən sonra layiqli aşıqlar yetişdirmişdir. Çərəkəli Aşıq Bədirlə deyişmədə üstün gəldiyini görən ustadı ona sərbəst aşıqlığa icazə verir. Bundan sonra o, Aşıq Şakir Hacıyev kimi nəhəng sənətkar yetişdirir. Eyni zamanda öz qardaşı oğli Aşıq Əjdərin də aşıq kimi formalaşmasında ustadlıq edir. Aşığın bir dəftər əlyazması olmuşdur. Lakin təəssüflər olsun ki, o əlyazmalar itmişdir. Qardaşı oğlu Aşıq Əjdərin hafizəsindən bir yarpaq şeiri təqdim edirik.
Əziz dostlar, gəlin sizə söyləyim,
Açılıb baharı, yazı Göyçayın.
Hər yana baxırsan toydur, büsatdır,
Səslənir kamanı, sazı Göyçayın.
Göylərə baş çəkir yaşıl çinarlar,
Bağında yetişir gülöyşə narlar.
Qoynunda bəslənir igid oğlanlar,
Marala bənzəyir qızı Göyçayın.
Mürsəl deyər vardı coşqun suları,
Sinəsindən keçir abad yolları.
Tarlaya bəzəkdi pambıq kolları,
Gözəldir hər zaman özü Göyçayın.
(Ə.Əliyev. “Göyçay – nə bilirik”, s. 184)
Aşıq Mürsəl 47 yaşında vəfat etmiş, doğulduğu kənddə də dəfn edilmişdir.
Göyçayın məşhur aşıqlarından biri də Aşıq Cəbidir. Orijinal nağılçılığı və səliqəli ifa üslubuna görə Aşıq Cəbi özünəxas bir aşıq olub. O, 1930 ildə Göyçayın Bəydövül kəndində anadan olub. Onun ustadı Ərşəli Aşıq Məhəmməd olmuşdur. Aşıq Cəbi Şirvanda, Muğanda, Dərbənddə sayılıb-seçilən aşıqlardan olmuşdur. Azərb.-da olduğu kimi, onu hətta Orta Asiya türkləri də çox sevirmişlər. Orta Asiyada yaşayan yüzlərlə soydaşımızın toyunu məhz Aşıq Cəbi etmişdir. Aşığın zəngin şeir arsenalı da olmuşdur. Lakin onun poeziyasının çox az bir hissəsi gəlib bizə çatmışdır. Hafizələrdən “əldə” etdiyimiz şeirləri toplayıb arxivimizdə saxlayırıq. Indi müasir sənətlə məşğul olan Əhməd Aşıq Cəbinin nəvəsidir.
Aşıq Cəbi, dostunu yaxından tanı,
Uzaqdan tanımaz insan insanı.
Daşlı qayaların dolanbac yolu
Namərdin çəkdiyi yoldan yaxşıdır [4].
Göyçayda aşıqlar davamlı fəaliyyət göstərmiş, Azərb. aşıq sənətinə öz məhsuldar töhfələrini vermişlər. Bunlardan Aşıq Əbülfəz, Aşıq Hamət, Aşıq Bədir və Aşıq Əhməd el şənliklərinin, toy-düyünlərin, eləcə də Azərb. incəsənətinin tanınan simaları olmuşlar. Bu aşıqların həyat və sənət fəaliyyəti dərindən öyrənilməmişdir və öz tədqiqatçılarının yolunu gözləyir.
Bir çox məşhur aşıq və müğənnilər Göyçay aşıqlarının sözlərini repertuarlarının aktiv hissəsinə daxil etmiş, el şənliklərində, konsert salonlarında, efirdə və ekranda yüksək peşəkarlıqla ifa etmişlər. Adıçəkilən və çəkilməyən Göyçay aşıqlarının performansı geniş dinləyici auditoriyasının rəğbətini qazanmış və bu gün də yüksək səviyyədə sevilməkdədir. Göyçay aşıqlığı mənsub olduğu məktəbin ən mükəmməl ənənələrini özündə birləşdirməklə yanaşı, burada geniş yayılmış “muğam” sənətindən də təsirlənmişdir. Bu mənada mühitin erudusiyası el şənliklərinin icra olunmasına yönəlmiş, yerli dinləyici tələbatına uyğun olaraq xalq sənətinin daha çox populist olan janrları üzrə müəyyənləşmişdir. Şirvanda, Göyçayda aşıqlığın da, muğam sənətinin də dərin tarixi kökləri vardır. Xüsusilə bölgədə ilkin orta əsrlərdən geniş yayılmış təsəvvüf fikri sözügedən sənətlərin formalaşmasında mühüm rol oynamışdır.
Ədəbiyyat:
1. СМОМПК, вып, XVII, отд. 11, стр.1-39.
2. A.Nəbiyev. “Azərbaycan aşıq məktəbləri”. Bakı, “Nurlan”, 2004, 312 səh.
3. Q.Sayılov. “XX əsr Şirvan aşıqları”. Bakı, “Araz”, 2007, 180 səh.
4. Q.Sayılov. “Şirvan aşıq sənəti: ənənə və müasirlik”. Bakı, ”Nurlan”, 2013, 200 səh.
5. Ə.Əlioğlu. “Göyçay – nə bilirik”. Bakı, 2009, 308 səh.
Qalib Sayılov,
filologiya e.d