Bu gün adları öyrənmək xalqın dili, tarixi, etnik mənşəyi, etnoqrafiyası, məşğuliyyət sahələri haqqında təsəvvürü genişləndirir, dünənimizlə bu günümüz arasında mənəvi körpü yaradır.
Şirvan düzünün şm.-lında, Göyçay çayının sahilində yerləşən Göyçay ş. eyniadlı r-nun mərkəzidir. Şəhərin və r-nun adı çayın adından götürülmüşdür. Göyçay ş.-nin yerində keçmişdə Potu k.-nə məxsus bağların olduğu qeyd edilir (15, s.325). XIII əsrin ikinci yarısında indiki Göyçay ş. nin yerləşdiyi ərazinin meşəlik olması və bu yerin Ərvan adlandırılması söylənilir (39, s.57). Keçmişdə Aran r-nlarına yol buradan keçdiyinə görə Potu bağları ərazisində karvansara salınmış və mal bazarı olmuşdur. Bazara mallar Potu k.-dən gətirildiyindən ona Potubazar deyilirmiş. Bazar dağıldıqdan sonra onun adı bir müddət də qalmış, sonralar isə bu ad istifadədən çıxmışdır. Sonralar burada poçt məntəqəsi yaradılmış və 1851 ildə məntəqə ətrafında cəmi 5 evin olduğu bildirilir.
Göyçay r-nunun əhalisi, əsasən, XV əsrdə Türkiyənin Qaramanbəylərbəyliyindən, XVI və XVIII əsrlərdə Osmanlı imperiyasının Səfəvilər dövlətinə qarşı apardığı müharibələr nəticəsində Qarabağ və Qazaxdan, XIX əsrin 50-ci illərində Şamaxıda baş vermiş zəlzələ nəticəsində Şamaxı qəz.-dan Göyçaya köçən ailələrin hesabına artmışdır.
1867 ilin dekabrında Bakı quberniyasının tərkibində Göyçay qəz. yaradılmışdır. Elə həmin ildə də indiki Göyçay ş. ərazisində poçt məntəqəsi yanında qəza inzibati mərkəzi və məhkəmə idarəsi təsis edilmişdir. 1872-76 illərdə Göyçay çayının sahilində 15 desyatinlik yerdə planlı şəkildə şəhərsalma işləri aparılmışdır. 1916 ildən Göyçay yaşayış məntəqəsinə şəhər statusu verilmiş, Göyçay ş.-nin və r-nun inkişafı da bu vaxtdan başlanmışdır (54, s.2-5).
Əslində, bütün bunlar Göyçay ş.-nin salınması tarixi ilə bağlı məlumatlardır. Göyçay r-nu ərazisinin tarixi isə daha qədimdir. Böyük Qafqazın c. ətəklərində, karvan yollarının üzərində yerləşən rayonun coğrafi mövqeyi, burada torpaqların münbitliyi, suyun bolluğu da insanların hələ qədim dövrlərdən bu əraziyə marağından xəbər verir. Göyçay Azərb. Resp.-sı ərazisində inzibati rayon olaraq 1930 il 8 avqust tarixində təşkil edilmişdir. Təbii ki, həmin dövrdə Göyçay r-nuna daxil olan kəndlərin, yaşayış məntəqələrinin sayı indiki qədər deyildi. Hazırda Göyçay r-nunun ərazisi 739 kv. km, əhalisi 106,1 min (01.01.2006) nəfərdir (14, s.858). Əhalinin daha sıx olduğu kəndlər Bığır, Ləkçıplaq, Qaraməryəm, Çaxırlı, Çərəkə və İnçə k.-ləridir.
Azərb.-ın inzibati-ərazi bölgüsünə görə Göyçay r-nunda hazırda 55 oykonim qeydə alınmışdır. Onlardan bir sıra xüsusiyyətlərinə görə ən böyüyü rayon mərkəzi olan Göyçay ş.-dir.
Göyçay oykoniminin etimologiyası haqqında dilçilik ədəbiyyatlarında müxtəlif fikirlər mövcuddur. Toponimin birinci komponenti “göy” sözü ilə bağlı istər türkoloji, istərsə də Azərb. dilçiliyində müxtəlif araşdırmalar mövcuddur. Tarixi sənədlərdə, eləcə də Kül Tigin abidəsində VII-XIII əsrlərdə “səma” həm də “tanrı” anlamında işlənmişdir. Əvvəllər “tanrı” dini termin kimi (yaradıcı, allah) mənalarını vermişdir. Sonrakı dövrlərdə, eləcə də orta əsrlərdə və Mahmud Kaşğarinin “Divan”ında (XI əsr) “göy” sözü “səma” anlamındadır. Beləliklə, “göy” sözü Azərb. və başqa türkdilli xalqların dilində göy/kök/kuk/ gook yazılışlarında işlənərək “mavi səma” mənasını bildirmişdir (48, s.35).
A.N.Kononov “göy” sözünün mənasını izah edərkən kok//qok sözlərinin müasir türk dillərində bir neçə mənalarda işləndiyini qeyd etmişdir. Müəllif yazır ki, “göy” sözü a) göy, göyərçin, mavi, açıq-yaşıl, tünd-göy, açıq-göy, yaşıl, boz, ağarmış göy, b) səma, cavan ot, göyərti və s. mənalarda işlənmişdir. O həmçinin qeyd edir ki, “göy” sözü coğrafi adların birinci komponenti kimi hidronim və oronimlərin tərkibində iştirak edir. Orta Asiya və müxtəlif ərazilərdə Kok, Kok su adlı hidronimlər mövcuddur (57, s.178).
E.Koyçubayev “göy” komponentli coğrafi adların geniş işləkliyə malik olduğunu və “göy” sözünün “səma” apelyativinin sinonimi olduğunu qeyd etmişdir. Müəllif səma cisimlərinin bir hissəsinin “göy rəngli” olması fikrini söyləmişdir (65, s.186).
Azərb. dilçiliyində də “göy” komponenti ilə bağlı bir-birindən maraqlı mülahizələr vardır. R.Eyvazova kök//kuk//gög tərkibli coğrafi adların Əfqanıstan ərazisində də olduğunu göstərir. Müəllif “kök” sözünün mənasını izah edərkən kok – “azad”, kök (sifət) – “göy” anlamında işləndiyini göstərir. Bahəddin Ögələ istinad edən tədqiqatçı yazır ki, Orta Asiya tayfaları üçün “gög” hər şeydən üstün olmuşdur. Onlar yerə yalnız atlarının ayaqları ilə bağlı idi. Türklərə görə, gög rəngində bütün gözəlliklər toplanmışdı. Əski türkcədə gög anlamına uyğun gələn ana söz “Tanrı (Tenqri)” idi. Odur ki gögə hər rəngi ilə birlikdə “Göy tanrı” deyirdilər. O, Göyçay hidronimini tayfa adı ilə bağlamışdır. Müəllif bu haqda yazır: “Bizə görə, “kök/kuk/köy” adını tayfa adı kimi də saymaq lazımdır. Belə ki, “kök” tərkibli kökər tayfaları da məlumdur. Kökərlər sakların ən böyük boyu olub, Qafqazda yaşamışlar. “Kök” tərkibli Kökçə//Göyçə adının mənşəyi də maraqlıdır. Belə ki, Gəncə adının izahında verdiyimiz şərhə əsaslanaraq cu//çjou//cou eyniliyini götürürük. Ola bilsin ki, “gök” tayfaları vaxtilə Çinin Çjou//cou adlanan yerlərinin sakinləri olmuşlar. Güman ki, Gök-çjou//Gökçay fonetik dəyişikliyə məruz qalaraq Gökçə//Gökçay şəklinə düşmüşdür” (21, s.200-201).
Ə.Şükürlü “göy” komponentinin izahını verərkən yazır ki, Köktürk-oğuz türk qəbilələrindən birinin adıdır. Bəzi tədqiqatçılar “göy” sözünü “səma” (V.Banq), bir qismi isə “şərq” kimi mənalandırır. Azərbaycan türk dilinin bəzi şivələrində həmin söz “xəsis, acgöz” mənası bildirir. Ona görə güman etmək olar ki, göytürk qəbilə adı əslində “qarətkar türk”, “işğalçı türk” mənasını ifadə edir. Lakin qəbilə adı kimi sabitləşməklə həmin etnonimin mənası silinib yox olmuşdur (42, s.74).
F.Xalıqov isə “göy” komponenti haqqında bir qədər fərqli fikir söyləmişdir. Tədqiqatçı bu adın köke formasında monqol dilində də işləndiyini göstərmişdir. Müəllif həmçinin kök türk, köke monqol, göklen türkmən tayfa adlarında “qloriosus”, yəni “qəhrəman” mənasının gizləndiyini bildirir. S.Dörferə əsaslanan müəllif “göy” sözünün “səma” mənası ilə bərabər, “müqəddəs göylər” mənasında təkcə kök türk, kök culut, köke monqol etnonimlərində deyil, həm də şəxs adlarında tez-tez təsadüf edilən vahidlərdən biri olduğunu qeyd etmişdir. F.Xalıqov Göysu hidroniminin birinci komponenti olan “göy” leksik vahidinin burada “dəniz” mənasını bildirdiyini qeyd edərkən yazır ki, Göysu atı (“Qurd oğlu əfsanəsi”) zoonimində həmin mənanın saxlanıldığı inkaredilməzdir. Deməli, “göy” əlamət bildirən leksik vahidi istər ərazi, istərsə də su mənalı onomastik vahidlərin tərkibində rəng çalarlarından daha çox, “böyüklük”, “genişlik”, “bolluq” mənasını bildirir (26, s.73-74).
“Göy” komponenti haqqında B.Budaqovun və Q.Qeybullayevin də fikirlərini qeyd etmək istərdik. Hər iki müəllif bir vaxtlar İrəvan quberniyasının Novoboyazid qəzasında mövcud olmuş Göysu toponiminin etimologiyasını izah edərkən yazmışlar: “Əsli Köy-Su. Türkcə köy “kənd” və su “çay” sözlərindən ibarət olmaq etibarilə “Çay kənd” mənasındadır” (18, s.320).
Hər iki müəllifin izahından aydın olur ki, “göy” sözü rəng mənasını bildirməklə yanaşı, qədim türk dillərində “kənd” anlamında da işlənmişdir. Qeyd edək ki, “göy” sözü hazırda türk dilində “köy” formasında “kənd” anlamında işlənir.
N.Tapdıqoğlu da Göyçay hidrotoponimi ilə bağlı bir sıra fikirlər söyləmişdir. Müəllif yazır: “Göyçay toponimi çayın yuxarı axınında suyunun duru və təmiz olması, göyümtül rəngə çalması ilə bağlıdır. Göyçay toponimini monqol və kalmık dillərindəki “ko/gö” komponenti ilə də (“zireh, dəmir, polad geyim”) əlaqələndirənlər var. Dağıstanda hazırda Koysu (Göysu) adlı bir neçə çay var. Göyçay, Göygöl toponimlərini də bu cür mənalandırmaq olar: “Göyçay” sözü “göy” etnonimindən və “çay” hidronimindən ibarətdir” (43, s.190-191, 194).
Müəllifin Göyçay hidronimi ilə bağlı yuxarıda söylədiyi fikirlər, göründüyü kimi, ziddiyyətli xarakter daşıyır.
N.Nəbiyev Göyçay hidrotoponiminin heç bir tayfa adı əsasında yaranmadığını göstərmiş, toponimin öz adını eyniadlı çaydan götürməsi fikrini irəli sürmüşdür. Müəllif yazır ki, “Göyçay” sözünün mənası “göy çay”, “duru çay” deməkdir (36, s.130).
Ümumiyyətlə, “göy” sözü haqqında onu da deyə bilərik ki, qədim türklərdə göy Tanrı (Allah) anlamında işlənmişdir (40, s.163). Dilimizdə “göy” sözü bir sıra başqa mənalarda da işlənir: a) göy – yer üzərində mavi bir qübbə kimi görünən fəza, boşluq; b) göy – səma rəngi, mavi, göy rəng; c) göy – yaşıl, göy meşə, göy çəmən və s. (9, s.75). Coğrafi adlarla yanaşı, türk xalqlarının onomastikasında “göy” tərkibli hidronimlərin də areallarına rast gəlmək olar. Erk Yurtsevər Qazaxıstan Resp.-sında, eləcə də Türkiyənin Bismil, Diyarbəkir, Yeşilçay, Sile, İstanbul, Karadere, Hendek, Sakarya bölgələrində Göksu adlı su obyektlərinə təsadüf edildiyini göstərmişdir (46, s.103). Qırğızıstan Resp.-sının İssıkkul vilayətində Köy say, Adıq (Çərkəz) vilayətində Kueksu (Kugksu) “göy su” adlı su obyektləri də mövcuddur (64, s.86; 55, s.203).
Fikrimizcə, Göyçay hidrotoponiminin birinci tərəfi olan “göy” sözü suyun duruluğunu, şəffaflığını ifadə etdiyinə görə, həm də suyun rəngi göy rəngə çaldığı üçün çay Göyçay adlandırılmışdır ki, bu da hidronimin oykonimə (Göyçay ş.) transformasiya olunduğunu aydın şəkildə göstərir.
R-nun yaşayış məskənlərinin əksəriyyətinin adları türk mənşəlidir, onların bəziləri etnonim əsaslıdır və Azərb. xalqının etnogenezində iştirak etmiş qəbilə, tayfa, soyadlarından törəmişdir. Bu da onu göstərir ki, Göyçay r-nu ərazisində çox qədim zamanlardan türk mənşəli tayfalar yaşamışlar. Bu tayfaların adları indiki kənd adlarında mühafizə olunaraq qalmaqdadır. Bu etnotoponimlərə nümunə olaraq Alpout, Ulaşlı Şıxlı, Mallı-Şıxlı, Cəyirli, Çaxırlı, Bəydövül, Hüngütlü, İnçə, Türkmən, Veysəlli, Yekəxana və s. k.-ləri göstərmək olar. R-n ərazisində tayfa adlarını əks etdirən oronimlər də kifayət qədərdir. Məsələn, Alpout qobusu, Qarabağlar ərazisi, Türk dağı, Ləzgi dağı, Kürd yeri və s.
Alpout kəndi, Alpout qobusu – Yuxarı Şirvan kanalından 10 km c.-ş.-də Şilyan çayının sahilində, Şirvan düzündə yerləşən kənddir. 1914 ilə aid mənbədə Azərb.-da Alpout adlı 11 kəndin mövcud olması haqda məlumat verilmişdir (13, s.275). Vaxtilə Göyçay qəz.-da Alpi, Alpout-Mərdan, Alpout-Mehdibəy adlarında k.-lər mövcud olmuşdur (20, s.16). Hazırda Azərb.-da Alpout adlı 6 kənd (Laçın, Bərdə, Goranboy, Göyçay, Ucar, Qazax) mövcuddur. Alpout qobusu isə Göyçay r-nunun Mırtı k. ərazisində qeydə alınmış oronimlərdən biridir. Ümumiyyətlə, “Alp” sözü əsasında yaranmış oykonim və oronimlərin areallarına istər Azərb. ərazisində, istərsə də Azərb.-dan kənarda rast gəlmək mümkündür. Göyçayda Alpout qobusu, Göyçay-Qəbələ sərhədində Arvan dərəsi, Arvan dağı, Qubada Alpan kəndi, Alpan təpəsi, Ucarda Alpı//Alplı kəndləri, Şamaxıda Alpan dərəsi, Qazaxda Alpout düzü, Qaxda Alban qalası, Naxçıvanda Alpan təpələri, Türkmənistanda Alpan kəndi, Gürcüstanda Alpani adlı 2 kənd, Alvan qalası, Qərbi Azərbaycanda (indiki Ermənistan) Alpan dərəsi, Alpova kəndi, Krımda 2 Alpan kəndi, Azərbaycan–Dağıstan sərhədində Alpanlar kənd xarabalığı, XIX əsrdə Lənkəran qəzasında mövcud olmuş Albani kəndi bu qəbildən olan toponimlərdir (25, s.29).
Alpout//Alpavut//Alpağut türkdilli tayfasının adı türk mənbələrində VIII əsrdən etibarən çəkilir. Bu tayfa XI-XII əsrlərdə Səlcuq oğuzlarının, XIV-XV əsrlərdə qaraqoyunluların, sonra isə ağqoyunluların tərkibinə daxil olub. Səfəvilər dövründə isə onların Çuxursəd və Şirvanda yaşadıqları məlumdur (13, s.275).
Alpoutların adı ilk dəfə rus mənbələrində Kulikovo döyüşü (1380) ilə əlaqədar çəkilmişdir. XV-XVI əsrlərdə Qərbi Azərb.-da və Azərb.-da yarımköçəri həyat keçirən alpoutlar Azərb. qızılbaş tayfalarından hesab olunur. Dövlətə o zamanlar hər cür qüvvə ilə (xüsusilə hərbi sahədə) xidmət göstərdikləri üçün Səfəvi şahları bu tayfalara Cənubi Qafqazın ayrı-ayrı əyalətlərində qışlaq yerləri, torpaqlar vermişlər (27, s.31-32).
Alpout və fonetik cildinə görə ona yaxın olan toponimlər haqqında fikir və mülahizələrə, araşdırma və təhlillərə müxtəlif tədqiqatçıların əsərlərində də rast gəlmək olar.
“Alpout” sözünü al+pout və ya alp+out şəklində təhlil etmək olar. Təhlil ardıcıllığını davam etdirsək, ilk öncə “alp” sözünün mənasının izahını vermək daha uyğundur.
Orxon-Yenisey abidələrində “alp” sözü “igid, qəhrəman, cəsur” mənasında kifayət qədər çox işlənir. Abidədə Alp Urunu, Alp Şalçı şəxs adları və “alpağu” rütbə adları da vardır (39, s.346, 387-390).
Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, M.Abbasovaya görə, Alpout Orxon yazılarında adıçəkilən türk tayfalarındandır (1, s.25). Lakin biz həmin tarixi abidədə belə bir türk tayfasının adının qeyd edilməsi faktına təsadüf etmədik. Bununla belə, kitabda Ə.Rəcəbov və Y.Məmmədovun alpağu rütbə adı əsasında formalaşan kənd adları haqqındakı fikri müəyyən paralellərin aparılmasına imkan verir.
M.Kaşğarinin lüğətində “al” sözünün dörd mənası verilmişdir. Onlardan “hiylə” və “almaq” mənaları toponimik adlar üçün məqbul sayıla bilməz. “Al – xan üçün bayraq, dövlət adamlarının atlarına yəhər örtüsü tikilən turuncu rəngli ipək qumaş; al – al rəng” mənaları isə qismən maraq doğurur. Həmin mənbədə “alp” sözünün “igid, qəhrəman, bahadır” mənası ilə yanaşı, alpağut sözü və onun mənası – “Alpağut – təkbaşına düşmənə saldıran ələkeçməz igid” verilir (28, s.27-28).
Y.Balasaqunlunun “Kutadqu-Bilik” əsərində “alp” sözü “qəhrəman, cəsur” “alplık” sözü isə “qəhrəmanlıq” mənalarında işlənmişdir. “Alp” sözü, bir qayda olaraq, “ər” sözü ilə yanaşı işlənir (47, s.1098).
“Kitabi-Dədə Qorqud” dastanında “igid, cəsur” mənalarında “alp//alb” və “alpan” sözləri işlənmişdir. “Alp ərə qorxu vermək eyb olur” (31, s.86), “Ağ-boz atlar çapdırır alpanlar gördüm” (31, s.95). Abidədə “alp olmaq” (igid, cəsur olmaq) və “alp başı” (igidlərin igidi, böyüyü) birləşmələri də qeydə alınır: “Yalnız yigit alp olmaz” (31, s.108), “Alplar başı Qazana zərb urdu, – dünya başına tar oldı” və s. (31, s.99).
V.V.Radlov “Alpout” sözünü türk dillərində “zadəganlar”, “mülkədarlar” kimi səciyyələndirir (63, s.430-431). M.Abbasovaya görə, “Alpout–Alpağut” sözlərinin etimologiyasından danışarkən H.Dörfer və Qertsenberq qeyd edirlər ki, bu qədim türk sözünə cəm halı bildirən “-t” şəkilçisi əlavə edilmişdir. Özbək dilində işlənən “qut” (qul), yakut dilində “kulut” (qulluqçu) və s. kimi sözləri misal çəkirlər. Bu müəlliflər belə nəticəyə gəlirlər ki, qədim türk dillərində “alp” sözünün mənası “qəhrəman”, “alpağut” isə “qəhrəmanlar” demək idi” (52, s.46-49; 50, s.39).
“Qədim türk sözləri lüğəti”ndə “alp” sözünün müxtəlif mənalarından bəhs olunur. Lüğətdə “alpağu” “qəhrəman, pəhləvan” mənalarında verilir və bu zaman Orxon-Yenisey abidələrinə istinad olunur. Həmin söz “alpağut”la müqayisədə eyni mənadadır və M.Kaşğariyə istinadla izah edilir. Bu mənbədə “alpan” məqaləsinin qabağında “alban” sözünə keçid qoyulmuşdur. Alban monqol “alba(n)” sözü əsasında şərh edilir. Onun izahı “öhdəlik, verim, borc, xidməti vəzifə borcu” anlamını verir (53, s.34, 36-37).
A.N.Kononov DTS-dəki məlumatlara, türkoloq və monqolşünasların (V.Radlov, V.Vladimirov, Q.Ramstet) fikirləri ilə razılaşaraq qeyd edir ki, “alp” və “alba(n)” sözləri “al” kökü əsasında yaranmışdır. Monqol dilində isə “alba(n)” sözünün mənası “xidməti vəzifə borcu” deməkdir. Deməli, alp al+v+an “feodal drujina döyüşçüsü” adlanırdı (56, s.97-98). Bu fikir qədim “alp” sözünün semantikası ilə səsləşir. Belə ki, Orxon-Yenisey abidələrində bu söz “qəhrəman”, “igid” mənasında işlənmişdir (61, s.357).
A.Bakıxanov Quba qəz.-da yerləşən Alpan k.-nin adının “alban”dan qaldığını yazır, eyni zamanda “alan” sözünü də bu cərgəyə daxil edir. Müəllif hələ e.ə. 85-ci ildə alban atlılarının (sayı 40 min göstərilir) Pompeyin qoşunlarına qarşı çıxdıqlarını göstərmişdir (49, s.17-41).
Ə.Zahidov da Alpout oniminin etimologiyasını izah edərkən bu sözün “igid”, “qəhrəman” mənasında işləndiyini və “alp” sözünün XV əsrdən “dəli” sözü ilə əvəz olunduğunu bildirmişdir (45, s.39).
Q.Qeybullayevin verdiyi etnonimlər siyahısında alpan (alban), alpat, alpaut, alpı etnonimləri vardır. O, alpı etnonimini alp+ı kimi ayıraraq onun avşar qəbiləsi olmasını, alpan (alban)–alp+an, alpaut–alp+a+ut, alpat (albat)–alp+a+t etnonimlərinin isə alp türk qəbiləsi adı olmasını qeyd etmişdir. Müəllif ayırmadakı “t”, “n” samitlərini cəmlik və ya mənsubiyyət bildirən şəkilçi, onlardan əvvəl işlənən samitləri isə bitişdirici ünsür hesab etmişdir (51, s.53-54, 64, 67, 309).
T.Əhmədov da Alpout toponiminin ikinci “-ut” komponentinin cəmlik bildirən şəkilçi olması fikrini irəli sürmüşdür. Bu zaman o, KDQ-yə istinadla -qut/-ut variantlarının cəmlik bildirməsi fikrini irəli sürərək toponimin Alpoqut/Alpout formasına gəlib çıxdığını bildirmişdir (22, s.25).
F.Sümər köpəkli əfşarların bir obasının alplu olduğunu qeyd etmişdir. O bu obadan İsmayıl xanın Kazerun hakimliyinə təyin edilməsini (1514-1515), Şah Abbasın ölümü ərəfəsində üç əfşar bəyindən birinin Sistanda, Fərəh və İsfizarın hakimi olmasını da diqqət mərkəzinə çəkmişdir (41, s.283).
Azərb.-ın siyasi həyatında əfşarların rolunu tədqiq etmiş Q.Dəlili göstərir ki, XVIII əsrdə İranda avşarlar bir neçə tayfalara bölünmüş və həmin tayfalardan biri alplı olmuşdur (19, s.129-132). Onu da qeyd etmək lazımdır ki, S.Qasımova alpoutu Diyarbəkir türkmənlərinin başlıca oymaqlarından biri olan etnos kimi qələmə vermişdir (33, s.27-31).
A.Bayramov İrəvan quberniyasına daxil olan Qəmərli dairəsində Alpava//Alpova kəndi haqqında yazır ki, erməni mənbələrində kəndin adı qəsdən təhrif edilərək Arpavar formasında qeyd edilsə də, “Кавказский календарь”ın məlumatlarında, eləcə də rus hərbi sənədlərində düzgün olaraq Alpava//Alpova kimi qeyd edilir. Müəllif bu adı “alp” və “oba” sözlərinə ayıraraq tayfa adını əks etdirən bu oykonimin ilk vaxtlar Alp obası və ya Alplar obası mənasında işlənməsini, həmin yerdə yaşayış məntəqəsi salındıqdan sonra kəndin adını (Alpava//Alpoba) bildirməsini vurğulayır (16, s.50).
N.Əsgərov alb/alp əsaslı alban/alpan/alpout etnotoponimindən bəhs edərkən bu sözün “uca, hündür, yüksək” mənalarında, toponim kimi “hündür yer”, “uca ərazi”, etnonim kimi isə “ərənlər”, “qəhrəmanlar”, “igidlər” anlamında işləndiyini bildirmişdir (25, s.11-21).
Alpout qobusu toponiminin ikinci komponenti olan qobu coğrafi nomeninin mənasını araşdırdıqda məlum olur ki, qobu müvəqqəti və ya daimi suların əmələ gətirdiyi mənfi relyef formasıdır. Qobunun uzunluğu bir neçə km, dərinliyi isə 10-15 m və daha artıq ola bilər.
“Qobu” sözü və bu sözlə bağlı toponimlər haqqında məlumat və fikirlərə ayrı-ayrı tədqiqatçıların əsərlərində rast gəlmək mümkündür (1, s.38; 2, s.198). Yazıçı Qılman İlkin (Musayev) Bakıdakı Qobu toponimini izah edərkən “qobu” sözünün “yarğan” anlamında işləndiyini və bu səbəbdən də kəndin yarğanda salındığı üçün Qobu adlandığını yazır.
N.Əsgərov bu söz haqqında deyilmiş elmi fikirlərin daha geniş icmalını vermiş, müxtəlif paralellər aparmışdır. O bu sözün qədim türk dili lüğətində qobi//qovi//qovuq – “içiboş”, “boş”, “oyuq”, türk-osmanlı dilində koba – “çətin keçilən yer”, “yuva”, “xəndək, çuxur” mənalarında işlənməsini qeyd etmişdir. Müəllifin bu sözü qob–qov–qoh–qoç–koç və başqa aspektdə inkişaf etdirib faktlarla təhlilə cəlb etməsi də çox maraqlı elmi axtarışın bəhrəsidir (25, s.385-405).
Beləliklə, məlum olur ki, Alpout qobusu etnotoponimi türkdilli alpout tayfasının adını daşısa da, toponim “igid, cəsur, bahadır, qəhrəman” anlamlı alp arxaik apelyativi əsasında formalaşmışdır.
Deyilənləri ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, Alpout etnotoponimi Əfşar tayfasının Köpəklu qolundan olan Alpalu obası ilə bağlıdır. Ümumiyyətlə, “alp” istiqamətində bu məsələyə yanaşdıqda toponimin “alban” ilə bağlılığına gəlib çıxmaq, tədqiqatçıların əksəriyyətinin qeyd etdiyi kimi, mümkündür. Tarixən Azərb. ərazisində məskun olmuş yerli və gəlmə etnos adları toponimlərimizdə də əks olunmuşdur. Göyçay r-nu toponimiyasına nəzər saldıqda Azərb. xalqının keçmişindən xəbər verən xeyli sayda etnotoponim mövcuddur. Araşdırmalar nəticəsində rayon ərazisində 50-dən artıq etnotoponim müəyyən edilmişdir ki, onlarda türk tayfalarının adları olduğu kimi mühafizə olunmuşdur. Belə etnotoponimlərdən biri Ulaşlı Şıxlı oykonimidir.
Ulaşlı Şıxlı, Mallı-Şıxlı – Göyçay r-nunda qeydə alınmış kənddir. Tarixən mənbələrdə Hilaşlı şəklində yazılmışdır. XXI əsr yazılı mənbələri də sübut edir ki, bu oykonim erkən orta əsrlərdə Şimali Qafqazda yaşamış hulaşlar tayfasının (Suriya mənbələrində Kulaş) adı ilə bağlıdır. Ərəb mənbələrində onlardan Xəzər tayfalarından biri kimi bəhs olunmuşdur. XII əsrədək Volqa çayının sahilində bulqarların Hulaş şəhəri olmuşdur. “Kitabi-Dədə Qorqud” dastanında Ulaş antroponim kimi qeyd olunmuşdur. Bu məlumatlardan məlum olur ki, etnonim kulaş/hulaş/ulaş formasında fonetik dəyişikliyə uğramışdır. Hulaşların bir qismi müxtəlif vaxtlarda xəzər, bulqar və suvarların tərkibində Azərb.-a gəlmişlər. Keçmiş Borçalı qəz.-da (Gürcüstan) Hulaş/Kulaş, Dağıstanda Ulaşlı k., Ermənistan (XVII əsrdə) və Qazaxıstan (XVIII əsrdə) ərazilərində Kulaş yaşayış məntəqələrinin adları hulaşların adı ilə bağlı olmuşdur (15, s.477-478). Ulaşlı etnonimi haqqında elmi ədəbiyyatda müxtəlif fikirlər söylənilmişdir.
T.Nafasov Özbəkistan Resp.-sının Şəhrisəbz r-nunda Ulaş adlı oykonim haqqında məlumat verərkən bu adın tarixi mənbələrdə Oliş, Ulaş, Ulaç variantında yazıldığını qeyd edərək “Ulaş” sözünün semantikasını “qışlaq”, “şəhər” kimi mənalandırmışdır. Müəllif başqa bir tədqiqat əsərində Ulaş adının semantik izahının “dərya suyu, arx” kimi izah etmişdir. N.A.Baskakov Ulaş (Ulaşeviç), Ulas adını “tale, qismət” kimi vermişdir (25, s.275).
M.Seyidov Ulaş etnonimi haqqında yazır: “Ulaş” – ula+aş//əş tərkibindən ibarət mürəkkəb sözdür. “Ula” bir sıra türk dillərində “təpə”, “kiçik dağ”, “ucalıq” deməkdir (40, s.110).
K.Bəşirovun da Ulaş adı ilə bağlı araşdırmaları maraqlıdır. Müəllif yazır ki, “Ulaş” sözü mənbələrdə ulu (yüksək, böyük), uluş (el, oba) və ulamaq (böyürmək) kimi bir-birindən çox da uzaq olmayan mənalarda işlənmişdir (17, s.74-76). Yuxarıda adını çəkib nümunələrini verdiyimiz müəlliflərin izahlarında bəzi semantik məna fərqi olmasına baxmayaraq, əksəriyyəti eyni fikirdədir.
N.Əsgərov Ulaş onomastik vahidini etnotoponim hesab edərək adıçəkilən tayfanın əsasında Ulaş antroponiminin dayandığı fikrini söyləmişdir (25, s.276). Fikrimizcə, Ulaş daha çox etnotoponim formasında möhkəmlənmişdir.
Ulaşlı Şıxlı oykoniminin ikinci komponenti olan Şıxlı adı haqqında bəzi mənbələrdə bu adın şıxlı tirəsinin adını daşıdığı fikri qeyd olunur. Göyçay r-nunun Mırtı və Çərəcə k.-lərində “şıxlar” sözünə məhəllə, Qarabağlar k.-də isə dren adı kimi rast gəlmək mümkündür.
Ulaşlı Şıxlı oykoniminin etimologiyasını araşdırarkən məlum olur ki, toponimin adı iki tayfanın (ulaş və şıxlı) birləşərək oykonimin mövcud olduğu ərazidə yaşaması nəticəsində meydana gəlmişdir. Bir faktı da qeyd etməliyik ki, Göyçay r-nunda adıçəkilən oykonimlə yanaşı, Mallı-Şıxlı, Qubadlı Şıxlı k.-ləri də mövcuddur. Bir vaxtlar burada Qoyunlu Şıxlı k. də mövcud olmuşdur. Şirvan kanalı tez-tez daşaraq kəndi su basdığı üçün kəndin camaatı 1961 ildə Mirzəhüseynli k.-nə köçürülmüşdür. Hazırda kəndin bir vaxtlar mövcud olduğu ərazi Şıxlar dreni adlanır. Göyçay r-nunun Mırtı və Çərəcə k.-lərində Şıxlar məhəllə adı kimi qeydə alınmışdır. Burada “şıx” (şeyx – titul; seyid; elmli, savadlı şəxslərə də deyilirdi) komponenti və “-lı” şəkilçisinin birləşməsindən ibarət olub “şeyx nəslindən olanlar” mənasındadır. R-nun Mırtı k.-nə mənsub Şıxlar məhəlləsinin əhalisini, əsasən, şıxlar – seyidlər təşkil edir. Yerli əhalinin bildirdiyinə görə, bu seyidlərin ulu babaları çox güclü şıx olmuşdur. Onlar ovuclarını açanda göydə uçan durnalar belə onların ovuclarına qonarmışlar. El arasında onlara “durna tutan babalar” deyərlərmiş. İndi də həmin məhəlləni bəzən belə adlandırırlar.
Mallı-Şıxlı k.-nin keçmiş adı Şıxlı olmuşdur. Xalq etimologiyasına görə yerli əhali, əsasən, qaramal saxladığından kənd bu cür adlanmışdır.
Əslində isə kəndin adı XIX əsrdə Göyçay qəz.-da şahsevən tayfa ittifaqına daxil olan 105 ailədən ibarət şıxlıların adı ilə bağlıdır. Mallılar şıxlıların qollarından biri olmuşdur (15, s.304). Yuxarıda verilənlərdən aydın olur ki, Ulaşlı Şıxlı, Mallı-Şıxlı, Qubadlı Şıxlı və Qoyunlu Şıxlı oykonimlərinin 2-ci komponenti olan Şıxlı burada şıxlı etnoniminin adını özündə daşısa da, Şıxlar məhəlləsinin adında işlənmiş şıxlı onimi burada “şıxlara, seyidlərə mənsub” mənasında işlənmişdir.
Qaraman – Göyçay r-nunda kənd adıdır. Azərb.-da “qaraman” əsaslı başqa yaşayış məntəqələri də vardır (Qaraman–Salyan, Qaramanlı–Yevlax və Qubadlı rayonları). Ağdam rayonunda Qaraman dağı oronimi vardır.
A.Axundov Türkmənistanda Saraqat r-nunda Birinci Qaraman və İkinci Qaraman olmaqla iki kəndin, Krasnovodsk r-nunda Qaramanlı dağının, Qızılarbat r-nunda Qaramanlı dərəsinin (4, s.41), N.Əsgərov isə Türkiyədə Karaman və Karamanlı (Dənizlidən cənuba) makrooykonimlərinin olması barədə məlumat vermişlər (25, s.133).
Qaraman etnonimi iki komponentdən – “qara” və “man” sözlərindən ibarətdir. Hər iki söz çoxmənalıdır. “Qara” sözünün bir çox mənalarda izahı məlumdur. Şübhəsiz ki, “qara” sözünün arxaik mənaları toponimik layda daha çox saxlanmışdır. Külli miqdarda toponim və mikrotoponimlərin, əsasən, birinci komponenti kimi işlənən “qara” sözünün konkret toponimlərin tərkibində onun mənbələrdə qeydə alınan “rəng”, “sadə”, “ibtidai”, “sıravi”, “torpaq”, “təpəlik”, “dağlıq”, “yer”, “kütlə”, “camaat”, “pis ruh”, “sıx, keçilməz”, “qatı”, “bədbəxt”, “böyük, iri, nəhəng, əzəmətli”, “qüvvətli, igid, cəsur” və s. mənalarından hansını daşıdığını müəyyənləşdirmək çətindir. “Man” komponenti də çoxmənalı söz olub, onun mənaları arasında “ev”, “qala”, “məskən”, “dağ”, “meşə”, “insan”, “qoyun”, “batırmaq” və s. vardır. “-man” hissəciyi həm də sözdüzəldici vasitə kimi maraq doğurur. Bu hissəcik istər yer adlarının, istərsə də türk dillərinin ümumi leksikasında çox işləkdir. Türk dilində man//mən məhsuldar hissəciyi neologizmlərin yaranmasında daha yaxından iştirak edir (30, s.67).
R.Əliyeva “man” və “van” formantlarının topoformant olduğunu qeyd edir. O göstərir ki, bu topoformantlar çox vaxt şəkilçi kimi qəbul edilir. Əslində, bunların hər biri müstəqil sözdür. Çünki əvvəla, türk dillərində şəkilçi həmişə sözün sonuna artırılır, ikincisi, şəkilçilər müstəqil şəkildə işlənmir. Bu topoformantlar isə həm əvvəldə, həm də sonda işlənir. Müəllif “man” topoformantının lüğətlərdə “12 aydan üçüncüsü”, “4 aylıq qoyun”, “qurşaq bağlamaq”, “örtmək”, “gəzmək”, “addımlamaq” və s. mənalarda işlənməsini qeyd etdikdən sonra toponimlərdəki “man” topoformantının “əhatə olunmuş, dövrəyə alınmış, sərhədi olan məntəqə, şəhər və ya qala” mənasında işlənməsi fikrini irəli sürmüşdür (24, s.85).
Qaraman və Qaramanlı kənd adlarınınqaraman tayfası ilə bağlılığı heç bir şübhə doğurmur. 2000 çadırdan ibarət qaramanlar Səlcuq sultanı Toğrul bəy dövründə əvvəlcə Anadoluya gəlmiş və buradanda başqa yerlərə, o cümlədən Azərb.-na yayılmışlar. Qaramanların şm.-dan XII əsrdə Azərb.-a gəlməsi, onların müəyyən hissəsinin buradan Ön Asiyaya keçməsi fikri də vardır. Bu tayfa varsaq, qara, isa, kosun və qiştəmir qollarından ibarət idi. XV əsrdə Cənubi Azərbaycanda yaşamış qaramanlar qızılbaş tayfalarından biri olmuşdur. Səfəvi şahları hərbi xidmətlərinə görə bu tayfaya Azərb.-da yerlər vermişdilər.
A.Axundov göstərir ki, “Qaramanlar Azərbaycan xalqının etnogenezində iştirak etmişlər. Qaraqoyunlu Qara Yusifin qoşun başçılarından birinin adı Qaraman olmuşdur” (4, s.41).
M.Hüseynzadəyə istinad edən “Böyük Qafqazın c.-ş. hissəsinin toponimiyası” kitabının müəllifləri yazırlar ki, Azərb.-da müxtəlif variantlarda 6 Qaraman adlı kənd qeyd edilir. Qaraman qədim türk mənşəli tayfalardan birinin adıdır. Ural və Volqa çayları boyunda Şimali Qafqazda və Dağıstanda Qaramanlı adlı çoxlu coğrafi obyektlərin olması qaramanlıların şm.-dan gəldiyini göstərir. Qaraman adı Çində yaşayan salarlar arasında da çəkilir. Qaramanlar oğuz tayfalarındandır, onlar Volqaboyunda IX əsrdə bir dövlət yaratmış, XI əsrdə qıpçaqlarla toqquşmada məğlub olmuş və bir hissəsi Azərb.-na gəlmişdir (2, s.105).
R.Paşayeva “Dəftəri müfəssəli-əyaləti-Tiflis” əsərində Ağcaqala nahiyəsində Qaramanlı camaatının, Dəmirçihəsənlidə isə Qaramanlı yatağının adına rast gəlindiyini qeyd edir. O, F.Xalıqova istinadla Qaramanlı toponiminin “Yaxşı və aşıq” nağılında xalq etimologiyası yolu ilə açılışı barədə yazır: “Qara İman və Qara İbrahim – ata-oğul mahaldan ayrılıb Həkərinin gündoğanında bir oymaq salır, adını Qaraiman qoyur. Beləliklə, həmin yaşayış məskəni Qaraiman adlanır. Tarix qaramanlar haqqında yetərincə məlumat verir. Kiçik Asiyada XIII əsrdə əmirlik yaratmış Qaramanlılar Qaraqoyunlu tayfasının tərkibinə daxil olmuş və qızılbaşlara qoşulmuşlar. XIV əsrin II yarısında Bərdə və Gəncə ərazilərinin Yarəhməd Qaramanlıya mənsub olduğu faktına əsaslanıb bu tayfanın Azərb. ərazilərində məskunlaşma tarixini göstərilən əsrdən əvvəllərə aid etmək olar” (37, s.49-50). Həmin məqalədə R.Paşayeva müxtəlif müəlliflərə (İ.P.Petruşevski, D.E.Yeremeyev, Q.Qeybullayev və b.) istinadla bəzi faktları ortaya atır. Məsələn, “İ.P.Petruşevski Qaramanlı elinin Qərbdə, daha doğrusu, Kiçik Asiyada yeni torpaqların fəth edilməsindəki böyük rolunu qeyd etmişdir. …D.E.Yeremeyev XIII əsrdə Kiçik Asiyada məşhur olan tayfalar içərisində Qaramanlının adını çəkir”. Bu fikirləri yazan müəllif dəqiq mənbəni göstərmir (37, s.49-50).
XV əsrin II yarısında Səlcuq türklərinə mənsub müstəqil xanlığın adı da Qaraman etnonimi ilə bağlı olmuşdur. Xanlıq 1471 ildə Osmanlı dövləti ilə birləşmiş, əhalinin bir hissəsi isə Azərb.-a köçmüşdür. Beləliklə, Azərb.-da, eləcə də bir sıra digər türkdilli dövlətlərdə areallığı ilə seçilən Qaraman xüsusi adının etnotoponim olması və onun türk qaramanlı tayfa adı əsasında formalaşması bir daha öz təsdiqini tapır.
Bığır – Göyçay r-nu ərazisində kənd adıdır. Bəzi tədqiqatçılara görə, Şamaxı r-nundakı Niyal dağının ətəyində yerləşən Buğurt qalası 1537 ildə dağıldıqdan sonra əhalisi köçüb indiki ərazidə, yəni Göyçayda məskunlaşmışdır (15, s.89). Şamaxı r-nunda Qalaybuğurt kimi qeydə alınmışdır. Bu kənd Ağsu çayının sahilində, Niyaldağ silsiləsinin ətəyindədir. Yaxınlığındakı qədim Buğurt (Qalaye-Buğurd) qalasının adını daşıyır. Yazılı mənbələrdə adı ilk dəfə XII əsrdən məlumdur. Qalanın özü isə arxeoloji qazıntılara görə XI əsrdən mövcuddur. Buğurd qalasını 1537 ildə Səfəvi hökmdarı I Təhmasib dağıtmışdır. Qalanın adının Buğurd (Bukur) dağının adından alınması, “buğurd” sözünün qədim türk dillərindəki “buqur (qozbel)” sözündən olması, “Buğurdağ” sözünün “qozbel, qozbelə oxşar dağ” mənasını verməsi, zaman keçdikcə fonetik dəyişikliyə uğrayaraq (“buqur” sözünə “t” səsi əlavə olunmaqla) buqurt formasına düşməsi, XIII əsrdə yaşamış Zəkəriyyə Qəzvininin qalanın adını Biqur kimi də qeyd etməsi haqqında məlumat verilir (15, s.118).
N.Məmmədov qalanın keçmişdə əhali arasında Qız qalası adlandığını və qalaya dağın adının verildiyini qeyd edir. Müəllif yazır ki, H.Ciddi qalanın adının türk dillərindəki berkut – qartal quşunun adından olduğunu göstərmişdir. Lakin qalanın adı qədim mənbələrdə Boykur formasında olmuş və “d” səsi sonralar danışıqda əlavə olunmuşdur. Əslində isə dağın adı başqa türk dillərindəki buxur// bokur sözündəndir ki, bu da “dağ çıxıntısı” deməkdir. N.Məmmədov qalanın XVI əsrdə dağıldıqdan sonra onun əhalisinin bir qisminin Göyçay r-nunda məskunlaşaraq Bığır k.-nin əsasını qoyduğu qənaətinə gəlmişdir (34, s.26).
Buğurt//Buğurd//Buxur//Buğur//Bığır//Bıqur//Bikova//Bıqova cərgəsindəki bütün sözlərin əsasında eyni kök durur. İkinci komponentdə də əsaslı fərq qeydə alınmır, fonetik variantlılıq aşkar hiss olunur. Kök bık//bıq//buğ variantlarından biri ola bilər.
Mənbələrdə bık//bıq//buğ əsaslı toponimlərin areallarına kifayət qədər rast gəlmək mümkündür. Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəz.-da (indiki Ermənistanın Qafan rayonunda) Bıq k., İrəvan quberniyasının Novobayazıd qəz.-da Bıqlı (1590 ilə aid mənbədə Bıyıqlı) k., Qax r-nunun Zərnə k.-də Bıqlar obası oronimini göstərmək olar. Türkiyədə Mərmərə dənizinə tökülən bir çay da Bıqa adlanır. Rusiyada Donetsk çayının hövzəsindəki çayların biri Bık adlanır. Türkiyə hökmdarı Sultan Muradın Anadoluda Biqa qalasını tutması da məlumdur. Qeyd edilməlidir ki, Bığlı adlı kənd erkən orta əsrlərdə Albaniyada Artsak əyalətində olmuşdur. XIX əsrdə Qars əyalətində Beqlı Əhməd və Beqlu Hüseyn Saraslı kənd adlarının mənşəcə eyniliyi də şübhə doğurmur.
Ehtimal ki, türk dillərində buk “meşə sahəsi” sözündəndir (62, s.46). Altayda buk “çayın axarı boyu dağlar arası vadi” mənasındadır (53, s.131).
Bir qrup dilçilərin fikrincə, buğur//biğur sözünün semantik mənası “cavan erkək dəvə”, məcazi mənası isə “çox iri, yekə, yoğun adam” mənalarını bildirir (12, s.168). Fikrimizcə, Bığır toponimi “dağ ətəyində, çay vadisində yerləşən, salınan kənd” mənasındadır – qənaətinə gəlmək mümkündür.
Bəydəvil//Bəydövil//Bəydövül – Göyçay r-nunda qeydə alınmış kənddir. Bəydəvil//Bəydövil//Bəydövül sözünü bəy+dəvil//dövil//dövül komponentlərinə ayırmaq olar. Eyni struktur üzrə bəydili – bəy+dili açılışı alınır. Hər iki toponimdə birinci komponentin eyniliyi aşkardır. Göyçay r-nundakı Bəydəvil toponiminin xalq etimologiyasına görə, bəy və dəvil hissələrindən ibarət olması, “dəvil” sözünün “dövlət” mənasında olması, adın danışıq dilində “Bəydöl” şəklinə keçməsi, “bəy dövləti, bəyə məxsus mülk” kimi yozulmasından irəli gəlir.
“Bəydəvil” sözünün birinci komponenti “bəy” türk dillərində “böyük” mənasındadır. Bu söz türk xalqlarında qədim dövrlərdən titul kimi işlənir. Müasir şəxs adlarının komponentlərindən biri kimi də çox işləkdir. Müasir Azərb. dilində antroponimlərin tərkibində, eləcə də hörmət əlaməti olaraq şəxs adlarından sonra ikinci komponent kimi də istifadə olunur.
Azərb. antroponimik sisteminin zənginləşməsində fəal rol oynayan “bəy” leksemi müxtəlif dövrlərdə türk dillərində daha çox titul kimi işlənmişdir. Z.Verdiyeva yazır: “Bəlkə də, “bəy” titulların ən qədimidir, çünki ibtidai icma dövründə siniflər meydana gələndə qəbilə başçılarına da “bəy” (böyük) deyilirdi. Adətən, “bəy” titulu irsi olmuşdur. Lakin sonralar irsi olmayan, yəni bir şəxsə ömürlük verilən “bəylik” meydana gəlmişdir” (44, s.180).
E.Abışov Z.Xasiyevə istinadla yazır ki, “İnqilaba qədər Azərb.-da hakim qüvvələrdən olan bəyin beş funksiyası, dərəcəsi olmuşdur. Bu dərəcə onlara xüsusi dövlət orqanları tərəfindən verilirdi. Bunlardan ən alisi, böyüyü bəylərbəyi idi. Lakin keçmiş sovet hakimiyyəti dövründə Azərb.-da, eləcə də başqa türkdilli xalqlarda hakim qüvvə olan ağalar, xanlar, bəylər bir sinif kim ləğv edilmişdir. Buna baxmayaraq “bəy” sözü Azərb. antroponimiyasında və antropotoponimiyasında öz fəal mövqeyini qoruyub saxlamışdır”.
Fikrimizcə, “Bəydəvil” sözü ilkin variantda Bəydili olmuş, sonralar fonetik dəyişikliyə uğrayaraq indiki formasını almışdır. Bəydəli/Bəydili/Bəydilli müxtəlif fonetik tərkibdə işlənən sözlərin hamısının kökü birdir. Fərq ən çox ikinci komponentlərdədir.
XV əsrdən “alp” sözü funksiyasına görə tamamilə “dəli” sözü ilə əvəz edilir. “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanında yuxarıda göstərilən “dəli” mənalı sözlə rastlaşırıq. Lakin əvvəlki qanunauyğun ənənə qüvvədə qalır. Əgər “alp” sözündən Alp Tarxan, Alp Arslan kimi şəxs adları, həm də Alpout, Alpan toponimləri VII-XII əsrin Zaqafqaziya mənbələrində qeyd edilmişdirsə, dövr, zaman keçdikcə Azərb. dilindəki “dəli” sözü də müsbət mənada şəxs adlarına qoşularaq yeni adlar yaratmışdır. Məsələn: Dəli Domrul, Dəli Ozan, Dəli Həsən, Qoçdəli, Beşdəli və s. (34, s.27-28). Deməli, Bəydöl–Bəydəvil–Bəydili–Bəydilli–Bəydəmirli sözlərinin əsasını “bəy” və “dəli, dili” sözləri təşkil edir.
Çox güman ki, bunların müxtəlif fonetik variantda işlənməsinə baxmayaraq, hamısı Səlcuq oğuzlarının bəkdili tayfasının adı əsasında formalaşmışdır. Türk mənşəli bəydili tayfasının adına ilk dəfə M.Kaşğarinin “Divanü-lüğət-it türk” əsərində rast gəlinir (29, s.56). Hazırda Azərb.-da Bəydili adında (Biləsuvar, Salyan, Yevlax) üç kənd vardır.
Hacalıkənd – Göyçay r-nunda mövcud kəndlərdən biridir. Mürəkkəb söz şəklində olub üçkomponentli oykonimdir: Hac(ı) +Alı+kənd. Yerli məlumata görə, yaşayış məntəqəsinin belə adlandırılmasına səbəb hacılı nəslinə mənsub ailələrin burada məskunlaşması olmuşdur. Bəzi məlumatlara görə, toponim XVI əsrdə Şirvanda məskunlaşmış qızılbaşların Zülqədər tayfasından olan hacılar tirəsinin adını özündə əks etdirmişdir. Toponimdə “hacı” sözündəki sonuncu “ı” saiti düşmüşdür. Bu da Azərb. dilində iki saitin ardıcıl işlənməməsindən irəli gəlir. İkinci komponent “Alı” şəxs adı, üçüncü komponent isə “kənd” coğrafi nomenidir.
Fikrimizcə, Hacalıkənd oykonimi Alı antroponimi əsasında formalaşmış toponimdir. Antropotoponim “Hacı Alıya məxsus kənd” kimi izah olunur.
Qəbələ Müskürlü – Göyçay r-nunda mövcud kəndlərdən biridir. Yaşayış məntəqəsi Göyçay qəz.-da yaşamış müskürlü tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Kəndin ilkin adı Molla Qədim, daha sonralar Müskürlü Molla Qədim olmuşdur. Tayfanın adı şm.-ş. Azərb.-da, Vəlvələ çayla Samur çayı arasındakı Müşkür düzünün adındandır (15, s.375). Müşkürlü Müşkür düzündə qədimdə yaşamış ellərin ümumi adı olmuşdur. Müşkür düzü isə, çox güman ki, eranın əvvəllərində orada yaşamış maskut (məsqət) tayfasının adının fonetik forması olan maskur (müskür) etnonimi ilə bağlıdır. N.Məmmədov qeyd edir ki, maskut etnonimi Xaçmaz və Quba inzibati rayonları arasında mövcud olan Maskatar düzü oronimində indiyədək öz ilkin formasını qoruyub saxlamışdır (34, s.155). Qəbələ toponimik vahidi isə müskürlü tayfasının müəyyən hissəsinin Qəbələ qalası (Qəbələ rayonu) xarabalıqları ətrafında yaşamış hissəsinin adı ilə əlaqədardır.
Araşdırmalar zamanı Göyçay r-nunda iki qala adı da qeydə alınmışdır: Surxay qalası və Qız qalası.
Surxay qalası – Göyçay r-nunun Şəhadət və Mirzəhüseyli k.-rinin arasında, Qafqaz dağlarının cənub ətəklərində XIV əsrdə tikilmiş qala-istehkamdır. Sonrakı əsrlərdə bu qalanın yerində yeni qala-qəsrin salınması və ya qalanın qismən bərpa edilməklə yenidən qurulması mümkündür. Hər halda, qalanın tarixinin daha dərindən araşdırılması Göyçay ərazisindəki yaşayış məskənlərinin tarixinə aydınlıq gətirmək üçün çox əhəmiyyətlidir.
Qeyd edək ki, Azərb. tarixində Surxay adı müxtəlif əsrlərə aid şəxslər kimi düşmüşdür. Araşdırmalar zamanı Qəbələ r-nunun ərazisində Acınohur öndağlığında Surxayxan adlı dağ qeydə alınmışdır. Göyçay r-nunun dağlıq hissəsi də Acınohur öndağlığıdır.
A.Bakıxanova görə, Dağıstan feodalı Surxay xan XVIII əsrin birinci yarısında Nadir şaha qarşı vuruşmada müdafiə olunmaq üçün burada qəsr tipli qala tikdirmişdir. Sonradan qalanın yerləşdiyi dağ da onun adı ilə adlandırılmışdır (3, s.89).
O da məlumdur ki, XVIII əsrdə Nadir şah bir sıra kəndlərin əhalisini özünün saldırdığı Nadirqala adlı yaşayış yerində məskunlaşdırmışdır. Sonralar əhali kəndi Qala adlandırmışdır. Keçmiş adı Qala-Qərgə (ərəb dilində qəryə “kənd” deməkdir) olmuşdur (15, s.116). “Qala kəndi” mənasındadır. Qalada qədim qala qalıqlarının olması məhəllələrdən birinin Qala dibi adlanması, burada 1624-25-ci illərdə tikilmiş imarətin varlığı həmin fikri əsaslandırmağa imkan verir.
Qala termin kimi “möhkəm tikililəri və müdafiə vasitələri olan istehkam, istinadgah, hündür, enli və möhkəm hasar, həbsxana, zindan, alınmaz sığınacaq” kimi təyin olunur.
Surxay qalası “Surxayın saldığı qala” anlamını verir. Surxay qalası və bu qalanın sahibi Surxay xan haqqında olan rəvayətlər və elmi məlumatlar burada daha əvvəllər yaşayış olduğunu bir daha təsdiq edir. Yeri gəlmişkən qeyd edək ki, dilçilik ədəbiyyatlarında Surxay qalasının adının ərəbcə surx, surxab, surxob – “şəhər divarı”, “qala divarı” anlamını verməsi haqqında fikirlər vardır (4, s.8). Bu izah inandırıcı görünmür. Onomastik vahidin tərkibində Surxab//Surxob komponenti yoxdur. “Azərbaycan dilinin izahlı onomastik lüğəti”ndə və N.Tapdıqoğlunun kitabında “surx” sözünün ərəb dilində “qala divarı” anlamında olması qeyd olunmuşdur (11, s.297; 43, s.86).
Fikrimizcə, toponimik vahidin birinci komponenti Surxay burada antroponimdir. “Surxay – ay işığı, düyünləri açan, şan-şöhrətli igid” kimi izah edilir.
Qız qalası – r-nun Qaraməryəm kəndində bu qalanın izləri hələ də qalmaqdadır. “Qız” oniminin izahı ilə bağlı ədəbiyyatlarda müxtəlif fikirlər söylənilmişdir.
Ə.Cavadov “qız” komponentli onomastik vahidlərin, əsasən, dağlıq ərazilərdə yerləşdiyini, dağ adları modelinə daxil olduğunu, dağ zirvəsində yerləşən hər hansı bir obyektin “qız (zirvə)” sözü ilə təyin olunduğunu və “zirvə”, “dağ zirvəsi” mənası kəsb etdiyini, XX əsrin əvvəllərində R.Haqqı Qız qalası oroniminin birinci komponenti olan “qız” oniminin oğuz//ğuz tayfasının adı ilə bağlı olduğunu və tədricən “ğuz” sözünün “qız” sözünə çevrildiyini qeyd etmişdir. Bu fikri bir çox alimlər: türkoloq A.Baskakov, arxeoloq S.P.Tolstov da qəbul etmişdir. Başqa bir mülahizə isə “qız” sözünün “od, atəş” mənasında dilimizdə işlənən “qor” sözü ilə yaxınlığıdır. Bizə məlumdur ki, türkologiyada r//z əvəzlənməsi mümkün fonetik hadisələrdən biridir. Bu hadisə hələ qədim protürk dövründən məlumdur (6, s.94).
Ümumiyyətlə, Azərb. memarlığında Qız qalalarının xüsusi yeri, səciyyəvi xüsusiyyətləri vardır. Qız qalası mikrotoponiminin areallarına istər Azərbaycan – Bakı, Göyçay, Şamaxı, Gədəbəy r-nlarında, istərsə də ölkəmizdən kənarda – Türkiyədə, Rusiyada, İranda və başqa yerlərdə rast gəlmək olar.
Fikrimizcə, qala Qaraməryəm kəndində dağın yüksək hissəsində yerləşdiyi üçün, Ə.Cavadovun fikrinə əsaslanaraq deyə bilərik ki, Qız qalası oroniminin birinci tərəfində işlənmiş “qız” sözü burada “dağın yüksək zirvəsi” anlamını bildirir. Coğrafi obyektlərin heyvan və quş adları ilə adlandırılması nəticəsində zoonimik onomastik vahidlər yaranır. R-nun makro və mikrotoponim sistemində zootoponimlərdə də rast gəlmək olar. Nümunə olaraq Ayı mağarası, Atbeli dağı, Pələngtullanan dağ, Dəvəbatan dərə, Ceyran düzü, Çaqqal qobusu, İlanlı çökək, Dovşan yuvası, Qaraquş dağı, Qaranquş dağı, Quzğun qayası, Qartal dağı və s. göstərmək olar.
Pələngtullanan//Pələktullanan dağ – r-nun Ərəbcəbirli k.-nin ərazisində qeydə alınmış oronimdir. Fonetik variantlılıq danışıq dilində “g” və “t” fonemlərinin yanaşı işlənməsi ilə bağlı g>k səs əvəzlənməsindən irəli gəlir.
Pələng – pişik cinsindən olub dərisi zolaqlı iri yırtıcı heyvan; qaplan (11. s.493). Hazırda pələngə respublikamızın Lənkəran-Astara zonasında çox nadir hallarda təsadüf edilir. Araşdırmalar göstərir ki, Azərbaycanın Kəlbəcər, Zəngilan, Laçın, Qubadlı r-nlarının toponimlər sistemində pələng onimi ilə başlayan oronimlər nisbətən çox təsadüf edilir. Bu da Kiçik Qafqaz meşəliklərində bir zamanlar pələnglərin yaşamasını təsdiqləyir. Maraqlıdır ki, Göyçay r-nunda da “pələng” əsaslı zootoponim qeydə alınmışdır. Ola bilsin ki, ad vaxtilə baş vermiş hadisə ilə bağlı yaranmışdır. Kiçik Qafqaz meşəliklərindən gəlmiş pələngin bu dağdan enməsi əsasında formalaşması ehtimal oluna bilər.
Dəvəbatan dərə – Göyçay r-nu ərazisində qeydə alınmış zootoponimdir. Çay dərəsi kolluq və bataqlıq olmuş, sonralar üstündə su anbarı tikilmişdir. Vaxtilə karvan yolu ilə Qəbələ tərəfə gedən və oradan qayıdan karvandakı dəvələrin burada suvarılması, suvarma zamanı bəzən dəvənin bataqlıqda batması ilə müşayiət edilmişdir. Nəticədə yer baş vermiş hadisə əsasında ad almışdır. Adın tərkibində zoonim vardır (6, s.226).
Dəvə – səhralarda və quru çöllərdə istifadə olunan, bir və ya ikihörgüclü, çox dözümlü iri yük heyvanıdır (11, s.55). Qədim türk dillərində erkək dəvə buğra adlanmışdır. Dəvə səhra və quru çöllərdə istifadə olunan davamlı, əti yeyilən və bol yun verən heyvan olduğundan onun saxlanması və çoxaldılmasına xüsusi fikir verilmişdir.
Dəvə var-dövlət rəmzi kimi də çıxış edir. “Dövlətdə dəvə, övladda nəvə” atalar sözü də bunu təsdiqləyir. Dəvə türkdilli xalqların, o cümlədən azərbaycanlıların məişətində xüsusi yer tutmuşdur. Oğuzlarda dəvə çox istifadə olunan hevanlardan biri olmuşdur. KDQ-də də “dəvə” sözü işlək olmuşdur. Məsələn: “Dəvələrinə vardı, bin buğra – nər seçdi” (4, s.57).
Hazırda Azərb.-ın Abşeron, Salyan, Şamaxı, Göyçay və s. r-nlarında dəvə saxlanılmaqdadır. Azərb.-ın bir sıra rayonlarında dəvələrin otarılması, saxlanılması üçün imkanlar olmuşdur. Nəticədə adıçəkilən ərazilərdə həmin heyvan adı əsasında toponimlər yaranmışdır. Göyçay r-nundakı Dəvəbatan dərə bu qəbildən olan yer adıdır. Lakin bu yerdə dəvə saxlanması ilə əlaqədar deyil, baş vermiş hadisə ilə bağlı yaranmış zootoponimdir. Göyçay r-nu ərazisində ornitonimlər (quş adları) əsasında düzələn oronimlərə az da olsa rast gəlmək mümkündür.
Qaraquş dağı – Göyçay r-nu ərazisində Şahsoltanlı k.-dən c.-ş.-də yerləşən zootoponimdir. Dağ çaydan o qədər də uzaq məsafədə deyildir. Çayın bu hissəsində balıqlar çox olmuşdur. Bu da əsas yemi balıq olan qaraquşların mövsümdə bu əraziyə uçub gələrək dağda məskunlaşmasına imkan yaratmışdır. Ehtimala görə, dağın belə adlandırılması orada çoxlu qaraquşun olması ilə əlaqədar olduğu ehtimal olunur. Ona oxşar digər variantda dağın adının yırtıcı qara quşların qayalarda yuva salması ilə əlaqədar yarandığı qeyd olunur.
Quşlar dünyanın, demək olar ki, hər yerində yayılmışdır. Yer kürəsində quşların 9 minə qədər növü vardır. Onlardan 357 növü Azərb. faunasına daxildir. Qaraquşlar Pandionidae fəsiləsinə – çay qaraquşları fəsiləsinə daxildir. Azərb.-da Aran rayonlarında və dağ-meşə qurşağında yayılmışlar. İri çay boyundakı və dəniz sahilindəki meşəlikləri xoşlayır. Quşun bel tərəfi tünd qonur, boynunun ardı və başı ağdır, təpəsində tündrəngli uzununa cizgilər vardır. Peysərində lələklər uzanıb kəkil əmələ gətirir. Qanadının uzunluğu erkəkdə 448-492 mm, dişidə 485-515 mm-dir. Əsas yemi balıqdır. Təsərrüfat əhəmiyyəti yoxdur (38, s.134-135). Göyçay çayı və r-nun Qaraquş dağı ərazisində müşahidə olunur. Son dövrlərdə sayı kəskin azalmışdır.
“Qaraquş” sözü qara+quş komponentlərinə ayrılır. “Qara” sözü burada quşun rəngi ilə deyil, onun böyüklüyü ilə əlaqədardır. “Quş” sözü cinsin adıdır. Vaxtilə bu ərazidə yayıldığına görə dağ quşun adı ilə adlandırılmışdır. Onu da qeyd edək ki, qaraquş adı başqa bir növdən olan “qartal” quşunun adının sinonimi kimi bəzi türk dillərində, o cümlədən də Azərbaycan dilində istifadə olunur. Əslində, zoologiyada qartal və qaraquş fərqli növlərdir. Qartal Aquila Brisson cinsindən olub qırğılar fəsiləsinə daxildir və müxtəlif növləri vardır. Azərb.-da qartal növləri kimi sar, çöl qartalı, kiçik qartal, cırtdan qartal, çığıran qartal və s. növləri vardır.
Qaranquş dağı – Azərb. onomastikasında qaranquş adını əks etdirən coğrafi obyektlər də vardır. Bunlardan biri də Göyçay r. ərazisində yerləşən Qaranquş dağı oronimidir. Qaranquş adına türk dillərində müxtəlif formalarda rast gəlinmişdir. Karlaqaş (altay), karluğas (başqırd), qırlanqaç (qaqauz), karlıqaş (noqay), karlıqaç (tatar), kırlanğıç (türk) və s. (38, s.55). M.Kaşğaridə isə karğılaç və karlığaç formalarında rast gəlinir. Müəllif iki formanın metateza hadisəsi əsasında yaranmasını qeyd etmişdir (28, s.370).
Sözün birinci hecasındakı “ı” saitinin əvvəllər “a” olması və “n” samitinin kılıç>kılınç sözündə olduğu kimi sonradan artırılmasına əsaslanaraq türk dilindəki kırlanğıç<karlağuç şəklində bərpa edilir.
Qaranquş haçaquyruqlu, dar uzun qanadlı, itiuçan köçəri quşdur. Qaranquşun sahil, dağ (qaya), kənd, şəhər növləri fərqləndirilir. Oronim dağ (qaya) qaranquşlarının böyük dəstə ilə bu yerə köçüb gəlməsi ilə bağlı olaraq bu adı almışdır.
Göyçay r-nunun mikrotoponimlər sisteminə daxil olan urbanonimlər – şəhər daxilindəki prospekt, döngə, küçə, meydan, bazar, bina və s. adlarını bildirir. Urbanonimlər tarixin məhsulu hesab olunur. Xalqımız çoxəsrlik tarixi dövrdə nə qədər binalar, məqbərələr, məscidlər, karvansaralar tikmiş, küçələr, məhəllələr salmış, bunların da hər birinə öz təfəkkür dünyası, düşüncəsi, zövqü əsasında adlar vermişdir.
Araşdırmalar göstərir ki, urbanonimlər şəhər, şəhərtipli qəsəbə və kəndlər üçün daha xarakterikdir.
Göyçay ş. daxil olmaqla rayonun kəndlərində zəngin məhəllə və küçə adları mövcuddur. R-n ərazisində mövcud olan hər bir məhəllənin, küçənin, döngənin öz adı, yaranma tarixi vardır. Bu adların yaranması əhalinin bir yerdən digər yerə köçməsi, tayfa və tayfa birləşmələrinin müəyyən ərazidə məskunlaşması, tayfaların tirələrə bölünməsi, əhalinin peşə və məşğuliyyəti, tayfa, qəbilə, tirə başçısı, tarixi şəxsiyyət, əmək və xalq qəhrəmanları, elm və sənət adamlarının adlarının əbədiləşdirilməsi ilə əlaqədar olmuşdur.
Zəngin urbanonimlər sisteminə malik rayon ərazisində patronimlər – yəni şəxs, tayfa, yaxud nəsil başçısının adı ilə bağlı yaranan məhəllə adları geniş yayılmışdır. Belə adların bir qismi illər keçdikcə unudulub sıradan çıxmış, bir qismi isə bu günə qədər gəlib çatmışdır.
1. Tayfa, nəsil, tirə başçısının, yaxud yüksək mövqe tutan dövlətli şəxsin adı ilə bağlı yaranan urbanonimlərə nümunə olaraq Teymur bəy məhəlləsi, Şiralı bəy məhəlləsi, Hidayət bəy məhəlləsi, İsgəndər məhəlləsi, İsmayıl məhəlləsi (Potu k.), Qara Yusif məhəlləsi (Qarabağlar k.), Nuru uşağı məhəlləsi, Manafuşağı məhəlləsi (Bəydövül k.), Xanməmmədli məhəlləsi, Səlimli məhəlləsi, Nəbili döngəsi, Gödək arx məhəlləsi (Alpout k.), Daşdəmirli döngəsi, Kazımlı döngəsi (Ləkçıplaq k.), Rəhimbəkirli məhəlləsi, Addıkərimli məhəlləsi, Həmzəli məhəlləsi (Qaraman k.), Rəhimli məhəlləsi, Bəkdəmirli məhəlləsi, Ömərbəylilər məhəlləsi, Qəmərbəylilər məhəlləsi, Mikayıllılar məhəlləsi (Mirzəhüseynli k.) və s. göstərmək olar.
2. Tarixi şəxsiyyət, dövlət xadimləri və siyasi rəhbərlərin adları əsasında yaranan urbanonimlərə nümunə olaraq Heydər Əliyev küçəsi və parkı, Atatürk, N.Nərimanov, M.Rəsulzadə, Abdulla Faruq, Xətai, H.Hacıyev və başqa bu kimi küçələri göstərmək olar.
3. Milli qəhrəmanlarımızın və şəhid oğullarımızın adları ilə bağlı yarananlar. Milli müstəqilliyimiz və dövlətçiliyimizin möhkəmləndirilməsi, həmçinin torpaqlarımızın müdafiəsi zamanı vətənin azadlığı uğrunda mübarizə aparmış, şücaət göstərmiş keçmiş Sovet İttifaqı Qəhrəmanı, Azərbaycanın Milli Qəhrəmanı və şəhid oğullarımızın adı ilə bağlı olaraq bir neçə urbanonimlər də yaranmışdır. H.Aslanov, M.Hüseynzadə, S.Qurbanov, Z.Nəcəfov, M.Muradov, Z.Bünyadov, B.Mirzəyev küçələrini nümunə olaraq göstərmək olar.
4. Elm və sənət adamlarının adı ilə bağlı yaranan urbanonimlərə Xaqani, Nizami, Nəsimi, Füzuli, M.P.Vaqif, S.Ə.Şirvani, M.F.Axundov, X.Natəvan, S.Vurğun, H.Cavid, M.Ə.Sabir, Şəhriyar, Əli Kərim kimi görkəmli şəxsiyyətlərin adlarını daşıyan park, bağ və küçələrin adlarını çəkmək olar.
5. Etnonimlər əsasında yaranan urbanonimlər. Göyçay rayonu ərazisindəki urbanonimlərin müəyyən bir hissəsi etnonimlərlə – xalq, tayfa, tirə adları ilə bağlıdır. Belə urbanonimlərin leksik tərkibinin əsasını türkdilli tayfa, qəbilə və tirə adları təşkil edir. Bu da onu göstərir ki, Göyçay rayonu ərazisində çox qədim zamanlardan türk mənşəli tayfalar yaşamışlar. Bu tayfaların adları rayonun oykonim və oronimləri ilə yanaşı, urbanonimlərinin də tərkibində mühafizə olunaraq qalmaqdadır. Rayon ərazisində etnonim əsaslı urbanonimlərə nümunə olaraq Qurdlar məhəlləsi, Türkmənlər məhəlləsi, Cühudlar məhəlləsi (Göyçay şəh.), Arvan məhəlləsi (Ərəbcəbirli k.), Şıxlar məhəlləsi, Cəyirli məhəlləsi (Çərəcə k.), Ləzgilər məhəlləsi (Cəyirli k.), Türkmən məhəlləsi (Kürdəmiş k.), Bala Çaxırlı məhəlləsi (Çaxırlı k.), Kürdlər məhəlləsini (Kürdşaban k.) və s. göstərmək olar. 6. Peşə, sənət, məşğuliyyətlə bağlı yaranan urbanonimlər. Göyçay rayonu əhalisinin peşə, sənət və məşğuliyyətini əks etdirən məhəllə adlarının tədqiqi olduqca maraqlıdır. Bu tip urbanonimlərə rayonun kəndlərində rast gəlmək olar. Məsələn, Çöpçülü məhəlləsi (Qarabaqqal k.), Dəlləkli dəngəsi, Dəllək Muradlılar dəngəsi (Ləkçıplaq k.), Dəlləkli məhəlləsi (Yeniarx və Hacıağabəyli k.), Qaleyçi məhəlləsi (Qaraxıdır k.), Pinəçi ev dəstəsi (Qarabaqqal k.) və s.
Heydər Əliyev küçəsi və parkı – Azərb.-ın görkəmli dövlət xadimi, Ümummilli liderimiz Heydər Əliyevin şərəfinə Göyçay ş.-də salınmış ən böyük küçə və park adıdır.
Şah İsmayıl Xətai küçəsi – bu küçənin əvvəlki adı Kirov olmuşdur. Lakin sonradan küçənin adı dəyişdirilərək Azərbaycanın görkəmli dövlət xadimi, sərkərdə və şairi Şah İsmayıl Xətainin şərəfinə adlandırılmışdır.
Qurdlar məhəlləsi – r-n mərkəzində yerləşən məhəllə adıdır. Göyçay r-nunda Cırqurd adlı kənd də mövcuddur. Hər iki toponimin əsasını qədim türkdilli qurd//qurt etnonimi təşkil edir. Tədqiqatçılar Qurd və Qurdlar adını, əsasən, etnonim kimi qəbul edərək belə bir qənaətə gəlmişlər ki, vaxtilə türk xalqları qurda ehtiram bəsləmiş və qurda tapınma nəticəsində tədricən bu ad etnonimə çevrilmişdir. Bakı, Şamaxı, Gəncə, Bərdə, Şuşa, Ordubad, Xaçmaz və s. ərazilərdə Qurdlar tayfası, Qurdlar kəndi, Qurdlar məhəlləsi, Qurdlar bulağı kimi onomastik vahidlərin qurd etnonimi əsasında formalaşdığını yazan tədqiqatçılarımız da az deyil.
Ümumiyyətlə, Azərb. toponimiyasında qurd//qurt etnonimi əsasında yaranmış toponimlər geniş yayılmışdır. Nümunə olaraq Qurd təpə, Qurd dağı, Qurdlu oronimlərini göstərmək olar. Qərbi Azərbaycanda da Qurdqulaq (Sədarabad rayonu), Qurdubulaq (Qızılqoç rayonu), Qurd Qulu (Dərələyəz) və s. oykonimləri mövcud olmuşdur. Orta Asiya, Krım, İran, Türkiyə, Gürcüstan və Volqaboyunda da tərkibində qurd onimi olan və ya onun əsasında formalaşan onomastik vahidlər az deyildir. Bundan başqa, Türkmənistan, Orta Asiya və Azərbaycanda toxunan xalça və kilimlərdə də “qurdağzı”, “qurdpəncəsi” nişan və damğalarından istifadə olunur. Qurdun müqəddəs, xilaskar, mübarək, zoomifik heyvan olması digər türk dastanlarında da əks olunmuşdur. Bu inam qurdun adının zaman-zaman şəxs, tayfa və ləqəb adına, daha sonralar isə toponimiyaya keçməsinə səbəb olmuşdur.
Beləliklə, Qurdlar məhəlləsi urbanonimi qurd etnoniminə cəmlik bildirən “-lar” şəkilçisinin qoşulması nəticəsində yaranmışdır. “Qurdlar tayfasının yaşadığı məhəllə” anlamındadır.
Cəyirli məhəlləsi – r-nun Çərəcə k.-də məhəllə adıdır. Göyçay r-nunda eyniadlı kənd də mövcuddur. Cəyirli k.-dən bir qrup ailə Çərəkə k.-nə gələrək adıçəkilən məhəllədə məskunlaşmışlar. Urbanonim özündə cəyirli tayfasının adını əks etdirmişdir. Orta əsr mənbələrində çakırlı//çəkirli kimi adları çəkilən türkdilli cəyirli tayfası XV əsrdə ağqoyunlu və qaraqoyunlu tayfa birliyinə daxil olmuş, Ərdəbil mahalında və Muğanda yaşamışdır. Sonralar qızılbaş tayfası kimi tanınan cəyirlilər Azərbaycanın müxtəlif ərazilərinə yayılmışlar. XIX əsrin ortalarında Cavad qəzasında yaşayan 90 ailədən ibarət cəyirli elatı qeydə alınmışdır. Bir çox yaşayış məntəqəsinin adı cəyirli tayfasının adı ilə əlaqədardır. Göyçayda yaşayış məntəqəsi olan Cəyirlini Şamaxı rayonunun Cəyirli kəndindən ayrılmış ailələr saldığı üçün belə adlanması haqqında fikir vardır. Şamaxıda və Şəkidə Cəyirli kəndləri vardır. Şəmkir və Gədəbəy ərazisindən Cəyir çayı keçir (15, s.551).
İ.P.Petruşevski İsgəndər Munisiyə istinad edərək 1628 ildə tərtib edilmiş əmrlərin siyahısında Şəki hakimi Məhəmməd Sultanın cəyirli adlanan kiçik qızılbaş tayfasının nümayəndəsi kimi təqdim edildiyini göstərir (66, s.138).
V.Aslanov Cəyirli tayfasının Şəkidə məskunlaşmasını Səfəvilərin hakimiyyətə gəlməsi, daha doğrusu, Şah Təhmasib və Dərviş Məhəmməd xan münasibətlərinin ən gərgin dövrünə (1551 il) təsadüf etməsini söyləyir və Şah Təhmasibin Şəkiyə yürüşünün həm də şiəlik təriqətinin möhkəmləndirilməsi məqsədini daşımasını qeyd edir. Məhz bu səbəbdən Dərviş Məhəmməd xanın qətlindən sonra Şəki hakimi yerli adamlardan deyil, şiəliyə mənsub olan qızılbaş tayfalarından təyin edilirdi (6, s.95).
Qızılbaşların cəyirli tayfası yalnız Şəkidə deyil, respublikamızın bir sıra rayonlarında, o cümlədən də Şamaxı və Göyçayda da məskən salmışlar. Göyçay rayonundakı Cəyirli kəndinin adı etnotoponimdir və qədim türk mənşəli cəgirli//cəyirli tayfasının adı əsasında formalaşmışdır. Cəyirli tayfasının nümayən- dələrinin Şamaxıdan Göyçaya köçməsi faktını da qəbul etmək lazım gəlir. Çox güman ki, Şamaxı zəlzələlərindən sonra onlar Göyçayda məskunlaşmış və yaşayış yerlərinin adını əvvəlki kəndin adı kimi saxlamışlar.
Azərb. ərazisindəki yer adlarının bir qismi bitki adlarından əmələ gəlməklə fitonimlər kimi səciyyələndirilir. Bəzən Göyçay r-nu ərazisində qeydə alınmış fitotoponimlərin paralellərinə Azərb.-ın digər rayonlarının toponimik sistemində də rast gəlmək mümkündür. Bitki örtüyünün zəngin olmaması rayonun fitotoponim sistemində özünü göstərmişdir. Fitotoponimlər daha çox bu və ya digər ərazidəki bitki örtüyü ilə əlaqədar yaranır. Yəni toponim hansı bitkinin adını ifadə etdirirsə, həmin ərazidə bu bitki çoxluq təşkil edir; məsələn: Almalı dərə, Armudlu dərə, Buğda dərəsi, Qaratikanlı dağ, Qarağac meşəsi, Qamışdərə, Narlı dərə, Narlıq yeri, Güllü dərə, Güllü dəhnə, Moruqlu dərə, Yulğunluq, Çayırlıq, İnnablıq, İncilli dərə, Göyəmli çökəyi, Zoğallı dərə və s.
Narlı dərə, Narlıq yeri – hər iki oronim Göyçay r-nunun Şəkər k. ərazində yerləşir. Nar içərisində şəffaf pərdə ilə örtülmüş çoxlu turş, meyxoş və ya şirin dənələri olan sərt qabıqlı girdə meyvədir. Yuxarıda adıçəkilən dərədə və ərazidə yabanı halda nar ağacları bitdiyi üçün əhali tərəfindən bu cür adlandırılmışdır.
Narlı dərə oroniminin paralellərinə Ağdam, Qubadlı, Yevlax, Goranboy, Xocavənd, Tovuz və Cəbrayıl rayonlarında da rast gəlmək olar.
Şatut qabağı, Şatut dərəsi, Şatut yeri – birinci oronim, əvvəl qeyd olunduğu kimi, adamların asudə vaxtında toplaşdığı, istirahət etdiyi yerin adını bildirir. Yerin seçilməsi tut ağacının hündür, qollu-budaqlı və yaxşı kölgəsi olması ilə bağlı olmuşdur.
Tut ağ-qara və qırmızıyaçalan növləri olan xırda şirəli meyvə və onun ağacıdır. Xalq arasında ağ tutun bir növü şahtut//şa:tut da adlanır. Samitdən əvvəl “h” farinqal samitinin düşməsi Azərbaycan dili üçün səciyyəvidir. Bu yerdə olan tut ağacının köklü-köməcli ağac olmasına görə adamlar ona şahtut demişlər. Tut Zaqafqaziya və Orta Asiyada geniş yayılmış bitkidir. Bu meyvə ağacının çoxtərəfli tətbiqi özünü göstərir. Ağacın və onun meyvəsinin adı bütün türk dillərində eynidir. Bu fakta əsaslanan E.Quliyev “tut” sözündə iranizm axtaran tədqiqatçıların fikirlərinə qarşı çıxmışdır. Müəllif faktlar əsasında sözün türk mənşəli olduğunu sübut edərək yazır: “Hələ min il bundan əvvəl, Biruni ərəb dilində “firsa:d” kimi ifadə olunan “tut” sözünün daha üç variantının “tut”, “tuc” və “tuz” olduğunu qeyd etmişdir. Bizim fikrimizcə, bu variantlar qədim türk “tüş” sözündəndir və “bar”, “meyvə” anlamındadır” (58; 59, s.128).
R-nun Aşağı Qaraməryəm k. ərazisində Şatut dərəsi adlanan yer vardır. Qeyd edildiyi kimi, Göyçayda ağ tutun bir növü “şatut” adlandırılır. Şatut dərəsi adlanan yerdə ağ tut ağacları çoxluq təşkil edir. Oronim məhz bu səbəbdən Şatut dərəsi adlandırılmışdır.
Zoğallı dərə – dərə yabanı zoğal ağacları ilə zəngin olduğu üçün yerli əhali tərəfindən bu cür adlandırılmışdır.
Zoğal yeməli qırmızı meyvəsi olan bərk oduncaqlı ağac və onun meyvəsinin adıdır. E.Quliyev Q.Voroşilin zoğal fitonimindəki “zoğ” sözünü udin dilindəki eynimənalı zok//zuk sözü ilə eyniləşdirməsinə münasibət bildirərək göstərir ki, bu sözün başqa dillərdə də paralelləri (məsələn, rus dilində suk, fars dilində şaxe) mövcuddur (58; 59, s.121,172). Ə.Dəmirçizadə bu adla tanınan meyvənin qırmızı rəngdə olduğu üçün türk dillərinin bir çoxunda qızıl//kizil adlandığını və buradan da həmin sözün rus dilinə keçərək “kizil” şəklində sabitləşdiyini qeyd etmişdir. Müəllif Azərbaycan dilində də “qırmızı” mənasında “qızıl” sözünün işləndiyini bildirmişdir. Ə.Dəmirçizadə “zoğal” sözünün etimologiyasını izah edərkən dilimizdə “tumurcuq” mənasında işlənən “zoğ” sözü ilə “al bayraq” ifadəsində olduğu kimi “qırmızı” mənasında işlənən “al” sözünün birləşməsindən yarandığını, “xırda tuma oxşar al-qırmızı meyvə” anlayışını ifadə etdiyini göstərmişdir (20, s.73).
Yulğunluq qoruğu, Yulğunluq – r-nun Alpout və Qaraxıdır kəndləri ərazisində qeydə alınmış oronimlərdir. Göyçayda boş və adətən, yulğunun çox bitdiyi baxımsız sahə olmuşdur. Onim burada daha çox olan yulğun bitkisinin adı əsasında formalaşmışdır. Yulğun quraqlığa və şoranlığa davamlı, xırda salxım şəklində çiçəkləri olan çöl bitkisidir. Yulğunluq “yulğun bitmiş yer, yulğun kolluğu olan yer” mənasındadır.
Qaratikanlı dağ. Qaratikanlı yer – hər iki mürəkkəb komponentli oronim Göyçay rayonunun Ərəbcəbirli kəndi ərazisində yerləşir. Dağda qaratikan kolları çoxluq təşkil etdiyindən ərazi belə adlandırılmışdır. Oronim qaratikan kollarının adıçəkilən ərazidə çox olması ilə bağlı yaranmışdır.
Qaratikan iti və möhkəm tikanları olan kol bitkisidir. “Qara” sözü “qaratikan” mürəkkəb sözünün birinci komponentidir və “böyük, iri” anlamındadır. Yuxarıda izahları verilmiş toponimlər Azərbaycanın bütün bölgələri kimi, bir daha Göyçay rayonunun toponimik mənzərəsinin də kifayət qədər zəngin olduğunu göstərir.
Ədəbiyyat:
1. Abbasova M. Tovuz toponimləri haqqında//Azərbaycan onomastikası problemləri. II b., Bakı: APİ, 1988, s. 24-27.
2. Abbasova M.Ə., Bəndəliyev N.S., Məmmədova X.N. Böyük Qafqazın cənub-şərq hissəsinin toponimiyası. Bakı: Elm, 1993, 196 s.
3. Abdullayev B. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Azərnəşr, 1985, 68 s.
4. Axundov A. Torpağın köksündə tarixin izləri. Bakı: Gənclik, 1983, 136 s.
5. Axundov A. Azərbaycan dilinin izahlı lüğəti. (I cildlik). Bakı: Elm, 2005, 452 s.
6. Aslanov V. Azərbaycan dilinin tarixinə dair tədqiqlər. I c., Bakı: Elm, 2002, 155 s.
7. Aydın Paşa. Azərbaycan şəxs adları. Bakı: Maarif, 1996, 208 s.
8. Aydın Abi Aydın. Şəxs adları lüğəti. Bakı: Çıraq, 2002, 400 s.
9. Azərbaycan dilinin izahlı lüğəti. I c. (4 cilddə), Bakı: Azərnəşr, 1966, 595 s.
10. Azərbaycan dilinin izahlı lüğəti. II c. Bakı: Elm, 1980, 576 s.
11. Azərbaycan dilinin izahlı lüğəti. III c. Bakı: Elm, 1983, 555 s.
12. Azərbaycan dilinin izahlı lüğəti. I c. (3 cilddə), Bakı: Çıraq, 1997, 452 s.
13. Azərbaycan Sovet Ensiklopediyası. I c., Bakı: ASE, 1976, 592 s.
14. Azərbaycan Milli Ensiklopediyası. Azərbaycan redaksiyası, Bakı: Azərbaycan Milli Ensiklopediyası, Elm mərkəzi, 2007, 884 s.
15. Azərbaycan toponimləri. Ensiklopedik lüğət. Bakı: ASE, 1999, 588 s.
16. Bayramov A. “Kitabi Dədə Qorqud” və Qafqaz. Bakı: ADPU, 2003, 123 s.
17. Bəşirov K. Ulaş oğlu Salur Qazan. Azərbaycan onomastikası problemləri. IV, Bakı, 1993.
18. Budaqov B.Ə. Qeybullayev Q.Ə. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı: Nafta-Press, Oğuz eli, 1998, 452 s.
19. Dəlili Q.A. XVIII əsrdə Azərbaycanın siyasi həyatında əfşarların mövqeyi haqqında//Azərb.SSR EA Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası. Bakı: EA, 1969, №3, s.129-132.
20. Dəmirçizadə Ə. 50 söz. Bakı: Gənclik, 1968, 104 s.
21. Eyvazova R. Əfqanıstanda türk mənşəli toponimlər. Bakı: Elm, 1995, 243 s.
22. Əhmədov T. El-obamızın adları. Bakı: Gənclik, 1984, 128 s.
23. Əhmədov T. Azərbaycan paleotoponimiyasında qədim leksik-semantik elementlər//Azərbaycan filologiyası məsələləri. II. Bakı: Elm, 1984, s. 169-178.
24. Əliyeva R. Azərbaycan toponimləri (XVIII-XIX əsrlər rus və Avropa səyyahlarının əsərlərində qeydə alınmış Azərbaycan toponimlərinin tarixi-linqvistik təhlili). Bakı: Qanun, 2002, 136 s.
25. Əsgərov N. Areal türk onomastik vahidlərinin linqvistik xüsusiyyətləri. Bakı: Elm, 2005, 485 s.
26. Xalıqov F. Folklor onomastikası. I hissə, Bakı: Elm, 1998, 137 s.
27. İsmayılov Rəşid bəy. Azərbaycan tarixi. Bakı: Azərnəşr, 1993, 163 s.
28. Kaşğari Mahmud. Divanü luğat-it-türk. IV c., Bakı: Elm, 2006, 752 s.
29. Kaşqarlı M. Divanü lüqat-it-türk tercümesi. Ankara: Çevireni Besim Atalay. Türk Tarih Kurumu Basım Evi, I cilt, 1992, 530 s.
30. Kərimova İ. Azərbaycan onomalogiyasının əsasları (Göyçay rayonunun toponimləri əsasında). Dərs vəsaiti, Bakı, ADPU, 2016. 207 s.
31. “Kitabi-Dədə Qorqud” dastanları. Bakı: Yazıçı, 1988, 265 s.
32. “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti. Bakı: Elm, 1999, 203 s.
33. Qasımova S. Türkiyə-Azərbaycan: ortaq kök, ortaq dil, ortaq toponimlər // Onomastika №3, Bakı: ADPU, 2010, s. 27-31.
34. Məmmədov N. Azərbaycanın yer adları (oronomiya). Bakı: Azərnəşr, 1993, 184 s.
35. Məşədiyev Q. Azərbaycan toponimlərinin tarixi-linqvistik təhlili (Qafqaz ərazi və tayfalarının təsviri materialları məcmuəsi (SMOMPK) əsasında). Bakı: Elm və təhsil, 2010, 232 s.
36. Nəbiyev N. Coğrafi adlar. Bakı: Azərnəşr, 1982, 282 s.
37. Paşayeva R. “Dəftəri-müfəssəli-əyaləti-Tiflis”dəki bəzi etnotoponimlər haqqında // Onomastika №1, Bakı: ADPU, 2010, s. 49-51.
38. Ramazanov K.T. Türk dillərində quş adları // Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri. I c., Bakı: Kitab aləmi, 2004, s. 18-74.
39. Rəcəbov Ə., Məmmədov Y. Orxon-Yenisey abidələri. Bakı: Yazıçı, 1993, 400 s.
40. Seyidov M.Ə. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı: Yazıçı, 1983, 496 s.
41. Sümər F. Oğuzlar. Bakı: Yazıçı, 1992, 432 s.
42. Şükürlü Ə. Qədim türk yazılı abidələrinin dili. Bakı: Maarif, 1993, 336 s.
43. Tapdıqoğlu N. Göyçay rayonu və onun toponimiyası. Bakı: Təhsil NPM.
44. Verdiyeva Z. Köməkçi ad kateqoriyaları. Bakı: Maarif, 1990, 225 s.
45. Zahidov Ə. Azərbaycanın bəzi toponimləri. Bakı: Gəncə [Bakı], 1995, 144 s.
46. Erk Yurtsever. Asiyadakı türkce coğrafi adlar derlemesi. Tamğa. Türk Dünyası Araşdırmaları Vakfı. İstanbul: 1993, 156.
47. Yusuf Has Hacib. Kutadgu bilig. İstanbul: Kabalsı Yayın Evi, 2006, 1285 s.
Rus dilində
48. Ажибекова Г.Д. Причины появления лексических поленазмов в современном Казахском языке. Исследования по киргизскому и казахскому языкознания. Фрунзе: 1984.
49. Бакиханов А. К. Гюлистан Ирам. Баку: Элм, 1926, 196 с.
50. Ворошил Г., Асланов В. Исследования по истории азербайджан- ского языка дописьменного периода. Баку: Элм, 1986, 228 с.
51. Гейбуллаев Г.А. К этногенезу Азербайджанцев. Баку: Элм, 1991, 552 с.
52. Герценберг Л.Г. Об исследовании родства алтайских языков. Вопросы языкознания. Москва: 1974, №2, стр. 43-49.
53. Древнетюркский словарь. Ленинград: Наука, 1969, 676 с.
54. Кавказский календарь на 1917. Тифлис: Типографии канцелярии его императорского Величества Кавказа, 1916.
55. Коков Дж. Н. Адыгская (Черкесская) топонимия. Нальчик: Эльбрус, 1974, 316 с.
56. Кононов А.Н. Родословная тюркмен. Сочинение Абул Гази хана Хивинского. Москва – Ленинград: Изд-ства, АН СССР, 1958, 112 с.
57. Кононов А.Н. Семантика цветообозначений в тюркских языках // Тюркологический сборник, 1975, Москва: Наука, 1978, стр.159-179. 2004, 246 s.
58. Кулиев Э. Фитонимы в азербайджанском языке: Автореферат диссертации кандидата филологических наук. Баку: Азербайджанском языке // Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri. I c., 1987, 24 с.
59. Кулиев Э. Фитонимы в Азербайджана. Баку: Kitab aləmi, 2004, s. 121-172.
60. Кулиева К.Ф. Древнетюркский лексический пласт Кубинского и Дербентского диалектов Азербайджанского языка. Автореферат диссертации кандидата филологических наук. Баку: 1989, 26 с.
61. Малов С.Е. Памятники древнетюркской письменности. Москва – Ленинград: Изд-во Акад, Наук СССР, 1951, 357 с.
62. Пагирев Д.Д. Алфавитный указатель в пятиверсткой карте Кавказ-ского края. Топография К.П.Казловского, Тифлис: 1913, 530 с.
63. Радлов В.В. Опыт словаря тюркских наречий. т.,IV, ч.1, Москва: СПБ, 1911, с.1116.
64. Словарь географических названий Киргизской ССР. Фрунзе: Ылым, 1988, 211 с.
65. Койчубаев Е. Неизвестная сущность топонимических компонентов ак, кара, кок, сары / Всесоюзная конференция по топонимике СССР. Тезисы докладов сообщении. Ленинград: 1965.66. Петрушевский И.И. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI вв. Ленинград: 1949, 383 с.
İradə Kərimova,
filologiya ü.f.d., dosent