Göyçay toponimlərinin linqvistik təhlili

Bu gün adları öyrənmək xalqın dili, tarixi, etnik mənşəyi, etnoqrafiyası məşğuliyyət sahələri haqqında təsəvvürü genişləndirir, dünənimizlə bu günümüz arasında mənəvi körpü yaradır.
Şirvan düzünün şimalında, Göyçay çayının sahilində yerləşən Göyçay ş. eyni adlı rayonun mərkəzidir. Şəhərin və rayonun adı çayın adından götürülmüşdür. Göyçay ş.-nin yerində keçmişdə Potu kəndinə məxsus bağların olduğu qeyd edilir (15. s.325). XIII əsrin ikinci yarısında indiki Göyçay ş. nin yerləşdiyi ərazinin meşəlik olması və bu yerin Ərvan adlandırılması söylənilir (39. s.57). Keçmişdə Aran r-rına yol buradan keçdiyinə görə Potu bağları ərazisində karvansara salınmış və mal bazarı olmuşdur. Bazara mallar Potu kəndindən gətirildiyindən ona Potubazar deyilirmiş. Bazar dağıldıqdan sonra onun adı bir müddət də qalmış, sonralar isə bu ad istifadədən çıxmışdır. Sonralar burada poçt məntəqəsi yaradılmış və 1851 ildə məntəqə ətrafında cəmi 5 evin olduğu bildirilir.