Məmmədov Ədalət Əsgər oğlu (7.1.1957, Göyçay ş. – 30.9.2013, Bakı ş.) – AYB-nin üzvü (1998), AJB-nin üzvü (1986), şair, tərcüməçi, AYB-nin mətbuat katibi (2000-2013).
Göyçayda 1 saylı ş. orta məktəbini bitirdikdən sonra ADU-nun Filologiya fakültəsinin axşam şöbəsində təhsilini davam etdirmişdir (1975-83). Eyni zamanda Sumqayıt trestində neft-qaz kimya zavodunda fəhlə işləmişdir (1974-77). Qazaxıstanın Kustanay ş.-də hərbi xidmətdə olmuşdur (1977-79). Ordudan tərxis ediləndən sonra “Qızıl Şərq” mətbəəsində Səttarxan adına Maşınqayırma zavodunda, “Maarif” nəşriyyatında, Qarabağ Xalq Yardımı komitəsində müxtəlif vəzifələrdə çalışmışdır (1979-90). İlk şeirlərini (“Zirvələr” və sairə) 1969 ildə “Azərbaycan pioneri” qəzetində dərc etdirmişdir. 1980 illərdən dövri mətbuatda şeir və tərcümələrlə vaxtaşırı çıxış edir.
İlk ədəbi fəaliyyətinə “Kirpi” jurnalında başlayıb. Bir sıra qəzetlərdə çalışan Əsgəroğlu 2003 ildən ömrünün sonunadək AYB-də mətbuat katibi kimi fəaliyyət göstərib. Şeir və poemaları bir çox xarici dillərə tərcümə edilib, əsərləri bir neçə beynəlxalq mükafata layiq görülüb. Onun “Yaz ilə gələn sevda” (1990), “Mən sənə aşiqəm, dünya!” (1999), “Göyçaydan başlayan ömür yolu” (2000), “Özüm qürbətdə, gözüm Vətəndə” (2000), “Alim və pedaqoq ömrü” (2000), “Sabahını itirməyən adamlar” (2003), “Məmləkətim canım mənim…” (2005), “Dərdimizin qan rəngi” (2009) və s. kitabları oxucuların rəğbətini qazanıb.
Cəlaləddin Rumi 800 (YUNESKO) müsabiqəsinin ali mükafatını almışdır. Şeirləri xarici ölkələrdə çap olunmuşdur.
Mənbə: T.Əhmədov. Azərbaycan yazıçıları (XX–XXI yüzillikdə). Ensiklopedik məlumat kitabı. Bakı, 2011, “Nurlar”, s. 225.