Məzahir Əhmədoğlu (1.6.1950, Göyçay r-nunun Ləkçıplaq k.) – yazıçı-publisist, AJB-nin üzvü, “Qızıl qələm” (1995) və “Ali Media Mükafatı” laureatı (2011).
1966 ildə Göyçay ş. 9 saylı orta məktəbini bitirmiş, 1966-68 illərdə Göyçay ş. Ticarəti İdarəsində satıcı-şagird və Göyçay r-n Mədəniyyət evində fəhlə işləmişdir. 1968-76 illərdə Azərb. LKGİ Göyçay r-n Komitəsində müxtəlif vəzifələrdə işləmiş, həmin dövrlər üçün respublikada ən gənc rəhbər komsomol işçilərindən olmuş, 18 yaşında seçkili orqanın – azad komsomol komitəsinin katibi seçilmişdir.
1977 ildə ADU-nun (indiki BDU) Jurnalistika fakültəsini bitirmişdir. 1977 ilin yanvar ayından 1991 ilin yanvar ayına kimi Göyçay r-nunda nəşr olunan “Yeni həyat”(indiki “Göyçay”) qəzetində ədəbi işçi, şöbə müdiri və məsul katib vəzifələrində işləmişdir. “Yeni həyat” qəzetinin nəzdində fəaliyyət göstərən və böyük xalq şairi Rəsul Rzanın fəxri sədr olduğu Əli Kərim adına Poeziya Klubuna rəhbərlik etmiş, klubun icraçı katibi kimi onlarla gənc yazarın yetişməsində böyük xidmətləri olmuşdur.
Eyni zamanda 1990 ildə “Azərinform”un xüsusi müxbiri kimi də fəaliyyət göstərmişdir. 1991 ildə Azərbaycan KP MK.-nın “Kənd həyatı’’ jurnalında xüsusi müxbir, 1991-92 illərdə “Kənd həyatı” jurnalının bazasında yaradılan “Biznes” qəzetində xüsusi müxbir, 1993–2007 illərdə “Ədalət” qəzetində Şirvan və Şəki-Zaqatala bölgələri üzrə müxbir işləmişdir. 2007 ilin mart ayından “Ədalət” qəzeti baş redaktorunun regionlar üzrə müavinidir, 1986 ildə SSRİ Jurnalistlər İttifaqına qəbul olunmuşdur. Mətbuatda çalışdığı illər ərzində dəfələrlə fəxri fərmanlar və tərifnamələr almışdır.
Ədəbi yaradıcılığa şeirlə və publisistik yazılarla başlamışdır. Bunlarla yanaşı, 2004 ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasına həsr edilmiş yüzlərlə məqalənin müəllifidir. Bu istiqamətdəki fəaliyyətinə görə bir neçə rayon icra hakimiyyətləri tərəfindən fəxri fərmanlara layiq görülüb.
“Uembli arayışı” kitabı 2011 ildə Azərb. Resp.-sı Mətbuat Şurasının xüsusi tövsiyəsi əsasında nəşr olunmuşdur. Həmin kitab BDU-nun Jurnalistika fakültəsinin 2012 il buraxılışında diplom müdafiəsi siyahısında yer alaraq yeni bir vəsait kimi istifadə edilmişdir.
Azərb. publisistikasının ən dəyərli nümunələrindən sayılan yazılarının bir qisminin toplandığı “Metamorfoz” adlı kitabı 2015 ildə nəşr olunub. Mətbuatda Məzahir Əhmədoğlu və Məzahir Əhmədzadə imzaları ilə çıxış edir.
Məlumat A.Məmməddən alınıb.