(21.6.1940, Göyçay r-nunun Hacalı k.-) – ictimai-siyasi xadim, millət vəkili (2010-20), Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti.
1953 ildə Hacalı kənd 7 illik məktəbini bitirib, 1953-58 illərdə Göyçay Pedaqoji texnikumunda təhsil alıb. Pedaqoji texnikumu bitirdikdən sonra 1958-61 illərdə Göyçay r-n Çaxırlı kənd məktəbində müəllim
işləyib. 1961-66 illərdə Azərb. Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsində təhsilini davam etdirmiş, eyni zamanda, Bakının 7 və 25 saylı orta məktəblərində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
1966-79 illərdə Resp. Həmkarlar İttifaqı Yeyinti Sənayesi İşçilərinin Həmkarlar Komitəsinin Fioletov adına klubunun direktoru vəzifəsində çalışmışdır. 1981-82 illərdə Yazıçılar İttifaqının Şüvəlandakı Yazıçılar Evinin direktoru, 1982-85 illərdə Mədəniyyət Nazirliyi nəzdində “Azərattraksion”un baş direktoru, 1985-89 illərdə isə “Nizami” kinoteatrının direktoru vəzifələrində işləmişdir.
1990-98 illərdə Rusiya-Amerika Universitetinin Azərbaycan bölməsinin baş direktoru vəzifəsində işləmiş, Universitetin uğurlu fəaliyyəti sayəsində ölkə miqyasında əhalinin ərzaq təminatına öz töhfəsini vermişdir.
Babası Hacı Rəhim Əfəndinin 1891 ildə Qaraman k.də inşa etdiyi Hacı Rəhim Əfəndi məscidini 1991 ildə yenidən əsaslı şəkildə bərpa etdirib. 1992-98 illərdə Göyçay r. məktəblərində təhsil alan 150-dən çox əlaçı şagirdi hər ay ödəmək şərti ilə təqaüdlə təmin etmişdir.
Elxan Süleymanov Ulu Öndər Heydər Əliyevin tövsiyəsi ilə yaradılmış Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasını (AVCİYA) təsis edərək onun prezidenti vəzifəsində fəaliyyətə başlamışdır. 20-yə yaxın QHT-ni, Heydər Əliyev İrsini Araşdırma Mərkəzini və Mərkəzdə yaradılmış, 52 dildə fəaliyyət göstərən “Heydər Əliyev İrsi” Beynəlxalq Elektron Kitabxanası birləşdirən bu Assosiasiya ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı, torpaqlarımızın işğaldan azad edilməsi, qondarma siyasi məhbus probleminin həlli və digər istiqamətlərdə bir çox beynəlxalq və respub. səviyyəli tədbirlər həyata keçirmiş və bu gün də uğurla fəaliyyət göstərməkdədir (Bax: AVCİYA).
2010-20 illərdə Şamaxının millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, AŞPA-nın Monitorinq Komitəsinin, Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin, Siyasi Məsələlər və Demokratiya Komitəsinin üzvü, 2010-15 illərdə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, bir neçə Komitənin üzvü olmuş Elxan Süleymanovun diplomatik-siyasi səyləri nəticəsində ölkəmizin mənafeyini əks etdirən bir çox sənədlər, o cümlədən Sərsəng su anbarı ilə bağlı hazırladığı “Mülki insanları qəsdən sudan məhrumetmə” adlı sənəd əsasında AŞPA 2085 saylı qətnamə qəbul edib. Bu qətnamə ilə, bir tərəfdən beynəlxalq təşkilatın diqqəti baş verə biləcək böyük ekoloji fəlakətə yönəldilib, digər tərəfdən işğaldan sonrakı 25 il ərzində ilk dəfə “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər əraziləri” müddəası nüfuzlu beynəlxalq təşkilatın rəsmi sənədində təsbitlənib. E.Süleymanov AvroNest PA-da Azərb. nümayəndə heyətinin rəhbəri, olarkən Şərq Tərəfdaşlığı proqramının üzvü olan ölkələrin ilk sessiyasının 2012 il 2-4 apreldə Azərbaycanda, Bakıda onun rəhbərliyi ilə keçirilməsinə nail olmuşdur.
Göyçay-Qaraman yolunun çəkilişi, əsası babası Hacı Rəhim Əfəndi tərəfindən qoyulmuş
Qaraman kənd məktəbinin yenidən əsaslı bərpası, Hacı Rəhim Əfəndi məscidinin inşası, Göyçay şəhərində İsmət Qayıbovun, Əli Kərimin heykəllərinin ucaldılması, Şəhidlər xiyabanının salınması, orduya, şagird və tələbə gənclərə maddi yardım E.Süleymanovun xeyriyyəçilik fəaliyyətinin bir qismidir.
Elxan Süleymanov Şamaxı r-nunun Məlcək və Ərçiman k.-də öz hesabına məktəblər tikdirmiş, Azərbaycanın görkəmli şairi S.Ə.Şirvaninin qəbirüstü abidəsini əsaslı şəkildə yenidən qurmuş, suya ehtiyacı olan 12 kəndə su çəkdirmişdir. Onun təşəbbüsü ilə 9 il Sabir qiraət müsabiqəsi keçirilmiş və 100-dən artıq qalib şagirdə aylıq təqaüd verilmişdir. Bundan başqa 600-dən artıq bal toplamış 60-dan artıq tələbəni ali məktəbi bitirənə qədər hər ay təqaüdlə təmin etmişdir. 2015 ildə Elxan Süleymanovun təşəbbüsü və rəhbərliyi ilə “Şamaxı ensiklopediyası” nəşr edilib.
E.Süleymanovun rəhbərliyi ilə ölkəmizin tarixinə və mədəniyyətinə, Şamaxı, Xocalı soyqırımlarına, Qarabağ həqiqətlərinə, Ümummilli lider Heydər Əliyevin və müzəffər Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətinə həsr olunmuş yüzlərlə kitab nəşr edilərək, dünyanın nüfuzlu təşkilatlarına göndərilmişdir.
Son dövrdə Göyçayın tarixinə və mədəniyyətinə, görkəmli şəxsiyyətlərinə aid “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi. Göyçay döyüşləri (iyun-iyul 1918); “Göyçay döyüşləri – Türkiyə tarixşünaslığında”, “Göyçay tarixi” kitabları, “Göyçay ensiklopediyası” nəşr olunaraq ictimaiyyətə təqdim edilmişdir.
İctimai xadim və millət vəkili kimi dövlətçilik üçün gördüyü çoxcəhətli fəaliyyətinə Azərbaycan Respublikası Prezidenti tərəfindən yüksək qiymət verilmiş, dövlət başçısının fərmanı ilə Elxan Süleymanov 2011 ildə “Şöhrət” Ordeni və Prezidentin Fəxri Diplomu ilə təltif edilmişdir.
Məlumat E.Süleymanovdan alınıb.